“Dövlət xəstəxanasında gizli biznes: izlər silinir?”

 
7-04-2026, 10:30           
Bir müddət əvvəl dərc etdiyimiz “Dövlət xəstəxanası yoxsa gizli estetik klinika?” sərlövhəli məqalədə LOR həkimi Elmir Qəhrəmanlının fəaliyyəti ilə bağlı ciddi iddiaları gündəmə gətirmişdik.Yazını (https://mediatvaz.com/karusel/132852-q.html) burdan oxuya bilərsiniz. Həmin yazıda qeyd olunurdu ki, o, dövlət tibb müəssisəsində yarımştat çalışsa da, əsas fəaliyyətini özəl sektorda qurub və ən narahatedici məqam – dövlət xəstəxanasında estetik və kosmetik əməliyyatların aparılmasıdır.İddialar açıqdır və ağırdır: dövlət tibb müəssisəsində qeyri-qanuni estetik əməliyyatlar həyata keçirilib, bu əməliyyatlar saxta diaqnozlarla sənədləşdirilib, vətəndaşlardan yığılan minlərlə manat dövlət büdcəsindən yayındırılaraq kimlərinsə cibinə axıdılıb. Ən dəhşətlisi isə budur ki, bu proses sistemli şəkildə həyata keçirilib.Elmir Qəhrəmanlının xəstəxanaya yalnız “pul gətirən” əməliyyatlar zamanı gəlməsi ilə bağlı məlumatlar isə vəziyyətin nə qədər biabırçı həddə çatdığını göstərir. Dövlət müəssisəsi faktiki olaraq şəxsi biznes obyektinə çevrilib – nəzarət isə ya yoxdur, ya da bilərəkdən susdurulub. Mediatvaz.com-a daxil olan məlumata görə, qalmaqallı məqalədən dərhal sonra xəstəxananın direktoru Günay Muradova tələsik qərar verərək Elmir Qəhrəmanlını işdən azad edib. Amma bu addım problemləri həll etmir – əksinə, daha böyük şübhələr yaradır. Sual açıqdır: bu, qanunsuzluqlara qarşı tədbirdir, yoxsa ortaya çıxmış faktların izini itirmək cəhdi? Əgər məsələ həqiqətən də araşdırılsa, Elmir Qəhrəmanlının işə davamiyyəti çox asanlıqla müəyyən edilə bilər. Müasir texnologiyalar dövründə iş günlərində onun mobil telefonunun yerləşmə məlumatları belə yoxlanılsa, xəstəxanada olub-olmaması aydın şəkildə ortaya çıxar. Bu halda, işə gəlmədiyi günlər üçün ona əmək haqqı yazılıb-yazılmadığı da üzə çıxar.Bu isə artıq təkcə bir həkimin deyil, bütövlükdə idarəetmənin məsuliyyəti məsələsini gündəmə gətirir. Çünki belə halların uzun müddət davam etməsi rəhbərliyin ya xəbərsiz olmadığını, ya da bilərəkdən göz yumduğunu deməyə əsas verir. Günay Muradova ilə bağlı redaksiyamıza daxil olan digər məlumatlar isə daha ciddi xarakter daşıyır. Bu məlumatlara aydınlıq gətirilməsi üçün aidiyyəti qurumlara rəsmi sorğular göndərmişik. Cavablar daxil olduqdan sonra məsələ ilə bağlı daha geniş və faktlara əsaslanan araşdırma yazısını təqdim edəcəyik.Əgər bu qurumlar da susacaqsa, bu, artıq təkcə bir xəstəxananın deyil, ümumilikdə səhiyyə sisteminin iflası demək olacaq. Dövlət xəstəxanalarının “kölgə klinika”ya çevrilməsi, vətəndaşın cibinə girilməsi və büdcənin talan edilməsi faktları qarşısında susmaq mümkün deyil. Bu məsələdə ya hüquq danışacaq, ya da bu səssizlik daha böyük biabırçılıqların yolunu açacaq.
Qarşı tərəfin cavab haqqını tanıyırıq
Mediatvaz.com









Xəbəri paylaş


 
 


Xəbər lenti