“Başqalarına 500-600 manatdır, amma sənə 450 manata həll edərəm” - İLGİNC TƏFƏRRÜATLAR

 
5-07-2022, 13:44            112 dəfə baxılıb
Qəribə mənzərə yaranıb. Demək olar ki, hər gün bir dövlət layihəsi həyata vəsiqə alır. İlk baxışdan da çox gözəl görünür. Düşünürsən ki, bu layihələr hamısı korrupsiya və süründürməçiliyin aradan qaldırılmasına xidmət edir. Amma həmin layihələrə baş vuranda, ondan bəhrələnmək istəyəndə bəlli olur ki, hər şey deyildiyi və göründüyü qədər ideal deyil. Yeni xidmətlər insanlar üçün çox zaman əsəb, əlavə vaxt və pul itkisidir.

İndi ölkəmizdə bütün xidmətlər elektronlaşdırılıb. Mənzilinə qaz xətti çəkilməsindən, pensiyaya qədər hər şey elektron qaydada və təmassız aparılır. Di gəl ki, təmassız və elektron qaydada aparılan xidmətlərin 90 faizindən əhali narazıdır. Çünki insanlar çox zaman nəinki istədikləri xidmətdən yararlana bilmirlər, üstəlik, üzləşdikləri problemlə bağlı heç bir yerə şikayət edib problemlərini həll edə bilmirlər.
Uzatmadan elektron qaydada aparılan xidmətlərin biri haqqında söhbət açacağıq. Diqqət yetirəcəyimiz sahə isə “Azəriqaz” İB ilə bağlıdır.  Hazırda bu sahə ilə bağlı kifayət qədər problem, narazılıq var. Həmin narazılıqlardan bir-ikisini dəyərli oxucularımızın diqqətinə çatdırırıq.
Abşeron rayonundan bir oxucumuz deyir ki, “Novxanıdakı bağ evimə qaz xətti çəkdirmək istəyirdim. Evin sənədlərini götürüb getdim Dəmiryol vağzalındakı ASAN Kommunala. Ordan dedilər ki, mənzillərin qazlaşdırılması ilə bağlı xidmətlər bizdən alnıb, bu işlə Azəriqaz İB özü məşğul olur.
Əlacsız qalıb “Azəriqaz” İB-in 104/185 qaynar xəttinə müraciət etdim. Telefonun o başındakı xanım bildirdi ki, “Məsələ ilə bağlı Abşeron qaz idarəsinə və yaxud İB-nin elektron səhifəsindəki lisenziyalı xidmət təşkilatlarına müracət edin”.
Təbii ki, deyilənlərə inanıb internetdə yerləşdirilmiş podratçı təşkilatlara müraciət etmək istədim. “Azəriqaz”-ın elektron səhifəsindəki xüsusi bölməyə daxil oldum. Amma burada yerləşdirilən 100 podratçı şirkətin heç birinin əlaqə nömrəsini tapa bilmədim. Siyahıda podratçı şirkətlərin ancaq adı və hüquqi ünvanı yerləşdirilib. Lakin nəyə görəsə telefon nömrələri qeyd olunmayıb. Əlacım kəsilib 109 xidmətindən Abşeron rayon qaz idarəsinin telefonlarını aldım. Verilən (+994 12) 342-11-27, *104, (+994 12) 342-13-69 nömrələrinin heç biri cavab vermədi. Daha doğrusu, zəngimə avtomat cavab verdi ki, bu nömrələr təyin olunmayıb. Bu dəfə götürüb “Azəriqaz” İB-nin  (+99412) 521-21-94 və  (+99412) 521-22-83 nömrələrinə zəng etdim. Bu nömrədəki şəxslər isə telefonu götürüb, asdılar. Nə qədər cəhd eləsəm də, zənglərimə cavab verən olmadı.
Əlacsız qalıb dərviş kimi düşdüm qapılara. Dost-tanışa uzun zənglərdən sonra bir tanışım dedi ki, “Sənə kömək edərəm”. Az keçmiş tanımadığım nömrədən zəng gəldi. Dedi ki, “Mənə deyiblər. Həll edəcəm. Amma bunun xərci var. Başqalarına 500-600 manatdır. Amma sənə 450 manata həll edərəm”. Xahiş – minnət 400 manatla razılaşdıq. Axır ki, gəlib qaz xəttini qoşdular. Özü də qaz xətti hasarımın yanından keçirdi. Uzun sözün qısası, yarım metr qaz turbası üçün məndən 400 manat aldılar. Çox qəribədir ki, 400 manatı alan və qaz xəttinə qoşulma verən o adamın kim və nəçi olduğunu nə o dedi, nə də mən soruşdum”.
Başqa bir oxucumuz isə İmişlidən danışır. Deyir ki, “Qonşumuzun qaz xətti var. Razılaşdıq ki, Qaz İdarəsindən razılıq alıb onun xəttinə qoşulum. Getdim Qaz İdarəsinə. Mənə dedilər ki, “1500 manat verməlisən ki, sənə qoşulma izni və layihə verək”. Uzun söz-söhbətdən sonra təkcə layihə üçün məndən 800 manat pul aldılar”.
Üçüncü həmsöhbətimizin başına gələnlər isə əsl tamaşadır. Suraxanı sakini deyir ki, “Fevral ayında Qaz İdarəsinə müraciət etdim. 600 manatımı aldıqdan sonra gəlib mexaniki sayğac quraşdırdılar və adıma abunə kodu açdılar. Sevindim. Amma sevincim uzun sürmədi. Bu günlərdə mən işdə olarkən gəlib heç bir xəbərdarlıq etmədən Suraxanı qaz idarəsi əvvəlki mexaniki sayğacı çıxardıb, elektron sayğac quraşdırıblar. Yeni sayğacı isə mənim adıma deyil, məndən əvvəl həmin ünvanda yaşayan adamın adına sənədləşdiriblər.
Təbii  ki, bu özbaşnalıqla razılaşmayıb getdim Suraxanı qaz idarəsinə. Burda eşitdiklərimsə məni şok etdi. Mənə bildirdilər ki, “Sizdən əvvəl o ünvanda yaşayan şəxs xəttə qanunsuz qoşulma edib. Və buna görə ona 850 manat cərimə yazılıb. Əgər siz istəyirsinizsə, xəttiniz aktiv olsun və abunəlik yenidən sizin adınıza keçsin onda 850 manatı ödəyin”. Dedim ki, “Ay qardaş fevral ayında mənə texbiki şərt və abunə kodu verəndə niyə demirdiniz ki, bu ünvana biz bu qədər borc yazmışıq. Gedin ödəyin sonra gəlin”. Cavabları çox qısa oldu: “Anlaşılmazlıq olub”. Dedim ki, bəs mən niyə başqasının borcunu ödəməliyəm. Gətirin mənim abunə kodumu və sayğacımı yerinə qoyun. Dedilər ki, ”Onu edə bilmərik. Siz artıq borclu abonentsiniz. Gedin 850 manatı ödəyin, ya da verin məhkəməyə. Məhkəmədə udsanız, borcu silərik, ya da borcu ödəyin”. İndi qalmışam axmaq vəziyyətdə”.
“Azəriqaz” İB-nin qəzəbinə tuş gələn daha bir vətəndaş isə Lerik rayon sakinidir. Vətəndaş deyir ki, 2019-cu ildə 400 manat ödəyib Lerik Rayon Qaz İdarəsindən abunə kodu aldım. Amma sayğacı quraşdıranda mən olmamışam. Sayğacı evimdən 300 metr aralı quraşdırıb çıxıb gediblər. İndi 3 ildir dava döyürəm ki, gəlin sayğacı evimin yanına köçürün. Deyirlər ki, “Təzədən 400 manat ödəyin, sayğacın yerini dəyişdirək”. Özümün dəyişdirməyimə də icazə vermirlər. Deyirlər ki, “Əl vursan, cinayət məsuliyyəti daşıyacaqsan”. İndi qalmışam belə”.
Bəli, 4 vətəndaşın hekayəsini müfəssəl sizə təqdim etdik. Bununla göstərmək istəyirik ki, “Azəriqaz” İB heç də deyildiyi qədər şəffaf işləmir. Və onlardakı xidmətlər heç də əlçatan deyil. Korrupsiya, süründürməçilik və özbaşınalıq əvvəlkilərdən daha çoxdur.
KONKRET.az-ın Araşdırma qrupu
P.S. Qarşı tərəfin mövqeyini də dərc etməyə hazırıq.







Xəbəri paylaş


 
 


Xəbər lenti