DSX-nın əsgərinin müəmmalı ölümü: Baş leytenant həbs edildi - DETALLAR

 
29-11-2024, 11:44            116 dəfə baxılıb
Dövlət Sərhəd Xidmətinin (DSX) N saylı hərbi hissəsinin baş leytenantı Orxan Rzalı həbs olunub.
Bakupost.az -ın əldə etdiyi məlumata görə, onun həbsi həmin hərbi hissəsədə xidmət edən əsgər Orucov Həbib İlham oğlunun ölümü ilə bağlıdır.
Baş leytenant Orxan Rzalı barəsində məhkəmə tərəfindən 4 aylıq həbs-qətimkan tədbiri seçilib. Araşdırmalar çərçivəsində Hərbi Prokurorluq Orxan Rzalının digər tükürpədici cinayət əməllərini də aşkarlayıb. Hazırda bu məsələylə bağlı istintaq davam edir.
Qeyd edək ki, Həbib Orucov noyabrın 9-da dünyasını dəyişib. Hərbi prokurorun böyük köməkçisi - mətbuat xidmətinin rəhbəri Firad Əliyevin bildirdiyinə görə, o, odlu silahdan açılmış atəş nəticəsində ölüb.
Məsələylə bağlı dünyasını dəyişən Həbib Orucovun anası Tünzalə Nəcəfova Bakupost.az -a açıqlama verib. O, Orxan Rzalının həbs olunduğunu təsdiqləyib və oğlunun ölümündə baş leytenantı günahlandırıb:
“Mən bilirəm ki, o zabit oğlumu özünü öldürməyə məcbur edib. Mənim uşağım canını çox istəyən idi. Mümkün deyildi ki, o özünə qıysın. Qardaşım meyiti görüb. Deyir ki, alnında çapıq izi, çiynində isə göyərmiş ləkə vardı. Mən hərbi hissəyə gedib əsgərlərlə danışdım. Uşağı keçən ayın 25-dən bəri sıxışdırırmış. Əsgərlər deyir ki, Həbibin üstünə qışqırır, ağzına gələni deyirdi. Oğlum bizimlə ancaq Orxan Rzalının telefonuyla əlaqə saxlaya bilirdi. O da oğlumun başının üstündə dayanırdı. Ona görə də baş verənləri danışa bilməyib. Bəziləri dedilər ki, o çapıq çoxdan var idi. Ekspertiza hamısını araşdırmalıdır. Mən Orxan Rzalının ömürlük həbs olunmasını tələb edirəm”.







Xəbəri paylaş


 
 


Xəbər lenti