Naxçıvanın generalları “xanın sirləri”nin güdazına gedib - daha biri azadlığa çıxır
23-12-2022, 10:47 144 dəfə baxılıb
Muxtar respublikanın həbsdə olan sabiq daxili işlər naziri Əhməd Əhmədovun şikayətinə Ali Məhkəmə baxacaq; hüquqşünas: “Vasif Talıbov bu yolla sirlərini ört-basdır etməyə çalışıb”
Naxçıvanın sabiq daxili işlər naziri general-leytenant Əhməd Əhmədovun kasasiya şikayəti üzrə şikayət icraata verilib. APA-nın əldə etdiyi xəbərə görə, sabiq nazirin şikayəti Ali Məhkəmənin hakimi Ələsgər Novruzovun icraatına verilib. Kasasiya şikayətinə baxışla bağlı iclas 2023-cü il yanvarın 11-nə təyin edilib.17 il Naxçıvanın daxili işlər naziri olmuş Əhməd Əhmədov 2020-ci ildə vəzifəsindən azad edilib, həmin il Bakıda saxlanılaraq həbs edilib. Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsinin hökmü ilə Əhməd Əhmədov xüsusilə külli miqdarda mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə, rüşvət alma və vəzifə səlahiyyətlərini aşma maddələri ilə təqsirli bilinərək 11 il müddətinə azadlıqdan məhrum edilib.
Naxçıvan Muxtar Respublikasının sabiq milli təhlükəsizlik naziri Vəli Ələsgərov isə sentyabrda azadlığa buraxılıb. General-mayor Vəli Ələsgərov 15 il Naxçıvan MR-in milli təhlükəsizlik naziri olub. 2016-cı ildə həbs edilib, bu ilin sentyabrında azadlığa buraxılıb. O, bu günlərdə mediaya açıqlamasında həbsi ilə bağlı bunları deyib: “Bu barədə geniş danışmaq istəmirəm. Zamanla kimin kim olduğu ortaya çıxacaq. Kimin haqlı, kimin haqsız olduğu bilinəcək. Mən hər zaman Azərbaycan dövlətinin maraqlarını hər şeydən üstün tutmuşam. Bir daha deyirəm, zamanla hər şey aydın olacaq”.
Naxçıvanın sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun istefaya göndərilməsindən bir müddət sonra işdən çıxarılmış və daha sonra barəsində cinayət işi açılaraq ev dustağı edilmişdi. Vəli Ələsgərov həmin ərəfədə vəkili vasitəsilə sensasion məlumatlar açıqlamışdı. Vəli Ələsgərov Eldar Mahmudovun vəzifədə olarkən ona Vasif Talıbovu və ailə üzvlərini dinləmək barədə təklif verdiyini demişdi. Vəli Ələsgərov isə bundan imtina edib. İmtina edəndən sonra Eldar Mahmudov onun barəsində kontrmaterial yığmağa başlayıb. Guya Vəli Ələsgərov Bakıya vəzifəyə gəlmək istəyir. Bu səpkili dezinformasiyanı Vasif Talıbova ötürüb. Bundan sonra Vəli Ələsgərov həbs edilib.
İddialara görə, Vasif Talıbov generalları onun “bəzi sirlərini” bildikləri üçün zərərləşdiribmiş. Söhbət nələrdən gedir, bu barədə hələ ki yazmaq məqsədəuyğun sayılmır. Amma istisna deyil ki, Vasif Talıbov barədə həmin “sirlər” lazımi yerlərə çatdırılıb. Onların günahsız olduğu və bu səbəbdən azadlığa buraxılması haqda ən yüksək səviyyədə göstəriş verilib.
“Bakı” Hüquq Şirkətinin rəhbəri Natiq Ələsgərov “Yeni Müsavat”a deyib ki, yaxın ətrafını həbsə aldırmaq Vasif Talıbov idarəçiliyinin əsas istiqamətlərindən olub. Bu yolla o, sirlərini ört-basdır etməyə çalışıb: “Vasif Talıbovun idarəçiliyi illərində həbsə gedən təkcə milli təhlükəsizlik naziri Vəli Ələsgərov və daxili işlər nazirləri olmayıb. İllərlə Naxçıvanı çapıb-talayan və əldə etdiyi sərvətləri xaricdə mal-mülkə, bank hesablarına, biznesə yatıran Vasif Talıbov onun bu fəaliyyətindən xəbərdar olan Naxçıvan yetkililərini daim nəzarətdə saxlayıb. O vəzifə sahibləri ki, daha çox məlumata malik olublar, Vasif Talıbovun və övladlarının fəaliyyətindən, pul transferlərindən məlumatlı olublar, onlar məhv edilib. Bu baxımdan, Vəli Ələsgərovla Əhməd Əhmədovun bəxti gətirib. Çünki Vasif Talıbovun idarəçiliyinin qürubuna yaxın "xan"ın qəzəbinə gəliblər. Belə olmasaydı, hər iki vəzifəlinin həbsdən meyiti çıxacaqdı. Və ya cəzaçəkmə yerindən dəlixanaya da göndərilə və orada həyatlarını başa vura bilərdilər. Naxçıvanda baş verənlər Vasif Talıbov hakimiyyətinin ömrünün uzadılmasına və daha çox sərvət toplanmasına hədəflənmişdi. Gec də olsa, Vasif Talıbovun Naxçıvandakı özbaşınalığına son qoyuldu".
Hüquqşünas deyir ki, Vasif Talıbovun sirlərini gizlətməyə çalışarkən həbsə aldırdığı vəzifə sahiblərini azad etməklə yanaşı, onun xaricə daşıdığı var-dövlət, biznes şəbəkələri, əmlakları da geri alınmalıdır: “Bu ilin fevralında beynəlxalq mətbuatda Vasif Talıbovun və 2 oğlunun Naxçıvandan xaricə daşıdıqları sərvətlərlə bağlı faktlara əsaslanan çox ciddi bir araşdırma yer aldı. Məlum oldu ki, Rza və Seymur Talıbov qardaşları təkcə 2012-ci ildə şübhəli pul köçürmələri ilə xaricdəki bank hesablarına 20 milyon dollardan çox pul ötürüblər. "Credit Suisse", "Barclays" və digər xarici banklarda müxtəlif hesablar açaraq, Rza və Seymur Talıbov qardaşları atalarının avtoritar hakimiyyəti altında Naxçıvan əhalisi əziyyət çəkdiyi bir dönəmdə şübhəli pul köçürmələri vasitəsilə 10 milyonlarla dollardan çox pul qazanıblar. Talıbov qardaşları Dubay və Gürcüstanda 63 milyon ABŞ dolları dəyərində əmlaklar əldə ediblər. 2007-ci ilin sonunda Talıbov qardaşları Yeni il öncəsi kifayət qədər nağd vəsait əldə ediblər. Lakin bu pullar cib xərci pulu da olmayıb. Həmin il dekabrın 27-də 40 min ABŞ dolları 19 yaşlı Seymur Talıbovun bank hesabına köçürülüb. Onun 25 yaşlı qardaşı Rzanın hesabına da həmin gün 95 min ABŞ dolları köçürülüb. İzah olaraq hər iki transfer “tekstil” adı altında qeyd edilib. Bu isə özlüyündə çox qəribə haldır, çünkü pul köçürülən hesablar korporativ hesab olmayıb. Bundan əlavə, qardaşların tekstil biznesi ilə heç bir əlaqələri də olmayıb. Bu hələ prosesin ilk mərhələsidir. Aylarla Seymur və Rza daha iri miqdarda pul köçürmələri ilə daha çox nəğd pullar əldə ediblər - bir dəfəyə 500 min ABŞ dolları və ağlasığmaz yuvarlaq rəqəmli köçürmələr də mütəmadi olaraq onların bank hesablarına köçürülüb. Transferlərin izahı isə “metal”, “metal hissələr” və “elektrik avadanlıqlarına” qədər genişləndirilib. 2012-ci ilin sonuna qardaşlar ümumilikdə 20 milyon dollara qədər pul alıblar. Aydındır ki, bu, adi tranzaksiyalar olmayıb.
Vasif Talıbovun 26 illik hakimiyyəti dövründə həbs edilənlər döyülüb və müxtəlif işgəncələrə məruz qalıblar. Dissidentlər məcburən psixoloji xəstəxanalara yerləşdiriliblər. O, hakimiyyətini həmçinin müstəqil medianı susdurmaq üçün də istifadə edib. Talıbovun hakimiyyətini tənqid edən jurnalist və fəallar təzyiqə, həbsə və digər ölkələrə köçməyə məruz və məcbur qalıblar.
2008-ci ildə Rza Talıbov anası, əmisi oğlu və bir neçə iş adamı ilə birgə bank təsis edib. 4 il sonra Laundromat tranzaksiyaları pik həddə çatdığında Rza Gürcüstanın kurort mərkəzi hesab edilən Batumidən 2 qonşu bina alıb. Daha sonra isə o, bu binaları 5 ulduzlu hotelə çevirib. Rza və Seymur Talıbovla birlikdə onların bacıları Baharxanım Talıbova da Laundromat şirkətlərindən 1 milyon ABŞ dollarına yaxın pul əldə edib. Bundan sonra ailə Dubayda çoxlu sayda əmlaklarla yanaşı lüks villa, 12 mərtəbəli hotel və fərdi mənzillər də satın alıb. Ümumilikdə onların sahib olduqları əmlaklar 63 milyon ABŞ dolları məbləğində dəyərləndirilir. Bütün bunlar o zaman baş verib ki, Vasif Talıbovun illik maaşı 26 min dollardan da azdır. Rza və Seymur Talıbovlar isə illik daha az məvacib alırlar. Ailənin adına olan bank hesablarına köçürülən milyonlar “Emirates NBD”, “Barclays” və “Credit Suisse” də daxil olmaqla, müxtəlif ölkələrin ən böyük maliyyə qurumlarında açılıb. Vasif Talıbov Gürcüstanın Acariya Muxtar Respublikasının dənizkənarı kurort şəhəri Batumidə çimərlikdən cəmi bir neçə məhəllə məsafədə yerləşən tarixi binanı 1,5 milyon dollara satın alıb. Bir neçə ay sonra isə Acariya rəsmiləri Naxçıvana səfər edərək iki region arasında iqtisadi əməkdaşlıq memorandumunu imzalayıblar. Bundan sonra Rza Talıbov vaxt itirmədən Acariyanın İqtisadiyyat Nazirliyi ilə xüsusi razılaşma əsasında digər binaya yaxın məsafədə yerləşən 19-cu əsrə aid binanı yerli hökumətdən satın alıb. Yarım milyon dollardan çox qiymətləndirilsə də, bina yenidənqurma maraqları məqsədilə alındığına görə ondan yalnız simvolik 1 Gürcüstan larisinə alınıb. Rza Talıbov həmçinin binada yerləşən digər mənzilləri də yerli sahiblərindən müqavilədə göstərildiyi kimi, 1,2 milyon dollara satın alıb. Daha sonra o, iki binanı birləşdirərək beşulduzlu "Divan Suites Batumi" hotelini açıb. Şəhər rəhbərliyinin məlumatında onun tikintisinə 10 milyon dollar xərclənəcəyi bildirilib. Rza Talıbov həmçinin ailəsi ilə “Naxçıvanbank”ı birlikdə təsis etdiyi türkiyəli iş adamı Emin Uçara məxsus bir şirkətə (Maqro Ltd) “Green Cape” (“Yaşıl Burun”) adlı elit rayonunda onun üçün lüks villa tikdirməyə 6 milyon ABŞ dollarından çox pul ödəyib. Ancaq ailənin satınalmalarının əsas hissəsi Dubayın öhdəsinə düşür. 2020-ci ilə qədər Vasif Talıbovun oğulları Ərəb Əmirliklərində ən azı 45 milyon ABŞ dolları dəyərində olan 11 əmlak və 12 mərtəbəli lüks hotelə sahibdirlər. Üstəlik, Talıbov qardaşlarının hər birinin cibində Ərəb Əmirliklərinin şəxsiyyət vəsiqəsi var. Yəni Talıbov qardaşlarının Azərbaycan qanunları yol verməsə də, ikili vətəndaşlıqları var.
Vasif Talıbov bu məlumatları gizlətmək üçün çox çaba göstərib, bu yolda ona mane ola biləcək hər bir vəzifə daşıyıcısını məhv etmək üçün addımlar atıb. Göründüyü kimi, faydası olmayıb. Müasir texnologiyaların verdiyi imkanlar medianın belə gizlinlərə işıq salmasına şərait yaradır. Vasif Talıbov isə varidatını gizlətmək yolunda törətdiyi vəzifə cinayətlərinə görə cavab verməli olacaq. Hakimiyyətini itirdi, azadlığını da itirə bilər".
Xəbəri paylaş