Dörd gündən sonra gürcülər ya avropalı olmağa qərar verəcək, ya da...
22-10-2024, 13:52 89 dəfə baxılıb
Üstəlik, siyasi partiyaların seçki ərəfəsi reytinqi ilə bağlı keçirilən sorğular da elə də ürək açmır, demək olar, bütün soruğularda hakim partiya öndədir. Amma sıravi insanlar da, dünyanın demokratik mərkəzləri də, elə gürcü müxalifətinin özü də ümidlərini itirmir və artıq İvanişvili komandasının sonunun çatdığını güman edirlər.
Nəyə ümid edir onlar? Deyərdik ki, əsasən Qərbin "sehrli siyasi çubuğu”na! Amma bu dəfə də işləyə biləcəkmi bu "çubuq”? Doğrusu, yaxın müddət üçün elə ümidli deyilik, çümki ən güclü "sehrli çubuq” gürcü seçicilərinin – vətəndaşlarının sərəncamındadır, amma onlar hələ bunu işə salmağı düşünmür və sakitcə gürcü hakimiyyətinin onların son illərdəki ən böyük nailiyyətinin – Avropa strukturlarına inteqrasiya sahəsində əldə etdikləri nailiyyətlərin üstündən necə xətt çəkdiyini seyr edirlər...
Doğrusu, bəndəniz, öz dərdi-sərimiz azmış kimi, Gürcüstanın problemləri üzərində çox düşünür, hərçənd, indi Avropa, ümumiyyətlə, Qərb təkcə Tiflislə böhran yaşamır, Azərbaycan-Avropa müstəvisində də soyuq küləklər əsir. Düşünürük ki, Gürcüstanın misalında problem bəlkə daha dərindir? Bəlkə gürcülər Avropa və avro-sentrizmlə bağlı bir növ məyusluq yaşayırlar? Mitinqdə gürcü prezidenti xanım Salome Zurabişvili dedi ki, onun nəvəsi dünyaya gəlib və adını da Qabriel qoyublar. Qabriel, səhv etmirəmsə, fransız mənşəli addır və buna görə də bu detal mənə çox maraqlı və hətta simvolik göründü. Düşündüm ki, əcəba, bəlkə gürcülər Qabriel olmaq yox, Şota kimi qalmaq istəyirlər? Axı bu kiçik xalq da böyük Avropanın içində ərimək istəmir! Amma o da var ki, onları Avropada belə təhlükə gözləyirmi? Düşünmürük və elə bu səbəbdən gürcülərin avropaçılıq konteksində əslində nə düşündüklərini hələ yəqinləşdirə və qəti bir nəticəyə gələ bilmirik. Bəlkə onlar da daha "sərbəst” olmaq, bəzi kiçik dövlətlər kimi dünyanın böyük geosiyasi qütbləri arasında "manevr” etmək istəyir? Axı bəzi geosiyasi təhlilçilərin qənaətinə görə, Gürcüstan da bir geosiyasi qütbə proyeksiya olunmağı yox, "geosiyasi ticarət” yapmağı düşünür! Ola bilər, amma bu vaxta qədər gördüyümüz budur ki, bu cür "ticarət”dən son halda heç də millətlər deyil, hakimiyyətlər udurlar.
Bilirsiniz, bəzən belə fikirlər səslənir ki, dünya böyükdür, o, təkcə Avropadan və ya Qərbdən ibarət deyil, üstəgəl, ən azı iqtisadi-texnoloji inkişaf da yalnız Qərbdə cəmləşməyib – dünyanın Çini, Rusiyası, nə bilim, ŞƏT-i, BRİCS-i, Avrasiya İqtisadi Birliyi, KTMT-si var! Bəli, formal məntiq baxmından belədir. Amma iki detal deyəcəm.
Tayvan da çinlilərdən təşkil olunub, fəqət onlar Çinlə bir olmaq istəyirlərmi? Yox, yox, yenə də yox, çünki Çin böyük və çox varlı ölkədir, amma azad ölkə deyil, çinlilər gecə yatanda da Maonun kiçik kitabçasını başları altına qoyur, "yaşasın yoldaş Si!” deyirlər! Və yaxud da ukraynalılar Rusiya ilə birlikdə olmaq istəyirlərmi, axı onlar da slavyandırlar!..
Məsələ bundadır ki, qəti istəmirlər və Rusiya ilə Ukrayna arasındakı bu müharibə heç də on il bundan əvvəl, ya da Krımın Moskva tərəfindən anneksiyasından sonra başlamayıb, ukryanalılar bəlkə də yüz illərdir "kaçap”larla (səhv etmirəmsə, onlar rusları belə adlandırır!) mübarizə aparırlar!
Odur ki, Avropa, Qərb hələ də cazibəsini itirməyib, çünki yalnız mədəsini düşünənlər üçün Asiyada da, Şərqdə də pis keçmir, amma ürəyini və beynini düşünənlər Qərbə, Avropaya can atırlar. Ümid edək ki, bu məkan qonşu Gürcüstançün də cazibəsini itirməyib, həftəsonu keçiriləcək seçkilərdə avropalı olduqlarını sübut edəcəklər və vaxtilə, sovetin çağlarında Con Lennonun ölümünə matəm saxlamalarının bir siyasi nadinclik, xüsusən də lovğa görüntü olmadığnı sübut edəcəklər.
Əlbəttə, Avropa siyasətçilərilə də asan deyil, amma, vallah, Şərqdə birinci olmaqdansa, guya hansısa "ilk”lərə imza atmaqdansa, Avropada axırıncı olmaq daha məsləhətdir və düşünürük, gürcülər bunun fərqindədir.
Hələliksə, gürcü müxalifəti ümidlərlə yaşayır, hakimiyyətisə oyun oynayır – bəli, "Gürcü arzusu” hakimiyyəti sonuncu "3+3” tədbirində də iştirak etmədi, guya bunlar Rusiyaya, Kremlə fors edirlər, halbuki yatanda da üzlərini Moskvaya tərəf çevirib yatırlar. Üzdə isə özlərini elə göstərirlər, guya bunların Rusiyayla "problemləri” var və nəzərə almırlar ki, beləcə Qərbin dəstəyindən məhrum olsalar, Rusiya onları da bir gün "hop” edib udacaq./qaynarinfo.az/
Xəbəri paylaş