Lənkəranda ” Dairəvi qala”nın bərpası işləri Ülvi Quliyevin oğluna məxsus şirkətə verildi

 
7-04-2026, 12:45           
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tabeliyində “Əsaslı Tikinti və Təchizat” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Lənkəran şəhərində yerləşən ” Dairəvi qala”nın bərpası işlərinin satın alınması üzrə 21.10.2025-ci ildə başlanmış açıq tenderə yekun vurulub. Ehtimal qiyməti 2.336.840,14 manat olan müsabiqənin qalibi “DİLER İNŞAAT” Qapalı Səhmdar Cəmiyyəti seçilib və tərəflər arasında  1.872.243 manat dəyərində satınalma müqaviləsinin bağlanılması gözlənilir.
Qeyd edək ki, hələ 2023-cü ilin may ayında medianın yaydığı məlumata görə Lənkəranda tarixi “Dairəvi qala”nın (Zindan qala) bərpa işlərinə başlanılıb.
Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti isə 2025-ci ilin dekabrında isə məlumat yayıb ki, bir neçə il öncə qalanın dam örtüyünün çökməsi nəticəsində abidə qəzalı vəziyyətə düşüb. Qalanın bərpası ilə bağlı 2019-cu ildə ilkin layihə-smeta sənədləri hazırlanıb. Ötən dövrdə tarixi abidədə təbii təsirlərdən baş verən dəyişiklikləri nəzərə alaraq, 2024-cü ildə əlavə layihə-smeta sənədləri hazırlanıb və aidiyyəti üzrə ekspertizadan keçirilib. Yaxın zamanda qalanın bərpasına başlanılacaq.
Nazirliyin qalanın bərpa işlərinin layihə-smeta sənədləri hazırlanmasına nə qədər vəsait ayırdığı məlum deyil. Amma “Dairəvi qala”nın bərpa işlərinə iki milyon manata yaxın vəsaitin ayrılması diqqət çəkir.
Qeyd edək ki, “Diler İnşaat” Qapalı Səhmdar Cəmiyyəti ictamiyyətə tanış şirkətdir. Qeyd edək ki, şirkət yalnız 16.12.2025-ci ildə Ağdam, Füzuli və Xocavən Rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti tərəfindən Ağdam şəhəri 5 nömrəli yaşayış massivi üzrə yaşayış və qeyri-yaşayış binalarının daxili kommunikasiya işlərinin və avadanlıqların satın alınması ilə bağlı tenderin qalibi olub.  Bu tender üzrə satınalma müqaviləsinin maliyyə dəyəri 31 934 173,84 manat olub.
“Diler İnşaat” QSC bundan əvvəl Ağdam, Füzuli və Xocavən Rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin Ağdam şəhəri 5-ci yaşayış massivi, məhəllə O-121 üzrə binaların tikintisi işlərinin satın alınması ilə bağlı tenderinin qalibi seçilmişdi. Şirkət bu tender üzrə qurumdan 8 050 336,09 manatlıq sifariş almışdı.
Ağdam, Füzuli və Xocavən Rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin satınalma müsabiqələrində “Diler İnşaat” QSC-yə üstünlük verməsi təsadüfi deyil. Bu şirkət sıradan bir sahibkara məxsus deyil. Rəsmi mənbələrdə qeyd edilir ki, “Diler İnşaat” QSC 28 oktyabr 2016-cı ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 2020 manatdır. Şirkətin hüquqi ünvanı Yasamal rayonu, Moskva prospekti, ev 73A-da yerləşir. QSC-nin qanuni təmsilçisi Süleymanov Elxan Füzuli oğludur.
Elxan Süleymanov haqqında açıq mənbələrdə heç bir məlumat yoxdur. Görünür, bu şəxsin şirkəti təmsilçiliyi formal xarakter daşıyır.
“Diler İnşaat” QSC-nin əsl sahibi Orxan Quluzadədir. O, deputat Ülvi Quliyevin oğludur. Şirkətin Orxan Quluzadəyə məxsus olması barədə mediada da məlumatlar yer alıb. Qarşı tərəf bu məlumatları təkzib etməyib.
Rəsmi mənbələrdə, Dövlət Vergi Xidmətinin hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “DİLER İNŞAAT” (VÖEN: 1403566801) Qapalı Səhmdar Cəmiyyətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində 28.10.2016-cı il tarixdə dövlət qeydiyyatına alındığı göstərilib. Reyestr məlumatlarında nizamnamə kapitalı 2010 manat olan QSC-nin hüquqi ünvanı BAKI ŞƏHƏRİ, YASAMAL RAYONU, MOSKVA PROSPEKTİ, ev.73A, qanuni təmsilçisinin isə Süleymanov Elxan Füzuli oğlu olduğu qeyd edilib.
Qeyestr məlumatlarına edilmiş dəyişikliklərdə “Diler İnşaat” QSC 2016-ci ilin oktyabrında “ORXAN 1989” Məhdud Məsuliyyətli Cəmiyyəti kimi dövlət qeydiyyatına alınıb. Elə həmin ilin noyabrında adını dəyişdirərək “Diler İnşaat” MMC olub. 01.07.2021-ci ildə təşkilati hüquqi formasını dəyişərək Qapalı Səhmdar Cəmiyyətinə çevrilib. Təsisçisi və ilk qanuni təmsilçisi Qurbanov Turan Qurban oğlu olub. Onun barəsində açıq mənbələrdə heç bir məlumat yoxdur.
Şirkətin ilk adından da göründüyü kimi Orxan Quluzadə tərəfindən təsis edilib. Həmçinin şirkətin saytında Orxan Quluzadənin təsisçi kimi müraciəti yer alır. Bu faktlar “Diler İnşaat” QSC-nin deputatn oğluna məxsus olduğuna şübhə yeri qoymur.
Qeyd edək ki, Mədəniyyət Nazirliyi tabeliyində “Əsaslı Tikinti və Təchizat” Məhdud Məsuliyyətli Cəmiyyəti Nazirlər Kabinetinin 15 oktyabr 2022-ci il tarixli qərarı ilə yaradılıb. MMC-nin direktoru Vəliyev Rafiq Mustafa oğludur.  O, həm də ölkəmizdə fəaliyyət göstərən yaradıcı şirkətlər, təşkilatlar, assosiasiya və birliklər, yaradıcı fərdləri birləşdirən və müasir iqtisadiyyatın əsas aparıcı sahələrindən biri olan yaradıcı biznes və sənayelərin inkişafı məqsədilə 2021-ci ildə təsis edilmiş Azərbaycan Yaradıcı Sənayelər Federasiyasının üzvüdür. Lakin “Əsaslı Tikinti və Təchizat” MMC-nin direktoru kimi deyil, “FİL AGENCY” MMC-nin direktoru olaraq 2024-cü ilin oktyabr ayına qədər.
Medianın yazdığına görə bu dövrdə  “Əsaslı Tikinti və Təchizat” MMC Azərbaycan Yaradıcı Sənayelər Federasiyasının  ən bahalı tenderlərini 4-5 şirkətə verib. Onlardan biri də vaxtı ilə Rafiq Vəliyevin rəhbərlik etdiyi  “FİL AGENCY” MMC olub.
 
Aktualinfo.net
.



Xəbəri paylaş


 
 


Xəbər lenti