Baydendən Suriyanın yeni rəhbərliyinə “yaşıl işıq” – Ağ Evdən Əsəd açıqlaması

 
9-12-2024, 13:30            74 dəfə baxılıb
ABŞ Prezidenti Co Bayden Suriya rəhbəri Bəşər Əsəd rejiminin devrilməsini “ədalət aktı” adlandırıb.
 Qərb mediası xəbər verir ki, Bayden Suriyada hazırkı vəziyyətin qeyri-sabit və risklərlə dolu olduğunu etiraf edərək, keçid dövründə region ölkələrinə və Suriyaya kömək edəcəyini vəd edib.
ABŞ Prezidenti Əsədin harada olması ilə bağlı hələlik dəqiq məlumatı olmadığını bildirib, lakin Əsədin Moskvada olması ilə bağlı xəbərlərin olduğunu qeyd edib. Keçmiş Suriya liderinin Rusiyadan sığınacaq alması faktını daha əvvəl TASS Kremldəki mənbəyə istinadən yayıb.
Bayden qeyd edib ki, Əsədin müttəfiqləri – Rusiya, İran və radikal Livanın Hizbullah hərəkatı Suriyadakı vətəndaş müharibəsi zamanı ilk dəfə ona kömək edə bilməyib. ABŞ Prezidentinin fikrincə, bu, həm də ona görədir ki, ABŞ və onun müttəfiqlərinin siyasəti Moskva və Tehranın zəifləməsinə səbəb olub.
Bayden qeyd edib ki, indi Suriya xalqı qarşısında tarixi fürsət açılır. Eyni zamanda o, indi hakimiyyətə gələn müxalif qüvvələrin keçmişdə terror fəaliyyətində, insan haqlarının pozulmasında iştirak etdiyini vurğulayıb. Xüsusilə də müxalifətin son hücumunda əsas rol oynamış “Həyat Təhrir əl-Şam” qruplaşması hələ də ABŞ hakimiyyəti tərəfindən terrorçu kimi tanınır. Bayden Vaşinqtonun müxalifət liderlərini əməllərinə görə qiymətləndirəcəyini qeyd edib və ABŞ-nin keçid dövründə Suriyaya yardım etməyə hazır olduğunu vurğulayıb. Birləşmiş Ştatlar Suriyanın regional qonşularına da kömək etməyə hazırdır.
ABŞ dövlət katibi Entoni Blinken isə deyib: “Biz Əsəd rejimini və onu dəstəkləyənlərin Suriya xalqına qarşı törədilən vəhşiliklərə, o cümlədən kimyəvi silahdan istifadəyə görə məsuliyyət daşıması üçün beynəlxalq səyləri dəstəkləyəcəyik”. O, həmçinin qeyd edib ki, Birləşmiş Ştatlar hakimiyyətin suriyalılara cavabdeh olan hökumətə sülh yolu ilə keçməsini dəstəkləyir və bölgədəki prosesləri izləyəcək.
Suriyada “İslam Dövləti” terror qruplaşması ilə mübarizə aparmaq üçün Amerika kontingenti var. ABŞ hərbçilərinin yerləşdiyi ərazi, PKK-nın digər qolu PYD qruplaşmasının idarə etdiyi silahlı qrupun nəzarətindədir. Əsədi devirən qüvvələr isə müxalifətin bir çox qanadına aiddir və onların bir çoxu Türkiyə tərəfindən dəstəklənir. İsrail də Əsəd rejiminin süqutunu alqışlasa da, Suriyadakı vəziyyətdən narahatlığını ifadə edir. Bayden bildirib ki, İsrail ABŞ-yə İsrail ordusunun Qolan təpələrində bufer zonasını işğal edəcəyi barədə xəbərdarlıq edib. 



Xəbəri paylaş


 
 


Xəbər lenti