PENSİYA ALANLAR AZALIR, MÜAVİNƏT ALANLAR ARTIR... – Babayevin “qənaət siyasəti” nəyə səbəb olub?

 
13-05-2024, 14:11            71 dəfə baxılıb
Dövlət Sosial Müdafiə Fondunun (DSMF) açıqladığı məlumata görə, 2004-cü ilin aprel ayında yaşa görə, müavinət alanların sayı 150 min nəfərdən çox olub. Onların 29.7 fazini kişilər, 70.3 fazini isə qadınlar təşkil edib.
Dövlət Statistika Komitəsinin (DSK) məlumatına görə, 2024-cü il yanvarın 1-i vəziyyətinə DSMF-də 1 milyon 96 min nəfər pensiyaçı qeydiyyatda olub. Bu da ölkə əhalisinin 10,8 faizini təşkil edir. Onların 64 faizi yaşa, 23,6 faizi əlilliyə, 12,4 faizi isə ailə başçısını itirməyə görə pensiya alır.
DSK-nın məlumatına görə, 1 il əvvəl - 2023-cü ilin yanvarın 1-nə olan məlumata görə, DSMF-də 1 milyon 114,2 min nəfər pensiyaçı qeydiyyatda olub.
2022-ci il yanvarın 1-nə olan məlumata görə isə pensiya alanların sayı 1 milyon 200 min 500 nəfər olub.
2020-ci il məlumatları isə belədir: yanvarın 1-də Dövlət Sosial Müdafiə Fondunda 1270,6 min nəfər pensiyaçı qeydiyyatda olub. Bu da ölkə əhalisinin 12,8 faizini təşkil edir. Onların 58,4 faizi yaşa, 30,2 faizi əlilliyə, 11,4 faizi isə ailə başçısını itirməyə görə pensiya alır.
Bu statistika nədən xəbər verir?
Əvvəldən başlayaq. Ölkədə yaşa görə müavinət alanların sayının 150 min nəfəri keçməsi o deməkdir ki, vətəndaşlar arasında 65 yaşı tamam olsa da pensiya kapitalının yetərli səviyyədə olmadığına görə dövlətdən 220 manat müavinət alanların sayı hər il sürətlə artır. Bu, Azərbaycanda dayanıqlı iş yerlərinin yetərli olmadığından və pensiya kapitalının (40320 manat) minlərlə vətəndaş üçün əlçatmaz olmasından xəbər verir.
Yəni, əmək qabiliyyətli vətəndaşların bir çoxu ya az maaşa çalışıb, ya da qeyri-rəsmi işlərdə işlədiyinə görə, pensiya ala bilmir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ölkənin əmək bazarında mövcud durumu bilə-bilə pensiya təyinatının kapitala uyğunlaşdırlmasını tənzimləmək istəmir. Azərbaycanda təxminən 1.8 milyon nəfər muzdla çalışır, onarın 500 mindən artığı 350-550 manat maaş (median əməkhaqqı) alır. Bu vətəndaşlar 40 il fasiləsiz işləsələr belə, pensiya kapitalını toplayıb 65 yaşında əmək pensiyası ala bilmirlər.


Bu səbəbədən ölkədə əmək pensiyası alanların sayı ilbəil aşağı düşür. Təqdim olunan statistik məlumatlardan aydın görünür ki, 4 il ərzində pensiya alanların sayı 170 min nəfərdən çox azalıb. Əksinə, yaşa görə müavinət alanların sayında kəskin artım var. Belə ki, əgər, 2021-ci ilin 1 yanvar statistikasına görə, ölkədə 102 min nəfər aylıq 220 manat müavinət alırdısa, 3 il ərzində bu rəqəm 50 min nəfər artıb.
Statistikada diqqətçəkən başqa bir məqam 65 yaşa çatan qadınların və kişilərin sayında kəskin fərqlərin olmasıdır. Bu, əsasən iki amillə bağlıdır. DSK-nın məlumatına görə, ölkədə kşilərin 48 faizi qədər pensiya yaşına çatmamış vəfat edir. Qadınlar arasında bu göstərici aşağı olsa da, onların pensiya yaşının 2027-ci ilə qədər hər il 6 ay artırılaraq 65 yaşa çatdırılmasına görə, dinamika artıma meyllidir.
Son 4 ilin statistikasında ölkədə ümumi pensiya alanların əhalinin ümumi sayına nisbətən çəkisi 12.8 faizdən 10.8 faizə düşüb. Bu, isə dünyada orta göstəricilərdən (12-16 faiz) xeyli aşağıdır.
Beləliklə, Azərbaycanda mövcud pensiya sistemi vətəndaşların konstitusion hüquqlarını pozur və onun əhəmiyyətli hissəsini pensiya almaq hüququndan məhrum edir. Pensiya yaşının əhalinin orta ömrünə nisbətədə yüksək olması, pensiya kapitalı ilə əmək bazarındakı maaşların və dayanıqlı iş yerlərinin uyğun gəlməməsi, əlillik təyinatlarında bürokratiya, ağır şərtlər yaşlı və fiziki məhdudiyyətli insanlara ciddi problemlər yaradır.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi hökumət qarşısnda sosial xərclərdən etdiyi yüz milyonlarla qənaətlərlə öyünməkdənsə, büdcədən daha çox vəsait əldə edib yaşlı və fiziki məhduiyyətli, qayğıya ehtiyacı olan vətəndaşların sosial durumunu yaxşılaşdırmalıdır.
Yüksək inflyasiya, bahlıq və manatın alıcılıq qabiliyyətinin azaldığı dövrdə bu, hökumətin əsas prioritetlərindən biri olmalıdır.



Xəbəri paylaş


 
 


Xəbər lenti