Qazaxıstan mühüm dəyişikliklər astanasında - Tokayev “kəmərləri sıxmağı” tələb etdi

 
28-01-2025, 13:11            68 dəfə baxılıb
Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev ölkə hökumətindən total qənaət rejiminə keçməyi və vəsaiti yalnız ən aktual problemlərin həllinə sərf etməyi tələb edib.
Musavat.com-un yerli mətbuata istinadən xəbərinə görə, prezident bu tapşırığı Astanada keçirilən hökumət iclasında verib.
"Nə qədər çətin olsa da, hökumət ümumi qənaəti təmin etməli və vəsaitləri yalnız ən aktual problemlərin həllinə xərcləməlidir. Bu isə kəmərlərimizi sıxıb öz imkanlarımız daxilində yaşamaq vaxtı çatıb deməkdir", - Tokayev bildirib.
O bəyan edib ki, Qazaxıstan Milli Bankı "müstəqillik və muxtariyyət" siyasətindən əl çəkməli və inflyasiyanın artmasının qarşısını almaq üçün hökumətlə fəal əməkdaşlıq etməlidir:
"Ümumiyyətlə, inflyasiyanın cilovlanması hökumətlə sıx əməkdaşlıq şəraitində həyata keçirilməli olan son dərəcə vacib vəzifədir. Əvvəlki "biz müstəqilik, özümüzü təmin edirik" münasibəti artıq işləmir. Çünki vəziyyət qeyri-adidir. Milli Bank öz mandatına uyğun olaraq öz işini aparır. Bu, aydındır. İş indiki rejimdə aparılır, amma suallar, təbii ki, qalır. İlk növbədə, insanları bankın maliyyə göstəricilərinin qeyri-sabitliyi narahat edir. Milli valyuta ekspertləri ABŞ dollarının möhkəmlənməsi və valyutanın sabitliyinin təmin edilməsi ilə əlaqədar təngənin məzənnəsinə təzyiq gözləyirlər".
Qeyd edək ki, Qazaxıstanda 2024-cü ilin dekabrında inflyasiya illik müqayisədə 8,6 faiz olub. Halbuki noyabrda göstərici 8,4 faiz təşkil etmişdi. Milli Bank ortamüddətli perspektivdə inflyasiyanın 5 faiz civarında sabitləşdirilməsini hədəfləyir.
Tokayevin keçirdiyi iclasda həmçinin vergi dərəcələrində gözlənilən dəyişikliklər müzakirə olunub. Baş nazir Oljas Bektenov iclasdakı çıxışında bildirib ki, Qazaxıstan hökuməti əlavə dəyər vergisi dərəcəsinin artırılmasını, eyni zamanda sosial vergiləri və işəgötürənlərin pensiya haqlarını ləğv etməyi zəruri hesab edir:
"Əsas vergi yükü əmək haqqı fondunun üzərinə düşür, ona görə də maya dəyərini bahalaşdırır. Məhsul rəfə çatmamış sahibkar vergilərin əsas hissəsini ödəməyə məcbur olur. Hökumət əməkhaqqı fonduna yükü azaltmağı təklif edir. Bunun üçün ƏDV dərəcəsini artırmaq, eyni zamanda işəgötürənlər tərəfindən sosial müavinətləri və məcburi pensiya ödənişlərini azaltmaq lazımdır".
Baş nazirin müavini və milli iqtisadiyyat naziri Serik Jumanqarinin verdiyi məlumata görə, vergi islahatı çərçivəsində hökumət sosial vergiləri və məcburi pensiya ödənişini ləğv etməklə "əmək haqqı fondunun yükünü orta hesabla 10 faizdən 30 faizə qədər əhəmiyyətli dərəcədə azaltmağı" vəd edir:
"Təbii ki, dövlətin problemlərini yalnız vergiləri artırmaqla həll etmək səhv olardı. ƏDV dərəcəsinin artırılması ilə əlaqədar sahibkarlar təbii ki, əlavə xərclər çəkəcək. Dövlət onları kompensasiya etməyə hazırdır". Onun sözlərinə görə sosial vergi yerli büdcələr üçün əsas gəlirdir, buna görə də “Qazaxıstanın vergi sistemi yenidən balanslaşdırılacaq".
Hökumət həmçinin ƏDV-nin qeydiyyatı üçün həddi indiki 78 milyon tengedən 15 milyon tengəyə endirməyi təklif edir. Baş nazirin müavininin sözlərinə görə, bu gün kiçik və orta sahibkarlığın 80 faizi bu çərçivədə fəaliyyət göstərir. Həmçinin ƏDV dərəcəsinin artırılması və ƏDV üzrə qeydiyyat həddinin aşağı salınması nəticəsində büdcənin gəlir hissəsi əhəmiyyətli dərəcədə - "təxminən 5-7 trilyon tenge" artırıla bilər:
"Bu, bizə inkişaf büdcəsini indiki 8 faizdən 20 faizə çatdırmağa imkan verəcək".
İclasda planlaşdırılan ƏDV dərəcəsi açıqlanmayıb.
Qazaxıstan prezidenti hökumətin vergi islahatı təşəbbüsünü ilkin təsdiqləyib, lakin bir sıra məsələlər üzrə əlavə iş görməyə çağırıb:
"Cəmiyyətə, əhaliyə izahat vermək lazımdır. Məsələn, sosial vergi. Biz onu necə idarə edəcəyik? Bütün bunları müzakirə etmək və bu islahatın necə həyata keçirilməsi üzərində düşünmək lazımdır. Ümumiyyətlə, zəruridir, mən razıyam, amma bunu müzakirə etmək və öyrənmək lazımdır. Təsdiq edirəm ki, islahatlara ehtiyac var. Amma indi qarşımızda Milli Fonddan transfertlərin azaldılması, onun yığım funksiyasının gücləndirilməsi vəzifəsi durur. Yığılan vəsait iri infrastruktur layihələrinin maliyyələşdirilməsinə yönəldilməlidir. Beləliklə, funksiyanı gücləndirmək lazımdır. Dövlətin inkişafının bu nöqtəsi, xüsusilə də sosial vergi olmalıdır, hələ bunun üzərində diqqətlə işləmək lazımdır".



Xəbəri paylaş


 
 


Xəbər lenti