“Fidan Zeyn həm salonumu işlədib pul qazanır, həm də həbs olunmağıma çalışır”

 
Bu gün, 14:17           
“Beautytime” salonlar şəbəkəsinin rəhbəri Könül Həmzəyeva ilə bloqer Fidan Zeyn və özünü “life coch” kimi təqdim edən “Azerina” ləqəbli Əfsanə Qasımlı arasındakı qalmaqal daha da alovlanıb. Könül və Fidan arasındakı məhkəmə prosesi isə bir neçə aydır davam edir. 
“Əyalətmedia.az” xəbər verir ki, Könül Həmzəyeva Axşam.az-a açıqlamasında bəzi məqamlardan danışıb.
O bildirib ki, F.Zeyn onun biznesini ələ keçirib və əlavə olaraq ondan pul tələb edir, üstəlik həbs olunmasına çalışır. 
“İş xanımıyam, uzun illərdir sahibkarlıq fəaliyyəti ilə məşğul olmuşam. Fidan Zeyn isə beş il idi ki, mənim yanımda bloqer kimi çalışırdı. Sonra gözəllik salonu açmaqla bağlı ideyam oldu. Salonun bütün xərclərini mən qarşılamışam. Fidan Zeyn isə bu işə sonradan pul qoyub. O, verdiyi ifadələrində də bunu təsdiqləyib. Səhhətimdə yaranan problemə görə xəstəxanada müalicə aldığım vaxt iki aya qədər Fidanın anası salonda işləyib. Bu biznesi öyrəndikdən sonra gəlirli olduğunu görüb və işi öz əllərinə keçirmək üçün plan qurublar. Obyektin sahibi ilə danışaraq ona icarəhaqqını ödəmək şərti ilə salondan bir müddətlik uzaqlaşacağını, məni bu biznesdən kənarlaşdırdıqdan sonra yenidən qayıdacağını söyləyib. Onlar məni dələduzluqda ittiham edərək biznesi ələ keçirmək planı qurublar”, - o qeyd edib.
K.Həmzəyeva deyib ki, Əfsanə Qasımlı onunla tanışlığa özü təşəbbüs göstərib: “Özünü mənə “yaşam koçu” kimi tanıdan Əfsanə Qasımlı meditasiya ilə məşğul olduğunu söyləmişdi. Bu adla baha qiymətli daşlar satıb, mənim adımı dəyişdiyim halda işlərimin yaxşı gedəcəyinə inandırıb. Hətta mən ona nisyə avtomobil belə götürmüşəm. Hansı ki həmin avtomobilin pulunu hələ ödəməyib. Avtomobilin ödənişi ilə bağlı saxta qəbzlər göndərib. Mənə borcu olduğu halda, Nigar adlı psixoloqu da manipulyasiya edərək avtomobilin yeni yox, sürülmüş maşın olduğuna dair rəy almağa çalışıb. Məqsədi avtomobili istifadə edib qaytarmaq, mənə şər atmaq olub. 

Mütəmadi olaraq öz sosial şəbəkə hesablarında açıqlama verərək özlərini təmizə çıxarmağa, məni isə dələduzluqda ittiham edərək biznes imicimə zərbə vurub biznesi ələ keçirməyə çalışıblar.
Azerina və Fidan mənə qarşı şikayətçilərdən ibarət şər, böhtan ataraq qrup toplayırlar. Pulumu mənimsəyən, qanunla cinayət işi açılan, ev həbsində olan Röyal Masiyevlə danışaraq birgə planlar qurublar. Azerina isə yeznəsi və əmisinin adından hədə-qorxu gəlir, müxtəlif orqanlara rüşvət verir ki, heç kəs ona toxunmasın. Məndə bunu təsdiqləyən səsyazıları da mövcuddur. Hamısını istintaqa təqdim etmişəm”.
İş xanımı əlavə edib ki, illərdir qurduğu salonun gəlirini hazırda Fidan Zeyn götürür: “Zəhmətimlə, qoyduğum külli miqdarda pulla təmir etdirdiyim, aldığım mebel və avadanlıqlar üzərində qurulan biznesdən haqsız şəkildə kənarlaşdırılmışam. Təəssüf ki, bu gün həmin məkan - mənim salonum başqa ad altında, mənim haqqım nəzərə alınmadan istifadə olunur. Üstəlik, mənə qarşı əsassız iddialar irəli sürülür. Həbsim tələb olunur. Mənim bir əziyyətlə qurduğum iş mənimsənilib, amma öz kimliklərindən, böyük səhifələrindən istifadə edən bu xanımlar bütün sülaləsini yığıb, mənim salonumu işlədib, hələ məndən pul da istəyirlər. Məqsədləri məni işdən uzaqlaşdırmaq, şərləmək idi. Fidan şərikli açdığımız salondan məni uzaqlaşdırdı, hər şeyi özünə götürdü. İndi də deyir ki, borcumu qaytar”.
K.Həmzəyeva “Fidan Zeyn ona pul ödədiyinizi açıqlayıb. Necə oldu ki, ona borcunuz olmadığı halda pul ödədiniz?” sualına belə reaksiya verib: “Vəkillər mənə işə baxılmamış Fidana pul ödəməli olduğumu söylədilər. O zaman mən də Fidana biznesə sonradan şərik kimi qoyduğu puldan 12 min manat və 6 min ABŞ dolları pul verdim. Onda Fidan salonu işlətmirdi. Amma indi mənim xərc çəkərək qurduğum salondan qazancı Fidan götürür. Üstəlik məndən yenə də pul tələb edir. Axı bu salondan Fidan qazanır. İndi ona verdiyim həmin pullarımı da geri tələb edirəm. Biznes dəyərləndirilməli, mənim şəxsi nüfuzuma və biznes imicimə dəymiş zərər, eləcə də biznesi ələ keçirdiklərinə görə təzminat ödəməlidirlər. Onlar məni sosial şəbəkədə şantaj edərək özümə qəsd etməyə məcbur ediblər. Onlar məni müxtəlif yollarla həbs etdirmək istəyirlər. Halbuki məndə onların günahı olduğunu sübut edən videolar var. Mən aidiyyəti qurumlardan kömək istəyirəm. Bu işə haqq-ədalətlə baxılsın”.
Qeyd edək ki, bir müddət əvvəl tanınmış influenser Fidan Zeyn və Azerina da K.Həmzəyevadan şikayət edib. Onlar Xətai Rayon Polis İdarəsinə müraciət edib. Könül Həmzəyevanın Fidan Rzayevadan (Fidan Zeyn) 150 min, Əfsanə Qasımovadan (Azerina) 300 min manat mənimsədiyi ittiham edilir.









Xəbəri paylaş


 
 


Xəbər lenti