Əmanətlərdən gələn gəlirlərə tətbiq edilən vergi heç bir istiqamətdə əngəl yaratmayacaq

 
7-02-2023, 11:09            111 dəfə baxılıb
Pərviz Heydərov yazır…
Banklara yerləşdirilən əmanətlər üzrə gəlirlərdən vergi tutulmasının bərpası əhalidə narazılıq doğurub. Bunun ən başlıca səbəbi fikrimcə odur ki, biz güzəştlərə çox öyrənmişik. İndiyədək iqtisadiyyatın bir çox sahələrində müxtəlif güzəştlər tətbiq edilib və yenə də edilir. Düzdür, bunlar müddətli xarakter daşıyır və müddəti bitən kimi ya uzadılır, ya da ləğv olunur. Lakin çoxu hələ ki, uzadılır.
Yalnız, Vergi Məcəlləsinin 102.1.22-ci maddəsinə əsasən, 2016-cı il fevralın 1-dən 7 il müddətində yerli banklar və xarici bankların ölkəmizdə fəaliyyət göstərən filialları tərəfindən fiziki şəxslərin əmanəti üzrə ödənilən illik faiz gəlirlərinin gəlir vergisindən azad edilməsindən başqa… Hansı ki, bu ayın ilk günündən ləğv edildi.
Dünya praktikasına nəzər salsaq görərik ki, xarici ölkələrdə, yəni inkişaf etmiş və sivil ölkələrdə gəlir gətirən nə varsa vergiyə cəlb olunur. Yəni, bu mütləq xarakter daşıyır.
Belə ki, istər sahibkar olsun, istər fiziki şəxs, istər işəgötürən olsun, istər işçi əldə etdikləri gəlirlərdən və əməkhaqqından dövlət büdcəsinə müxtəlif adda vergi və rüsum ödəyirlər.
Girişdə yazdım ki, biz güzəştlərə çox öyrənmişik – indiyədək iqtisadiyyatın bir çox sahələrində müxtəlif güzəştlər tətbiq edilib və edilir. Söhbət, istər aqrar sektordan, istər sahibkarlıq fəaliyyətindən, istər özəl qurumlarda çalışan fiziki şəxslərdən gəlir vergisindən və s. gedir.
Diqqət yetirsək, bunların hər birinin müvafiq sektorda böhranlı bir dövrə düşdüyünü və stimul yaratmaq məqsədi daşıdığını, bənzətmə ilə qeyd etsəm “daşlı-torpaqlı yoldan düz yola” çıxmaq üçün edildiyini görərik.
İndi sual oluna bilər ki, bank sektorumuz məgər “düz yola” çıxıb və banklarımız üzrə hər şey normaldır deyə, sözügedən güzəşt ləğv olundu? Xeyr…
Ölkədə bütövlükdə bank sektorunda vəziyyət qənaətbəxş deyil və bankların fəaliyyətləri iqtisadiyyatın tələbləri səviyyəsindən hələ xeyli uzaqdır.
Lakin vəziyyət, fiziki şəxslərin əmanəti üzrə ödənilən illik faiz gəlirlərinin gəlir vergisindən 2016-cı ilin fevralın 1-dən 7 il müddətinə azad edilməsinə dair güzəştin tətbiqinə qədər olan kimi də deyil.
2016-cı ilə qədər ölkədə 40-dan çox bank fəaliyyət göstərirdisə, qeyd olunan ilin sonuna bu rəqəm 32-ə düşdü. Səbəb nə idi?
Səbəb 2015-ci ildə manatın 2 dəfə devalvasiyaya uğraması oldu ki, bu, bütün sektoru çökdürdü. 10-dan çox bank sıradan çıxdı. Yerdə qalanlar borc bataqlığına düşdülər. Hökumət Azərbaycan Beynəlxalq Bank kimi qurumu güclə xilas etdi.
Söhbət, o dövrdən gedir ki, manata inam sıfır həddinə enmişdi, banklardan əmanətlər sürətlə geri çəkilirdi, demək olar bütün ölkə üzrə maliyyə sabitliyi pozulmuş, bankların ardıcıl olaraq sıradan çıxma təhlükəsi reallığa çevrilmişdi.
O vaxt hökumət vəziyyətdən çıxmaq üçün bir sıra addımlar atdı. Buraya həm idarəetmə, həm struktur dəyişiklikləri də daxil olmaqla, bəzi güzəştlərin və stimullaşdırıcı tədbirlərin tətbiqi də daxil idi. Haqqında söhbət açdığımız vergi güzəşti də bu sırada idi və sonradan ən effektli nəticə verən, bəlkə də ən mühüm tədbirlərdən oldu.
Yəni, birincisi, bu vergi güzəşti cəmi 7 ildir mövcud idi, 2016-cı ilin fevralınadək bizdə banklara yerləşdirilən əmanətlər üzrə gəlirlərdən vergi tutulurdu. Və banklara əmanət yerləşdirilməsi, divident səviyyəsi, kredit faizləri və sair baxımından heç bir problem yox idi. İkincisi, söhbət, əmanətlin özündən deyil, onun il ərzində gətirdiyi dividenddən, yəni gəlirdən vergi tutulacağından gedir. Bu da cəmi 10% təşkil edəcək.
Üçüncüsü, vergi güzəştinin ləğvi əhalinin əmanətləri banklardan geri çəkməsinə səbəb ola bilməz, ən azı ona görə ki, ölkədə maliyyə sarıdan vəziyyət sabitdir, manatın dəyəri möhkəmdir, xarici valyuta ilə yığıma isə maraq yoxdur. Həm də ki, əmanətçilər üçün əsas cəhət bankların təklif etdikləri gəlirlik səviyyəsi və bir də əmanətlər üzrə sığorta faiz dərəcəsidir.
Xatırladım ki, milli valyutada olan qorunan əmanətlər üzrə illik faiz dərəcəsi maksimum 12%, xarici valyutada isə 2,5% təşkil edir.
Dördüncüsü isə, banklara yerləşdirilən əmanətlər üzrə gəlirlərdən vergi tutulmasına başlanması kredit faizlərinə də hər hansı yüksəldici təsir göstərə bilməz. Çünki ölkədə kredit faizləri real olaraq onsuz da yüksəkdir və bunun başlıca səbəbi heç də depozitlər üzrə təklif olunan gəlirlilik səviyyəsi deyil.
Əsas səbəb, ölkə iqtisadiyyatında risk həddinin yüksək olması və bir də etibarlı və dayanıqlı likvidliliyin çatışmazlığı məsələsidir. Bankın pulu çox ola bilər, ancaq onun maya dəyəri yüksəkdirsə həmin bankdan ucuz kredit təklifi gözləməyə dəyməz.
Sözün qısası, əmanətlərdən gəlirlərə 10% vergi heç bir istiqamətdə əngəl yaratmayacaq. Çünki bu, əmanətə xəyanət deyil, dövlətə xeyirdir.



Xəbəri paylaş


 
 


Xəbər lenti