Bakı nəqliyyatında böyük dəyişiklik… – Sıxlıq azalacaq, yoxsa artacaq?
Bu gün, 12:06
Prezident İlham Əliyev “Bakı Metropoliteni” QSC-nin yenidən təşkili ilə bağlı fərman imzalayıb. Fərmana əsasən, BakuBus və Bakı Taksi Xidməti MMC-ləri “Bakı Metropoliteni” QSC-yə birləşdiriləcək. Bununla əlaqədar bir sıra fərman və sərəncamlara dəyişikliklər edilib, bəzi sənədlər isə ləğv olunub. Bəs bu qərar paytaxtın ictimai nəqliyyat sisteminin idarə olunmasında hansı yeniliklərə və dəyişikliklərə səbəb olacaq?
Mövzu ilə bağlı açıqlamasında nəqliyyat sahəsi üzrə ekspert Eldəniz Cəfərov bildirib ki, metro mərkəzli inteqrasiya olunmuş şəhər nəqliyyat sistemi qurulacaq və bunun sayəsində sıxlıq və tıxacların azalması gözlənilir.
Onun sözlərinə görə, ictimai nəqliyyatın cəlbediciliyi artacaq, sərnişinlər üçün isə vahid, rahat və funksional sistem formalaşacaq.

Ekspertin sözlərinə görə, bu qərar Bakı şəhərində uzunmüddətli perspektivdə şəhər mobilliyinin keyfiyyətcə yeni mərhələyə keçidini təmin edə bilər: “Hazırda şəhər mobilliyi istiqamətində mühüm nailiyyətlər əldə olunub və mobilliyin transformasiyası həyata keçirilir. Qərarın əsas məqsədlərindən biri dövlət balansında olan daşıyıcı şirkətləri vahid idarəetmə sistemi altında birləşdirməkdir. Burada əsas məsələ qəbul edilən modelin effektiv icrası, institusional koordinasiyanın qorunması və sərnişinyönümlü yanaşmanın prioritet saxlanılmasıdır.
Bu şərtlər təmin olunarsa və mən əminəm ki, təmin olunacaq, Bakı yaxın illərdə daha müasir, inteqrasiya olunmuş və dayanıqlı nəqliyyat sisteminə sahib olacaq”.
E.Cəfərov əlavə edib ki, Bakı Metropoliteninin yenidən təşkili ilə bağlı qəbul edilən qərar strateji baxımdan düzgün addımdır: “Müasir şəhərlərdə nəqliyyat artıq ayrı-ayrı seqmentlər üzrə deyil, vahid sistem kimi idarə olunur və Bakı da bu istiqamətdə institusional transformasiya mərhələsinə daxil olub.
Qərarın əsas məqsədləri şəhər nəqliyyatında idarəetmənin optimallaşdırılması, resurslardan daha səmərəli istifadə və müxtəlif nəqliyyat növləri arasında funksional inteqrasiyanın təmin edilməsidir. Hədəf metro sisteminin yalnız sərnişindaşıma funksiyası ilə məhdudlaşmamasıdır”./azpolitika.info
Xəbəri paylaş



























