Əvəz Zeynallı ilə bağlı Avropa Məhkəməsinə müraciət ediləcək

 
11-10-2022, 11:21            131 dəfə baxılıb
Vəkili Aqil Layıc: “Hazırda istintaq hərəkətləri aparılmır”

Yaxın günlərdə bir qrup jurnalist, hüquq müdafiəçisi, yazıçı və şair jurnalist Əvəz Zeynallı ilə bağlı ölkə prezidentinə müraciət ediblər. Onlar ölkə başçısından Əvəz Zeynallının ev dustaqlığına buraxılmasını, ən yaxşı halda isə həbsdən azad edilməsini xahiş ediblər.

Yada salaq ki, rüşvətalma ittihamı ilə Əvəz Zeynallı ilə birlikdə həbs edilən, bu prosesdə vasitəçi olmaqda suçlanan vəkil Elçin Sadıqov azadlığa, daha dəqiqi, ev dustaqlığına buraxıldı. Vəkili Əvəz Zeynallıya qarşı ifadə verdiyinə görə azadlığa buraxıldığına dair iddialar da var idi, ancaq E. Sadıqov bunları rədd etdi, bildirdi ki, istintaqa ancaq həqiqətləri deyib.

Hazırda jurnalistin məhkəmə işində yeniliklər varmı? Səhhəti necədir? Yeri gəlmişkən, jurnalistin xanımı Məlahət Zeynallı yeni təkliflə çıxış edib - hər gün bir tanınmış jurnalist efir aparsın...

Suallarla bağlı ilk olaraq Əvəz Zeynallının vəkili Aqil Layıcla əlaqə saxladıq. O, “Yeni Müsavat”a ded ki, hazırda istintaq hərəkətləri aparılmır: “İstintaq hərəkətlərində donma var. Ona görə bizim üçün də istintaqın yekunları qeyri-məlumdur”.

Vəkil əlavə edib ki, jurnalistin səhhətində problemlər var: “Onun ağır şəkər xəstəliyi var. Bu həftə yanına gedəcəyəm. Ailəsi ilə görüşməyinə də icazə verilmir, hazırda buna məhdudiyyət qoyulub”.
Vəkillər Kollegiyasında vəkil Aqil Layıc barәsindә intizam icraatı başlanıb
Aqil Layıc

Vəkil deyib ki, apelyasiya şikayəti təmin olunmadığına görə Avropa İnsan Haqları Məhkəməsinə müraciət ediləcək: “Hələ ki apelyasiyanın qərarını almamışıq. Alan kimi verəcəyik. Yəqin ki bu həftə verəcəyik”.

Jurnalistin həyat yoldaşı Məlahət Zeynallı ilə də əlaqə saxladıq: “Hazırda Əvəz bəyin yanına gəlmişəm. Həftədə bir dəfə yemək gətirməyə icazə verirlər. Çox narazıyam, əsəbiyəm. Kimsə nə vaxtsa burada qaydalar qoyub. Adama 5 litrdən artıq su buraxmırlar. Bu da bir həftəlikdir. İnsan orqanizmi normalda günə bir litr, litr yarım su tələb edir. Bir həftəyə 5 litr su olar?! O dərəcədə absurd qaydalar qoyublar. Üstəlik, görüşə icazə verilmir. Hələ ki vəkillər görüşür. Əgər alınmasa, bununla bağlı məhkəməyə müraciət edəcəyik”.

Jurnalistin xanımı bu həftədən yeni başlayacaq layihədən də söz açıb: “Elan vermişdim ki, jurnalistlər öz istəyi ilə Əvəz Zeynallının verilişini aparsınlar. Əvəz bəy özü burada olmasa da, onun yeri həmkarları ilə dolacaq. Müraciət edənlər çoxdur, adlarını açıqlamaq istəmirəm. Amma bu həftə üçün limit artıq dolub. Jurnalistlər öz studiyaları kimi gəlib burada iştirak edəcəklər. Nə qədər müraciət var, efirləri onlar arasında böləcəyik. Oktyabrın 11-dən layihəyə başlanır, 15:00 və 17:00-da yayımlanacaq”.

Məlumat üçün bildirək ki, “Xural” TV-nin rəhbəri, jurnalist Əvəz Zeynallı 2022-ci il sentyabrın 10-da külli miqdarda rüşvət almaq ittihamı ilə tutulub, sentyabrın 21-də ona vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə (nüfuz alveri) ittihamı da irəli sürülüb.




Xəbəri paylaş


 
 


Xəbər lenti