Nurlan Quliyevin “Azfar med” QSC-yə olan sevgisi yüz milyonlarla ölçülür
10-04-2026, 13:27
“İnnovasiya və Təchizat Mərkəzi” publik hüquqi şəxsi “Xroniki böyrək çatışmazlığı üzrə Tədbirlər Proqramının icrası məqsədilə hemodializ prosedurunun yerinə yetirilməsi zamanı istifadə olunan tibb vasitələri”nin satın alınması (2026-cı il) üzrə 26.12.2025-ci ildə başladığı açıq tenderə yekun vurub. Müsabiqənin qalibi “AZFAR MED” Qapalı Səhmdar Cəmiyyəti seçilib və tərəflər arasında 31.174.538 manat məbləğində satınalma müqaviləsinin bağlanılması gözlənilir. Məlumat satınalmaların portalında 09.04.2026-ci ildə dərc edilib.Şərtlər toplusuna görə ehtimal qiyməti 32.432.378,77 manat hesablanmış tenderdə QSC İnnovasiya və Təchizat Mərkəzini 623.700 ədəd Hemodializ üçün AV-set, 192.500 ədəd Hemodializator effektiv membran səthi 1.4 m², 362.500 ədəd Hemodializator effektiv membran səthi 1.8 m², 334.700 ədəd Arterial fistula iynəsi 16 A, 351.800 ədəd Venoz fistula iynəsi 16 V və bu kimi 16 adda tibb vasitələri ilə təchiz etməlidir.
Qeyd edək ki, bu İnnovasiya və Təchizat Mərkəzi ilə “AZFAR MED” QSC arasında bağlanan ilk satınalma müqaviləsi deyil. Tərəflər arasında 2024-cü ildən bu yana 8 satınalma müqaviləsi bağlanılıb.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi QSC ilə “Tibb müəssisələrinin istifadəsi üçün spesifik tibbi ləvazimat və sərfiyyat materiallarının satın alınması üzrə 40.249,22 manat dəyərində müqaviləni 08.12.2023-cü ildə bağlayıb.
Mediada 19 İyun 2023-cü ildə yayılmış məlumatda “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi” xroniki böyrək çatışmazlığı üzrə Tədbirlər Proqramının icrası üzrə məsrəf mallarının satın alınması məqsədilə “Azfar Med” QSC ilə 22 821 000 manat dəyərində satınalma müqaviləsi imzalandığı yazılıb.
“Xroniki böyrək çatışmazlığı üzrə Tədbirlər Proqramının icrası məqsədilə hemodializ prosedurunun yerinə yetirilməsi zamanı istifadə olunan dializ sərfiyyat malları”nın satın alınması üzrə 23.788.075,48 manat dəyərində 06.06.2024-cü ildə.
TƏBİB tabeliyinə verilən dövlət səhiyyə sisteminə daxil olan tibb müəssisələrinin intensiv terapiya və əməliyyatxana şöbələrində istifadə üçün nəzərdə tutulmuş tibbi sərfiyyat malları”nın satın alınması üzrə 396.915,28 manat dəyərində 16.10.2024-cü ildə.
“Ümumi cərrahiyyə və diaqnostik müayinələr üzrə tibbi sərfiyyat malları”nın satın alınması üzrə 2.215.703,11 manat dəyərində 10.12.2024-cü ildə.
“Xroniki böyrək çatışmazlığı üzrə Tədbirlər Proqramının icrası məqsədilə hemodializ prosedurunun yerinə yetirilməsi zamanı istifadə olunan sərfiyyat malları”nın satın alınması üzrə 3.717.792,96 manat dəyərində 04.02.2025-ci ildə.
“Xroniki böyrək çatışmazlığı üzrə Tədbirlər Proqramının icrası məqsədilə hemodializ prosedurunun yerinə yetirilməsi zamanı istifadə olunan hemodializ cihazları”nın satın alınması üzrə 3.112.427 manat dəyərində 04.02.2025-ci ildə.
“Xroniki böyrək çatışmazlığı üzrə Tədbirlər Proqramının icrası məqsədilə hemodializ prosedurunun yerinə yetirilməsi zamanı istifadə olunan sərfiyyat malları”nın satın alınması üzrə 28.508.475,5 manat dəyərində 30.04.2025-ci ildə.
“Tibb müəssisələrinin hemodializ şöbəsi üzrə tibbi sərf malları”nın satın alınması üzrə 1.271.971,56 manat dəyərində 20.08.2025-ci ildə.
TƏBİB tabeliyinə verilən dövlət səhiyyə sisteminə daxil olan tibb müəssisələrinin qastroenterologiya, ginekologiya, urologiya və kardiologiya şöbələrində istifadə üçün nəzərdə tutulmuş tibbi sərfiyyat malları”nın satın alınması üzrə 164.367,49 manat dəyərində 30.09.2025-ci ildə.
Göründüdüyü kimi İnnovasiya və Təchizat Mərkəzi 08.12.2023-cü ildən 30.09.2025-ci ilə qədər, yəni iki il ərzində “AZFAR MED” QSC ilə ümumi dəyəri 63 175 725 manat olan 8 satınalma müqaviləsi bağlayıb. Son bağlanılması planlaşdırılan müqavilə üzrə ayrılan vəsaiti də bura əlavə etsək bu 94 350 263 manat təşkil edir.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin 2023-cü ildə bağladığı müqaviləni də nəzərə alsaq “AZFAR MED” QSC-nin son 3 ildə 117 211 51 manat dəyərində tenderlər “udduğunu” görmüş oluruq.
İndi gəlin görək “AZFAR MED” QSC-nin barəsində açıq mənbələrdə nə kimi məlumatlar var.
Dövlət Vergi Xidmətinin hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “AZFAR MED” (VÖEN: 1405379621) Qapalı Səhmdar Cəmiyyətinin 07.01.2021-cı il tarixdə Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 2000 manat olan QSC-nin hüquqi ünvanının , BAKI ŞƏHƏRİ, NƏSİMİ RAYONU, ABBAS SƏHHƏT, ev.81, m.6, qanuni təmsilçisi kimi isə Tağı-zadə Toğrul Eldar oğlu qeyd olunub. MMC kimi dövlət qeydiyyatına alındıqdan cəmi 7 ay sonra təşkilati hüquqi formasını dəyişərək Qapalı Səhmdar Cəmiyyətinə çevrilib.
Medianın 17 Avqust 2023-cü ildə yaydığı məlumata görə “Azfar med” Qapalı Səhmdar Cəmiyyəti barəsində inzibati protokol tərtib olunub. 8 yanvar 2025-ci ildə yayılan məlumata görə “Azfar Med” QSC, gömrük bəyannaməsini və sənədləri vaxtında təqdim etmədiyi üçün İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə cərimələnib. Şirkət barəsində məhkəmə tərəfindən inzibati cərimə qərarı çıxarılb.
QSC barəsində açıq mənbələrdə olan məlumatlar bu qədərdir. Hər il dövlətdən milyonlarla manat sifarişi alan “Azfar med” QSC-nin açıq mənbələrdə illik maliyyə hesabatlarına də rast gəlinmir.
Qeyd edək ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Kommersiya təşkilatlarının illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının təqdim edilməsi və dərc edilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında 2010-cu il 27 may tarixli, 97 nömrəli qərarı var. Həmin qərarın 5-ci ( İllik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının dərc edilməsi) bəndində göstərilir:
5.1. “Dövlət sirri haqqında” və “Kommersiya sirri haqqında” Azərbaycan Respublikası qanunlarının tələbləri nəzərə alınmaqla, ictimai əhəmiyyətli qurumlardan və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını hazırlayan kommersiya təşkilatlarından (mikro və kiçik sahibkarlıq subyektləri istisna olmaqla), habelə dövlət zəmanəti ilə kredit alan və ya dövlət borcunun xərclənməsi ilə bağlı layihələrdə iştirak edən, həmçinin büdcədən subsidiya, subvensiya, qrant və ya müəyyən səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı büdcə vəsaiti ayrılan kommersiya təşkilatlarından həmçinin aşağıdakılar tələb olunur:
5.1.1. qurumun internet səhifəsi olduqda, həmin məlumatlardan sərbəst istifadə edilməsini təmin etmək şərtilə, illik maliyyə hesabatının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının qanunla müəyyən edilmiş hallarda auditor rəyi ilə birlikdə həmin internet səhifəsində və ya mətbu orqanda dərc olunması;
Amma internet axtarış sistemləri üzərindən apardığımız araşdırmada “Azfar med” QSC -nin son illər büdcədən müəyyən səlahiyyətlərin yerinə yetirməsinə baxmayaraq illik maliyyə hesabatları barədə məlumat yoxdur. Bu da Nazirlər Kabinetinin Qərarının pozulması deməkdir. Göründüyü kimi, “Azfar med” QSC son illər müxtəlif inzibati xətalar törətdiyinə görə dəfələrlə məhkəmələrə cəlb edilib, müəyyən miqdarlarda cərimələr tətbiq edilib, illik maliyyə hesabatının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatları barədə heç bir məlumat dərc etməyib. Buna baxmayaraq “Azfar med” QSC yenə də satınalmalarda iştirak edir, qalib çıxır.
Buna şəraiti kimlər yaradır? ilk növbədə “İnnovasiya və Təchizat Mərkəzi” publik hüquqi şəxsin direktoru Nurlan Quliyev. Mediada və tibb ictimaiyyəti arasında Nurlan Quliyevin adı daha çox Zaur Əliyevin “gizli kassası” kimi hallanır. İddialara görə, Nurlan Quliyev tenderlərdə iştirak edən şirkətləri özünün “qaydaları” çərçivəsində sıxışdıraraq, onlar üzərindən manipulyasiya əməliyyatları həyata keçirir.
Göründüüy kimi “Azfar med” QSC-nin də dövlət satınalmalarında iştirakı İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən başlayıb, İnnovasiya və Təchizat Mərkəzi ilə işbirliyi davam etdirilir.
Qeyd edək ki, Nurlan Quliyev 2023-cü ilin iyun ayından “İnnovasiya və Təchizat Mərkəzi”nin direktorudur. “Azfar med” QSC-nin də sözügedən qurumun tenderlərində qalib çıxması da məhz 2023-cü ilin sonlarına təsadüf edir. Göründüyü kimi Nurlan Quliyev “Azfar med” QSC olan sevgisi illərdir davam edir və yüz milyonlarla ölçülür.
Medianın yaydığı məlumatlara görə Nurlan Quliyev İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyyətinin sədri olmuş Zaur Əliyevin kadrıdır. Vəzifə pilləsində yüksəlişi də birbaşa onunla bağlıdır. Vaxtı ilə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Satınalma və Təchizat Departamentinin müdiri vəzifəsində çalışıb.
Məlum olduğu kimi kimi martın 19-da İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (İTSDA) ləğv edilərək səlahiyyətləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN) həvalə edilib. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin keçmiş İdarə Heyətinin sədri Zaur Əliyev Prezidentin 07.04.2026-ci il tarixli Sərəncamı ilə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini təyin edilib.
Aktualinfo.net
Xəbəri paylaş



























