Gözəllik uğrunda canından olanlar: İki uşaq anası Aybəniz, 22 yaşlı model Leyla, 17 yaşlı Aygül - ARAŞDIRMA

 
20-12-2024, 11:59            94 dəfə baxılıb
Son illərdə Azərbaycanda estetik əməliyyatlar nəticəsində gənclərin həyatını itirməsi halları artmaqdadır. Bu hadisələr, bir daha göstərir ki, estetik əməliyyatlar zamanı mütəxəssis həkimlərə müraciət etmək olduqca vacibdir.

Oxu.Az mövzu ilə bağlı araşdırma aparıb.

Məsələn, 2023-cü ilin iyul ayında 29 yaşlı Aybəniz Almuradova liposaksiya əməliyyatı üçün "Reo-Med" klinikasına müraciət edib, əməliyyat zamanı bədəninə infeksiya düşüb və bu səbəbdən həyatını itirib.

Digər bir hadisə isə 2016-cı ildə baş verib. 17 yaşlı Aygül Orucova burnundan estetik əməliyyat olunub və narkozdan ayılmayaraq vəfat edib. Bu hadisə, estetik əməliyyatların risklərini bir daha gündəmə gətirib.

Estetik əməliyyatı zamanı komaya düşən 23 yaşlı Arzu Əzimova tibbi müdaxilələrə baxmayaraq, 2023-cü ilin may ayında vəfat edib. Məlum olub ki, o, Sabunçu rayonu ərazisindəki "Medicare" özəl klinikasında rinoplastika əməliyyatı (estetik burun əməliyyatı) etdirib və orada komaya düşüb.

Yanvarın 18-də "Elmed" Tibb Mərkəzinin həkimi otolarinqoloq (LOR) Natavan Əliyeva Günay Əliyevanı burun əməliyyatı edəndən 3 gün sonra pasiyent vəfat edib.

1992-ci il təvəllüdlü Gülyaz Hacıyeva da keçirdiyi burun əməliyyatından sonra ölüb.

Yaxınlarının verdiyi məlumata görə, gənc qız özəl klinikaların birində 15 gün ərzində üç dəfə əməliyyat olunub. İlk əməliyyatını aprelin 3-də keçirən G.Hacıyeva burun çəpərinin əyriliyi və artıq ətdən əziyyət çəkirmiş.

"Zəfəran Hospital"da əməliyyat olunan Leyla adlı 22 yaşlı qız 2 gün sonra vəfat edib.

Modelliklə məşğul olan qız 21 iyun tarixində ailəsinə xəbər vermədən liposaksiya (piysovurma) əməliyyatına girib. Əməliyyata girən qız rəfiqəsinə mesaj yazıb və onu hospitala çağırıb.

Əməliyyatdan bir neçə gün sonra isə gənc qız vəfat edib. Ölümün hansı səbəbdən baş verdiyi bəlli olmasa da, müxtəlif versiyalar səslənir. Belə ki, mərhumun böyrək çatışmazlığından öldüyü bildirilir. Ailəsi isə Leylanın vəfatında həkimin günahkar olduğunu iddia edir.

"Medera" Hospitalda qeydiyyatçı işləyən Aygün plastik cərrah Günel Bayramlıya bədənşəkilləndirmə əməliyyatı etdirib. Əməliyyatdan sonra xanım özünü narahat hiss etdiyini bildirsə də, həkim buna əhəmiyyət verməyib və xanımı evə buraxıb. Evdə halı daha da pisləşən Aygün tromplaşmadan dünyasını dəyişib.

Bu cür hadisələr, estetik əməliyyatların risklərini və mütəxəssis həkimlərə müraciətin vacibliyini bir daha vurğulayır. Estetik əməliyyatlara müraciət etməzdən əvvəl, mütəxəssis həkimlə məsləhətləşmək və əməliyyatın risklərini diqqətlə qiymətləndirmək önəmlidir.

Mütəxəssislər plastik əməliyyat etdirənlərin təxminən 60%-nin yeni görünüşlərindən razı olmadığını bildirirlər. Bu narazılığın səbəbləri arasında sosial mediada qeyri-real gözəllik standartlarının təbliği və şəxsi narazılıqlar yer alır.

Bundan əlavə, bəzi estetik əməliyyatlar ciddi fəsadlara yol açır.

Ümumiyyətlə, estetik əməliyyatların artması ilə bağlı narahatlıq doğuran hallar mövcuddur. Bu səbəbdən, estetik əməliyyatlara maraq göstərən şəxslərin etibarlı və təcrübəli həkimlərə müraciət etmələri, əməliyyatların risklərini və mümkün fəsadlarını diqqətlə nəzərdən keçirmələri vacibdir.









Xəbəri paylaş


 
 


Xəbər lenti