“Polis əməkdaşı bizdən 1000 manat rüşvət istəyir” - ŞİKAYƏT / FOTO, VİDEO
27-05-2024, 14:51
“Onu da əminliklə bilirəm ki, başıma gələn bütün hadisələrin arxasında qaynatam durur”Goranboy rayonu, Düzqışlaq kənd sakini Novruzov Vüqar Rafiq oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi iddia edir ki, polislər onu qaynatasının tapşırığı ilə tutaraq, şöbədə döyüblər:
“Mən, Novruzov Vüqar Rafiq oğlu, yazaraq bildirirəm ki, heç bir səhvim olmadan, fevral ayının 11-də Dəliməmmədli şəhərində polislər tərəfindən tutularaq, döyülmüşəm. Buna dair əlimdə sübutlarım da var. Hətta onu da əminliklə bilirəm ki, başıma gələn bütün hadisələrin arxasında qaynatam durur.
Bildirim ki, ailə münaqişəsi zamanı bərk əsəbləşib yoldaşıma 1 şillə vurmuşam. Yoldaşım bu haqda anasına deyib, həmin gündən də gəlib qızı aparıblar. Yəni ortada ciddi bir səbəb olmadan, aramızda olan problemi böyütdülər. Yoldaşımla barışmağa da imkan vermədilər. İndi isə tanıdığı, rüşvət verdiyi polisləri üstümə salıb, ağır işgəncələrə məruz qoyurlar.
Polis əməkdaşı bizdən 1000 manat rüşvət istəyir. Deyir ki, 1000 manat pul verin işi bağlayaq, məhkəməyə getməsin. Mənim heç bir günahım olmadan polis tərəfindən döyülürəm, həm də polisə rüşvət verməliyəm ki, məni tutmasınlar?!
Mənim polisim bu gun səhvsiz, günahsız adama işgəncələr verirsə, mən nə deyim, hara müraciət edim?! Bütün qurumlar susur. Baş Prokurorluq işə baxmır, gözləyir ki, bir dəfə də məni tutub aparıb döysünlər?! Bu qədər haqsızlıq olar?”
Jalə FAMİLQIZI
Redaksiyadan: Yazıda adları qeyd olunan şəxslərin və qurumların mövqeyini dərc etməyə hazırıq.

Xəbəri paylaş



























