Statistika Komitəsinin rəqəmləri ilə reallıq arasında "uçurum" var - Əhalinin gəliri dayanmadan azalır

 
25-10-2023, 14:04            70 dəfə baxılıb
Əhalinin son illər real gəlirlərinin azalması barədə az yazmamışıq. Az qala hər rüb vəziyyət pisləşir. Hər dəfə Dövlət Statistika Komitəsi məlumat açıqlayanda durumun daha da qəlizləşdiyi üzə çıxır. Hökumət belə düşünmür. Hesab olunur ki, nominal gəlir artıbsa, narahatlığa əsas yoxdur. Amma qiymətlər nominal gəlirlə müqayisədə daha çox artır. Beləcə, real gəlirlərin payı azalır.
Əhalinin hər nəfərinə düşən orta alış-veriş məbləği 448 manat olub. Təkcə bu rəqəm əhalinin sosial durumunun necə ağır olduğunu göstərir. İş orasındadır ki, heç median əməkhaqqı 448 manata çatmır. Yəni ölkədə işləyən kəsimin yarıdan çoxu bir nəfərin orta alış-veriş məbləğini qazanmır.

Son bir ildə xərclər azı 14 faiz yüksəlib. Əhali onsuz da qazancının böyük hissəsini ərzağa xərcləmək məcburiyyətində qalır. Üstəlik, qeyri-ərzaq xərcləri 15 faiz artıb. 2021-ci illə müqayisə edəndə vəziyyətin xeyli pisləşməsi daha aydın görünür. Çünki bu müddət ərzində adambaşına düşən nominal gəlir cəmi 15 faiz artıb. Xərclərin isə 111 manat artdığı məlumdur. Yəni 33 faiz artım olub. Biz də yuxarıda bu haqda danışırdıq. Faktiki real gəlirlər azalıb.

Qərb ölkələri ilə bağlı statistikalar göstərir ki, orada əhali hər ay ərzağa gəlirin təxminən 10 faizini xərcləyir. Məsələn, Avstriyada və Niderlandda xərclər heç 10 faiz də etmir. Azərbaycanda isə qazancın 56 faizini ərzağa xərcləmək lazım gəlir.

Əhalinin aztəminatlı hissəsi daha çox hansı istiqamətlərə pul xərcləməli olur?
Yəqin ki, çörəyə, tərəvəzə, ictimai nəqliyyata, dərmanlara. Pis odur ki, məhz bu istiqamətlərdə qiymətlər çox artıb. Yəni əhalinin aztəminatlı kəsimi ağır zərbə alır. Hökumət israrla vəziyyətin normal olduğunu göstərməyə çalışır. Hər açıqlamada deyilir ki, gəlirlər artıb. Nominal gəlirlərin və qiymət qrafikini stolun üzərinə qoyub müqayisə aparsınlar. Əhali böyük itkilərlə həyatına davam edir.
//Bizimyol.info//



Xəbəri paylaş


 
 


Xəbər lenti