Baba Rzayevin oğlu SAHİBKARI BELƏ MƏHV EDİR... - QOÇULUQ ZƏMANƏSİDİR?

 
7-09-2022, 13:19            87 dəfə baxılıb
İqtisadi məsələlərə həsr olunan istənilən dövlət tədbirində mütləq şəkildə biznesin inkişafına dəstək çağırışı olur. Prezident çıxışlarında biznes mühitinin yaxşılaşdırılması üçün siyasi iradənin olduğunu vurğulayır və məmurlara sahibkarların qaldırdıqları problemləri operativ şəkildə həll etməyi tapşırır. “Məqsəd budur ki, sahibkarlara heç kim mane olmasın, süni əngəllər aradan götürülsün”, – o, belə tədbirlərin birində deyib və əlavə edib: “Bu gün biznesə mane olmaq istəyən şəxslər Azərbaycana xəyanət edirlər. Çünki ölkəmizin uğurlu inkişafı biznesin inkişafından asılıdır”.

“Amma bu çağırışlara çox vaxt məhəl qoyulmur,” – iş adamı Anar Qəribov bildirir. O da zamanında belə sözlərdən ruhlanaraq, öz biznesini qurub və çox tez bir zamanda müflis edilib: “Oliqarxların, yüksək vəzifəli məmurların ən yaxın çevrəsinin maraqları naminə bizim qanuni hüquqlarımız pozulur. Şikayətlərə baxılmır, sahibkarlara dəymiş ziyanı isə zorla onların özlərinə ödətdirirlər. Bəzən bu, onların tamamilə var-yoxdan çıxması ilə nəticələnir”.

Anar Qəribovun, daha dəqiqi, onun rəhbərlik etdiyi “FB-Company” ASC-nin işində adları keçənlər çoxdur. Buraya həm fiziki şəxslər, həm kommunal müəssisələr, həm də hüquq-mühafizə orqanları daxildir. Məhkəmələr isə artıq üçüncü ildir ki, həqiqəti müəyyən edə bilmirlər (ya da müəyyən etmək istəmirlər).

“Ona görə yox ki, gücləri çatmır. Ona görə ki, bizə qarşı atılan addımların arxasında qüdrətli adamlar dayanıb”, – artıq ümidsizliyə qapılmış iş adamı deyir. – “Fuad Rzayev və onun ortağı Babək Babayev kimi. Birincisi “Azərenerji”nin prezidenti Baba Rzayevin oğlu, ikincisi “Yeni Həyat” şirkətlər qrupunun rəhbəridir. Məsələnin mahiyyəti isə ondan ibarətdir ki, biz dörd il əvvəl adıçəkilən şəxslərə məxsus “Azur” ticarət mərkəzində böyük bir sahənin (1285 kv.m) icarəyə götürülməsi barədə müqavilə imzaladıq. Həmin yer beş il boş qalmışdı. Çünki əvvəllər orada müxtəlif səviyyəli yolları olan kartinq yerləşirdi, ciddi vəsait tələb edən əsaslı təmir üçün isə investor tapmaq asan deyildi. Ancaq bizim böyük planlarımız var idi və biz investisiya tapa bildik. Sonradan anlaşılmazlıq olmasın deyə, tərəflər arasında bütün münasibətlər və öhdəliklər ciddi şəkildə sənədləşdirildi”.

“Tezliklə həmin yer tanınmaz dərəcədə dəyişdi”, – deyə Anar Qəribov davam edir. – “Bahalı, zövqlü təmir, düzgün yerləşdirilmiş reklam lövhələri yeni obyekti ticarət mərkəzinin ən çox ziyarət edilən yerlərindən birinə çevirdi. Bu, ticarət mərkəzinin sahiblərinin də diqqətindən yayınmadı, lakin onların reaksiyası çox özünəməxsus oldu. Müqavilənin imzalanmasından cəmi bir neçə ay keçməsinə baxmayaraq, onlar kirayə haqqını birdən-birə beş dəfə qaldırmaq qərarına gəldilər. Təsəvvür edirsiniz, biz əsaslı təmirə, ən müasir avadanlıqlara yarım milyon manata yaxın sərmayə qoymuşduq. Geyim əşyalarının alınmasına və çatdırılmasına da təxminən eyni məbləğ sərf edilmişdi. Mağaza işə başlayan kimi götürdüyümüz kreditləri ödəməyə başladıq. Elə bu zaman heç bir əsas olmadan icarə haqqını dəfələrlə artırdılar. Belə bir ultimatumla razılaşmaq mümkün deyildi”.

Binanın birinci mərtəbəsınin əhəmiyyətli hissəsini tutan mağaza ilə ticarət mərkəzi arasında münaqişə qısa zamanda açıq qarşıdurmaya çevrilib. Anar Qəribovun sözlərinə görə, icarəyə verən tərəfin nümayəndəsi mühafizə xidmətinin köməyi ilə tezliklə icarədarın əməkdaşlarını ticarət mərkəzindən çıxarıb. Sonra elektrik enerjisinin verilməsini kəsərək, günahı “Azərişığ”ın üzərinə atıblar. Yalanı sübut etmək çətin olmayıb: enerji təşkilatı yazılı şəkildə təsdiq edib ki, icarədara qarşı heç bir iddiası yoxdur. Amma bu da mərkəzin sahiblərinə təsir göstərməyib. İcarədar məhkəməyə üz tutmalı olub.

Nəhayət, 35 gündən sonra mağazaya elektrik enerjisinin verilməsi bərpa edilib, işçilər öz yerlərinə qayıda biliblər. Amma bu müddət ərzində ticarət mərkəzinin mərtəbələrində yerləşdirilmiş reklam bannerləri izsiz qeybə çıxıb, mərkəzin monitorunda göstərilməli olan reklam da yox olub. Baxmayaraq ki, hər şey üçün bütün ödənişlər əvvəlcədən həyata keçirilib və müvafiq müqavilənin şərtlərinə görə, icarəyə verən tərəf bannerlərin qorunmasına məsuliyyət daşıyıb.

“Elektrik enerjisi probleminin həllindən 13 gün sonra həmin müqavilənin şərtlərinə uyğun olaraq, reklamın bərpa edilməsi barədə “Azur”a növbəti müraciətimizə cavab gəldi. Bizə icarə müqaviləsinə birtərəfli qaydada xitam verildiyi barədə yazılı məlumat verdilər. Onlar bunu guya çoxlu borc yığılması ilə izah edirdilər”, – Anar Qəribov qovluqlara yığılmış sənədləri göstərərək əlavə edir: “Amma burada söhbət icarəyə verən tərəfin havadan götürdüyü kirayə haqqından gedirdi. Aramızda təsdiqlənmiş və rəsmi müqavilənin şərtlərinə görə, heç bir borc yox idi”.//dia.az//

DAVAMI VAR...

Əyalətmedia.Az olaraq məqalədə qaldırılan iddialarla bağlı qarşı tərəfin mövqeyini işıqlandlrmağa hazırıq!
Nyus.Az




Xəbəri paylaş


 
 


Xəbər lenti