Bakıda sotu 2 milyona torpağı kimlər satır, kimlər alır...

 
7-04-2023, 11:49            114 dəfə baxılıb
“Son dövrlər torpaq bazarında qiymət artımı baş verir”. Bunu “Trend”ə açıqlamasında əmlak eksperti Ramil Osmanlı deyib. Onun sözlərinə görə, qiymət artımı mövsümi amillər, eyni zamanda Türkiyədə baş verən zəlzələ nəticəsində meydana çıxan psixoloji faktorlarla bağlıdır. “Bundan başqa, bazarda sənədli torpaqların azalması ilə bağlı olaraq da bahalaşmanın davamlı artımını izləyirik. Bahalaşma aylar üzrə az müşahidə olunsa da, əslində illik qiymət dəyişməsində ciddi rəqəmlərlə ifadə olunur. Bu hal ötən ay da müşahidə olunub. Xüsusilə şəhər mərkəzində boş torpaqların məhdud olması qiymətləri yüksəldir. Torpaq bazarında aylıq qiymət artımı 2,5%-dir. Fərqli yerlərdə isə artım 5%-i ötüb. İllik hesabladıqda bahalaşma 20%-dən çox edir”, - deyə ekspert əlavə edib.

R.Osmanlı bildirib ki, paytaxtın bəzi mərkəzi hissələri var ki, orada torpağın bir kvadratmetri 25-30 min manat arasında dəyişir. “Bu da təqribən bir sot torpağın 2 milyon manatdan baha olması deməkdir. Adətən belə ərazilər açıq satışa çıxarılmır. Lakin açıq satışa çıxarılan bahalı torpaqlar da var. Həmin ərazilərin bir sotu şəhər mərkəzində 250-300 min manat arası dəyişir”, - deyə ekspert qeyd edib.

Qeyd edək ki, əmlak bazarındakı ümumi qiymətləri öyrənmək üçün ilk olaraq internetdə yerləşdirilən əmlak elanlarına nəzər yetirdik. Bakı və ətraf kəndlərdən satışa çıxarılan torpaq sahələri müxtəlif qiymətlərə təklif olunur. Qiymətlər əraziyə görə dəyişir, şəhərin mərkəzinə doğru daha baha olduğunu müşahidə edirik. Misal üçün, Badamdar qəsəbəsində 8 sot torpaq 2 500 000 AZN, Mərdəkan qəsəbəsində 12 sot torpaq 240 000 AZN, Nardaran qəsəbəsində 14 sot 63 000 AZN, Bakıxanov qəsəbəsində 3 sot 1 92 000 500 AZN, Mərdəkanda 13 sot 800 000 AZN, Nəsimi rayonunda 13 sot torpaq 1 200 000 AZN, Nərimanov rayonunda 14 sot 2 485 000 AZN, Bilgəh qəsəbəsində 140 000 AZN, Biləcəri qəsəbəsində 100 sot 2 650 000 AZN, Badamdar qəsəbəsində 16 sot torpaq 1 200 000 AZN, Nardaran qəsəbəsində 100 sot 4 500 000 AZN, Qara Qarayev metrostansiyası yaxınlığında 3 sot torpaq 130 000 AZN, Elmlər Akademiyası metrostansiyası yaxınlığında 4 sot torpaq 1 200 000 AZN, Nərimanov rayonunda 13 sot torpaq 2 200 000 AZN təşkil edir.

Bu siyahını bir az uzatmaq da olar. Bundan dəfələrlə baha olan torpaq sahələri var ki, açıqlanmır. Bəs görəsən, bahalı torpaqları kimlər alır və ya satır? Ümumiyyətlə, son vaxtlar qiymətlərin artmasına səbəb nədir?

Mediatv.az-ın məlumatına görə, mövzu ilə bağlı əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev “Yeni Müsavat”a dedi ki, hər il ənənəvi olaraq mart ayının sonlarından başlayaraq torpaq sahələrində qiymət artımları baş verir: “Bu daha çox fərdi həyət evləri ilə bağlı olur ki, yaz aylarından başlayaraq vətəndaşlar torpaq sahələri alır, həyət evlərinin tikintisinə başlayırlar. Torpaq sahəsi tükəndikcə, qiymət daha da bahalaşır. Bəziləri həyət evlərini alıb, söküb yerində başqa evlər tikirlər. Bu da həmin torpağın maya dəyərinə öz təsirini göstərir. Bu gün Bakı və Abşeron yarımadasında həyət evləri üçün yararlı olan torpağın bir sotu təqribən 3 mindən 400-500 min manata qədər dəyişir. 3-4 min manata olan torpaq sahələri daha çox kənarda, Abşeron ərazisində, çıxarışı olmayan kənar ərazilərdə yerləşir. Mərkəzə doğru gəldikcə isə qiymətlərdə ciddi artım var. Tam mərkəz ərazilərdə isə qiymətlər daha bahadır. Bunlar əsasən Nərimanov rayonu, keçmiş Teymur Əliyev küçəsi, Badamdar və sairə ərazilərdir ki, burada artıq torpaqların bir sotu təqribən 50 min manatdan 400-500 min manatadək arta bilir. Bundan əlavə, bəzi torpaq sahələri var ki, qeyri-yaşayış obyekti üçün nəzərdə tutulub və onların qiyməti hər yerdə bahadır. Yəni yol kənarında olan, qeyri-yaşayış obyekti üçün olan torpaq sahələrinin qiymətləri həyət evlərindən kəskin bahadır. Bu gün mərkəz ərazilərdə qeyri-yaşayış obyektinin bir kvadrat qiyməti 10 min manatdan 30-40 min manatadək dəyişir. Yəni 100 kavdratlıq obyektlərin qiyməti, 1 milyon, hətta 5-6 milyon manata qədər dəyişə bilir. Daha çox şəhərin tam mərkəz ərazilərində və Nərimanov rayonunun Ağa Nemətullah küçəsində qiymətlər çox bahadır. Memar Əcəmi ətrafında, fərq etmir, harada alış-satış daha sürətli gedirsə, orada torpaq sahələrinin qiyməti çox baha olur. Bir sotunu hətta 500 min manata alsalar belə, orada ikimərtəbəli qeyri-yaşayış obyekti tikib, 200 kvadratlıq olanda onun satış qiyməti hətta 2-3 milyona qədər dəyişə bilir”.

Ekspert əlavə edib ki, obyektlərin satış qiymətləri, həmçinin onların icarə qiymətləri ilə ölçülür: “Normalda bir obyektin icarə qiyməti onun satış qiymətinin 0,5 faizi nisbətində ölçülür. Bir obyektinin satış qiyməti bir milyon manatdırsa, onun icarə qiyməti təqribən 5 min manatdır. Hətta daha baha qiymətlərə təklif olunur. 100 min manatlıq obyektin icarə qiyməti təqribən 500 manat, bu minvalla 0.5 faiz nisbətində ölçülür. Obyekt alan şəxslər, yaxud obyektə yararlı torpaq sahəsi alan şəxslər ilk öncə həmin ərazidəki icarə qiymətləri ilə maraqlanır, alır, qeyri-yaşayış obyektinə çevirirlər. Çox insanlar bu gün Azərbaycanda rəsmi milyonçu olmasa da, yaxud bizdə rəsmi milyonçular siyahısı olmasa da, ancaq bu gün Azərbaycanda Bakı və digər böyük şəhərlərimizdə qeyri-yaşayış obyektləri var ki, onların satış qiymətləri on milyon manatlarla ölçülür. Sırf həmin obyektlərin qiymətləndirmələrini aparsaq, görərik ki, artıq bizdə rəsmi olaraq obyektlərinin dəyərləri ilə nisbətdə milyonçularımız həddən artıq çoxdur. Mərkəz ərazilərdə yerləşən obyektlərin qiymətləri milyonlarla ölçülür. Əmlak bazarında bazar iştirakçıları bu qiymətləri bilir. Bu obyektlərə tələbat həddən artıq çoxdur. Şəhər sıxlaşdıqca, əhali sayı artdıqca, həmin qeyri-yaşayış obyektlərin qiymətlərində artımlar olacaq. Həmçinin fərdi həyət evləri üçün yararlı olan torpaq sahələrinin qiymətlərində də artımlar olacaq.

Qeyri-yaşayış obyektləri üçün yararlı torpaq sahələri ən bahalı təklif olunan Səbayel, Nəsimi, Nərimanov rayonlarının mərkəzi ərazilərində qeyri-yaşayış obyektlərinin tikintisi üçün torpaq sahələri qıt olduğuna görə bəzən orada hər hansı evləri söküb onun torpağından qeyri-yaşayış obyekti kimi istifadə edirlər".




Xəbəri paylaş


 
 


Xəbər lenti