Ədliyyə işçiləri Vətən müharibəsi şəhidlərinin xatirəsini ən dərin ehtiramla yad edirlər
22-11-2022, 13:11 150 dəfə baxılıb
Ötən əsrin sonlarında Ermənistanın Azərbaycanın tarixi torpaqlarına ərazi iddiaları ilə başlayan hərbi təcavüzü ərazilərimizin işğalı ilə nəticələnmiş, itirilmiş torpaqlarımızın danışıqlar yolu ilə həllinə otuz il ərzində nail olunmamış, əksinə, mənfur düşmən ölkəmizə qarşı təxribatlarını daha da intensivləşdirmişdi. Ermənistanın artan hərbi təxribatlarına cavab olaraq 2020-ci il sentyabrın 27-də əks-hücum əməliyyatları ilə başlayan Vətən müharibəsi Azərbaycan torpaqlarının azad edilməsi üçün yeni mərhələnin başlanğıcı oldu. Bu, həm də Azərbaycan xalqının torpaqların qaytarılması arzusundan irəli gəlirdi.
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müharibənin ilk günlərindən tarixi torpaqlarımızı, strateji ərazilərimizi və yüksəkliklərimizi işğaldan azad edən rəşadətli Azərbaycan Ordusu daha da ruhlanaraq 44 gün ərzində Qarabağ torpaqlarında mərdliklə vuruşaraq əsl qəhrəmanlıq dastanı yazdı. Döyüş meydanında şanlı tarix yazan Azərbaycan Ordusu ermənilərin 30 il ərzində qurduğu istehkamları qısa müddətdə darmadağın edərək uğurlu əks-həmlə əməliyyatları ilə 8 Noyabr - Zəfər Gününə gedən yolu günbəgün yaxınlaşdırırdı. Azərbaycanın hərb sahəsində qazandığı qələbələr, xüsusilə Şuşanın düşmən əsarətindən qurtarılması əməliyyatı müharibənin taleyində həlledici rol oynadı. Beləliklə, yağı düşmən üzərində cəmi 44 gün ərzində şanlı Qələbə çalan Azərbaycan xalqı özünün qalib xalq olduğunu bütün dünyaya sübut etdi.
Qırx dörd gün ərzində Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı və bu gün Zəfər bayramı kimi qeyd etdiyimiz 8 noyabr tarixində Qarabağın tacı olan Şuşa şəhəri işğaldan azad edildi. Azərbaycan Prezidentinin döyüş meydanı ilə yanaşı, siyasi müstəvidə yenilməz və qətiyyətli iradəsi, sərkərdəlik qabiliyyəti sayəsində Ermənistanı diz çökdürülərək kapitulyasiya aktını imzalamağa məcbur edildi. Bununla da Ağdam, Kəlbəcər və Laçın rayonlarının qan tökülmədən Azərbaycana qaytarılmasına nail olundu.
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin daxili-xarici siyasəti, dərindən düşünülmüş hərbi strategiyası, döyüş əməliyyatlarının məharətlə həyata keçirilməsi, vəziyyəti nəzarətdə saxlamağa imkan verən döyüş taktikası erməni faşizmini iflasa uğratdı. Azərbaycan xalqının əzmi və iradəsi, iqtisadi gücü, müasir ordu quruculuğu və xalq-iqtidar birliyi ölkəmizin Qələbəsini təmin edən ən mühüm amil oldu.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 3 dekabr tarixli Sərəncamı ilə xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən, dövlətimizin nüfuzu və gələcək inkişafı baxımından müstəsna əhəmiyyət kəsb edən bu misilsiz Qələbənin əbədiləşdirilməsi məqsədilə noyabrın 8-i ölkəmizdə Zəfər Günü elan edildi. Zəfər Günü Azərbaycan xalqının tarixinin ən qürurlu, fəxarətli günüdür.
Dövlətimiz, xalqımız və Ordumuzla həmrəylik nümayiş etdirən ədliyyə işçiləri də 44 günlük Vətən müharibəsində yaxından iştirak edib, fədakarlıq göstəriblər. Nazirlik tərəfindən, həmçinin xarici dövlətlərin ədliyyə nazirlərinə, tərəfdaş olduğu və ya əməkdaşlıq etdiyi nüfuzlu beynəlxalq təşkilatlara Ermənistanın işğalçılıq siyasəti, müharibə və insanlıq əleyhinə cinayətləri barədə 400-dən çox müraciətlər ünvanlanıb.
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin yüksək sərkərdəlik qabiliyyəti və Ordumuzun rəşadəti sayəsində bu gün qalib ölkənin vətəndaşları kimi Zəfər Gününü qeyd edən ədliyyə işçiləri Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda canını fəda etmiş Vətən müharibəsi şəhidlərinin ruhu qarşısında baş əyir, onların xatirəsini ən dərin ehtiramla yad edirlk.
Ramiz Hümmətov
31 saylı Notariat ofisinin xüsusi notariusu
Xəbəri paylaş