Yevlax qeydiyyat şöbəsinin rüşvətə görə tutulan sabiq rəisinə AĞIR CƏZA

 
12-12-2024, 11:30            96 dəfə baxılıb
Gəncə Ağır Cinayətlər Məhkəməsində rüşvət almada və vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmədə (nüfuz alveri) təqsirləndirilən Elşən Quliyevin cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Abdulla Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə o, 9 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib.

Qeyd: Rəsmi məlumata görə, bu ilin fevralında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi əməliyyat keçirib, Yevlax rayon qeydiyyat şöbəsinin sabiq rəisi Elşən Quliyev həbs olunub.

Bildirilib ki, istintaq zamanı Elşən Quliyev qeyd edilən vəzifədə işləyərkən ayrı-ayrı şəxslərə ad və soyadı dəyişdirilməklə doğum haqqında yeni şəhadətnamənin verilməsi müqabilində 4 min manat pul vəsaitini rüşvət almaqda, həmçinin təsir imkanlarından istifadə edərək barəsində ibtidai istintaq aparılan təqsirləndirilən şəxsin digər dövlət qurumlarının ölkədən çıxışına qoyduğu qadağanın götürülməsi müqabilində 8 min manat pul almaqla vəzifəli şəxsin qərarına qanunsuz təsir etməkdə şübhəli bilinib.

Elşən Quliyev şübhəli şəxs qismində tutulub və ona Cinayət Məcəlləsinin 311.3.2 (rüşvət alma, təkrar törədildikdə) və 312-1.1-ci (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə - nüfuz alveri) maddələri ilə ittiham elan edilməklə, barəsində istintaq orqanının vəsatəti və prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.










Xəbəri paylaş


 
 


Xəbər lenti