Vüqar Qurbanovun kadrları yoxlanılır - Növbə Elçin Bilalova da çatacaq...

 
7-04-2026, 09:34           


Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İcraçı direktoru Vüqar Qurbanovun vəzifəsindən azad edilməsindən sonra sosial şəbəkələrdə və mediada son vaxtlar silsilə məlumatlar yayılır. Sabiq İcraçı direktorun kadr siyasəti gündəmdən düşmür.
Qeyd edək ki, bu məlumatlarda məhz Vüqar Qurbanovun təqdimatı ilə TƏBİB-in tabeliyində olan Xəstəxanalara təyin edilmiş vəzifəli şəxslər tərəfindən əsassız olaraq əməkhaqqı ödənilməsindən tutmuş, digər yollarla dövlət büdcəsinə məxsus külli miqdarda vəsaitin mənimsənilməsi və israf edilməsinə qədər hər cür xəbər tapmaq olar.
Qəribə burasıdır ki, bir çox xəstəxanalarda vəzifəli şəxslər tərəfindən yol verilən ciddi noqsanlara baxmayaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin rəhbərliyi bunlara göz yumub, bəzi hallarda isə onları hətta yeni işlə mükafatlandırıb. Belə şəxslərdən biri də hazırda Kürdəmir rayon Mərkəzi Xəstəxanasının direktoru Elçin Bilalovdur.
Elçin Bilalov 2021-ci ilin dekabr ayına qədər Göyçay rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin direktoru olub. Göyçay sakinlərinin çoxsaylı narazılıqlarından və Malaiyyə Nazirliyi tərəfindən aparılmış yoxlama zamanı aşkar olunmuş maliyyə çatışmazlıqları səbəbindən tutduğu vəzifədən azad edilib. Elçin Bilalovun Göyçay rayon Mərkəzi Xəstəxanasına rəhbərlik etdiyi dövrdə rayon sakinlərinin çoxsaylı şikayətlərinə elektron mediada və sosial şəbəkələrdə hələ də rast gəlmək mümkündür.  Elçin Bilalovun Göyçay xəstəxananın həyətində kafe-qumarxana açmasından tutmuş, xəstələrinin dərmanlarını aptekdə satdırmasına qədər məlumatlar var.
Bəs necə oldu ki, Göyçay rayon Mərkəzi Xəstəxanasındakı yeyinti faktlarından sonra Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin rəhbəri olaraq Vüqar Qurbanov ona yenidən etimad göstərərək Kürdəmir rayon Mərkəzi Xəstəxanasına direktor təyin edib. Qeyd edək ki, Elçin Bilalov Göyçaydakı problemlərdən yaxa qurtardıqdan sonra Ağdaş Mərkəzi Xəstəxanasının nəzdində olan Tofiqi Ailə Sağlamlıq Mərkəzinin müdiri vəzifəsinə təyin edilib. Bir müddət gözdən uzaq yerdə çalışan Elçin Bilalov TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanovun təqdimatı ilə 19 fevral 2024-cü ildə Kürdəmir rayon Mərkəzi Xəstəxanasına direktor təyin edilib.
Qeyd edək ki, Elçin Bilalovun Kürdəmir rayon Mərkəzi Xəstəxanasına direktor təyin edilməsinin artıq iki ili tamam olub.  Bu iki il ərzində Baş Prokurorluğunun Mətbuat xidmətinin yaydığı məlumatlara görə 2024-cü ilin martında azyaşlının ölümü ilə bağlı"Kürdəmir Rayon Mərkəzi Xəstəxanası” PHŞ-də həkim müayinəsindən keçməsinə baxmayaraq, müayinələr zamanı ağciyərlərin hemorragik pnevmoniyasının müəyyən edilməməsi və onun həmin xəstəlik səbəbindən ölməsi faktı ilə bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi, 2025-ci ilin may ayında isə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasında “kəskin appendisit diaqnozu” ilə  cərrahi əməliyyat olunmuş 1987-ci il təvəllüdlü Pərvanə Abdullayevanın mayın 13-də vəfat etməsi faktı üzrə Kürdəmir rayon prokurorluğunda cinayət işi açılıb.
Bunlar Elçin Bilalovun rəhbərliyi ilə Kürdəmir rayon Mərkəzi Xəstəxanasında baş verənləriin ictimaiyyətə açıqlanmış az bir hissəsidir. Araşdırılarsa Elçin Bilalovun rəhbərliyi ilə Kürdəmir rayon Mərkəzi Xəstəxanasında keçirilmiş dövlət satınalmalarında da ciddi qanun pozuntuları aşkarlana bilər.
Məlum olduğu kimi Vüqar Qurbanov artıq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin İcraçı direktoru vəzifəsindən azad edilib. Onun vəzifə başında olduğu dövrdə külli miqdarda dövlət vəsaitinin müxtəlif yollarla talan olunduğu iddia edilir. Məlumatlara görə aidiyyatı qurumlar bu yondə yoxlamalara başlayıb. Həmçinin Vüqar Qurbanovun təyin etdiyi kadrların da fəaliyyəti yoxlanacaq. Çox güman ki, onlardan biri də Vüqar Qurbanovun Kürdəmir rayon Mərkəzi Xəstəxanasına direktor təyin etdiyi Elçin Bilalov olacaq.
 
Əyalətmedia.az
 
 



Xəbəri paylaş


 
 


Xəbər lenti