Buravarın meşələri kimin hədəfindədir? Nazirlik niyə susur?-VİDEO
Bu gün, 11:27
Cəlilabad rayonunun Buravar kəndi ərazisində yerləşən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Meşə Təsərrüfatı Mərkəzinə aid 10-A saylı dolayında hər gün yüzlərlə ağacın kəsilməsi ilə bağlı ciddi iddialar səsləndirilir.Söhbət adi təsərrüfat pozuntusundan deyil, dövlətin meşə fonduna, təbiətə və gələcək nəsillərin ekoloji təhlükəsizliyinə vurulan ağır zərbədən gedir.
Ortaya çox ciddi suallar çıxır: Bu ağaclar kimin göstərişi ilə kəsilir? Kəsim üçün rəsmi icazə varmı? Meşə fondunun mühafizəsinə cavabdeh şəxslər haradadır? Hər gün yüzlərlə ağacın məhv edildiyi iddia olunan ərazidə nəzarət mexanizmi niyə işləmir?
Meşə gözətçisi harada yaşayır, iş yerinə necə nəzarət edir?
Məlumatlara görə, 10-A saylı dolayının meşə gözətçisi Mehdi İsayev Masallı rayonunun Əmirtürbə kəndində yaşayır. Onun yaşadığı ünvanla xidmət göstərdiyi ərazi arasında təxminən 100 kilometr məsafə olduğu bildirilir.
Təbii ki, insanın harada yaşaması özlüyündə qanun pozuntusu deyil. Ancaq meşə gözətçisinin hər gün bu qədər məsafə qət etməsi və eyni zamanda ona həvalə edilmiş meşə sahəsində gecə-gündüz mühafizəni necə təmin etməsi ciddi araşdırma tələb edir.
Əsas sual budur: Meşənin mühafizəsinə cavabdeh olan şəxs xidmət ərazisində faktiki nəzarəti necə həyata keçirir? Gündəlik xidmət qrafiki necə təşkil olunur? Dövlət vəzifəsi sadəcə ştat cədvəlində ad daşımaq deyil. Bu vəzifə məsuliyyət, nəzarət və hesabatlılıq tələb edir!
Qəriblər meşəsində də həyəcan təbili çalınır
Məsələ təkcə Buravar kəndi ərazisindəki 10-A saylı dolayla bitmir. Qəriblər meşəsində də çoxsaylı ağacların kəsilməsi ilə bağlı iddialar mövcuddur.
Əgər müxtəlif meşə sahələrində oxşar hallar baş verirsə, bu zaman məsələ artıq ayrı-ayrı hadisələrin deyil, bütöv bir nəzarət sisteminin fəaliyyətinin araşdırılması zərurətini ortaya qoyur.
Meşələrin İnkişafı Xidmətinin rəisi Ramik Əşrəfovun diqqətinə çatdırırıq: Bu iddialardan məlumatınız varmı? Məlumatınız varsa, indiyədək hansı konkret tədbirlər görülüb? Yoxdursa, tabeliyinizdə olan meşə sahələrində baş verənlər barədə rəhbərlik hansı mənbələrdən məlumat alır?
Axı meşələrin qorunması yalnız hesabatlarda, müşavirələrdə və rəsmi açıqlamalarda qalmamalıdır. Əsas məsuliyyət meşənin özündə, ağacların kəsilməsinin qarşısını almaqda və dövlət əmlakını qorumaqdadır.
Nazirlik bu suallara cavab verməlidir!
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən, Meşələrin İnkişafı Xidmətindən və 11 saylı Regional Meşə Təsərrüfatı Mərkəzinin rəhbərliyindən aşağıdakı məsələlərə aydınlıq gətirilməsi vacib məsələlərdəndir
Buravar kəndindəki 10-A saylı dolayında ağac kəsilməsi ilə bağlı araşdırma aparılıbmı?
Kəsilən ağacların sayı, növü və kəsilmə səbəbləri müəyyən edilibmi?
Həmin ərazidə qanuni ağac kəsimi üçün icazə verilibmi?
Meşə gözətçisi Mehdi İsayevin xidmət fəaliyyəti və gündəlik nəzarət imkanları yoxlanılıbmı?
Qəriblər meşəsində ağacların kəsilməsi barədə məlumatlar araşdırılıbmı?
Meşə dövlətin sərvətidir, kiminsə şəxsi mülkü deyil!
Bu gün kəsilən hər ağac sabahın havasından, suyundan, torpağından və ekoloji tarazlığından aparılan bir parçadır. Ağacları qorumaqla vəzifəli şəxslər isə baş verənlərə görə cəmiyyət qarşısında hesabat verməlidirlər.Buravar və Qəriblər meşələrində təcili, obyektiv və şəffaf araşdırma aparılmalı, ərazilərdə yerində monitorinq keçirilməli, ağac kəsimi faktları sənədləşdirilməli və nəticələr ictimaiyyətə açıqlanmalıdır.
Bir daha soruşuruq: Cəlilabad meşələrində nə baş verir və bu ağacların taleyinə kim cavabdehdir?
Meşələr susur, ağaclar danışa bilmir. Amma bu, onların məhv edilməsinə göz yummaq üçün əsas ola bilməz!
Qarşı tərəfin cavab haqqını tanıyırıq..
Mediatvaz.com








Xəbəri paylaş

























