Göyçayda qoçuluq edən KİMLƏRDİR?

 
1-12-2022, 11:53            75 dəfə baxılıb
Göyçay rayonu Ulaşlı-Şıxlı kənd sakinləri, İsmayılovlar ailəsi tərəfindən ölkə rəhbərliyinə müraciət ünvanlanıb. Bir nüsxəsi də DİA.AZ-a daxil olan müraciətdə deyilir:

"Cənab Prezident! Yazaraq bildirmək istəyirəm ki, torpaq islahatı zamanı bizim ailəyə 1.97 ha torpaq sahəsi verilmişdir. Lakin, verilən gündən etibarən cəmi 0.40 ha hissəsi mövcud olan torpaq sahəsinin qalan 1.57 ha hissəsi çayın uçğun tərəfindən ayrıldığı üçün həmin ərazi uçaraq yararsız hala düşmüşdür. Halbuki "Torpaq islahatı haqqında" Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsində "ərazinin təbii-coğrafi şəraitinin, əhalinin sıxlığının, torpaqdan istifadənin yerli xüsusiyyətlərinin, torpaqların keyfiyyətinin nəzərə alınması" torpaq islahatının aparılması şərtlərindəndir. Haqqımız olan 1.57 ha itmiş torpaq sahəsinin bərpa olunması üçün dəfələrlə aidiyyəti qurumlara müraciət etsək də, istəyimiz təmin olunmamışdır. Tələbimizin təmin olunmamasının səbəbi olaraq bildirirlər ki, "ehtiyatda istədiyiniz qədər torpağımız yoxdur". Belə ki, torpaq islahından da öncə yaşadığımız evin yaxınlığında mərhum valideynlərimizin yardımçı təsərrüfat kimi istifadə etdiyi 2.55 ha torpaqdan bizim payımıza düşən qədərini uçan 1.57 ha ilə əvəz edilməsi üçün müraciət etsək də, bu tələbimiz də təmin edilməmişdir. 2007-ci ildə ildə isə qeyd etdiyim torpaq sahəsinin 1.10 ha hissəsini yaşadığımız kənd sakininə pay torpağı qismində verilmişdir. Həmin şəxs də öz növbəsində özünə ayrılan pay torpağı Ucar rayon sakininə satmışdır. Bundan sonra Ucar rayon sakini aldığı 1.10 ha torpaq sahəsindən əlavə olaraq 0.60 ha ərazini qanunsuz şəkildə zəbt eləmişdir. Biz bununla bağlı dərhal aidiyyəti orqanlara və yerli bələdiyyəyə öz etirazımızı bildirsək də, yenə şikayətimizə qərəzli yanaşılaraq birtərəfli mövqe tutmuşdular.
Cənab Prezident! 4 il öncə həmkəndlimiz İsmayılov Rəvan Elnur oğlu iki baş inəyini həmin torpaq sahəmizdə otarmaq üçün icazə istəmişdir. O ilin yazında biz həmin torpaq sahəsində əkinçilik işlərinə hazırlıq görmək istədikdə, sturukturların birində mühafizəçi işləyən İsmayılov Rəvan Elnur oğlu bizi təhdid etdi, ölümlə hədələdi. Hətta idarə etdiyi avtomobilini üzərimə sürərək məni öldürməyə cəhd eləmişdi. "Bu torpaq mənimdir, sizlərdən kimsə buraya addım atarsa, onu qanına qəltan edərəm. Mən heç kimdən qorxmuram. Mənim arxamda böyük bir ordu dayanıb, işlədiyim idarəyə sizin dişiniz batmaz" deməklə, mühafizəçisi işlədiyi idarənin adından sui-istifadə etməklə, bu qurumu özünə sipər tutmaqdadır. Rəvan İsmayılovun mərhum atası Elnurun hesabına vəzifəyə gələn kənd bələdiyyəsinin sədri Zamiq İbrahimov "Nə qədər ki, Bələdiyyə sədri mənəm, sizə torpaq verməyəcəm. Bu torpağın Rəvanın olması üçün əlimdən gələni edəcəyəm" deyir.
Cənab Prezident! Sizdən çox xahiş edirik, bu işdə əlbir olan vəzifəli şəxslər barəsində ciddi tədbir görəsiniz və uzun illərdən sonra olsa belə, haqqımız olan mülkiyyət hüququmuzun tanınmasına köməklik göstərəsiniz. Sizə ailəmiz adından öz dərin təşəkkürümüzü bildiririk".

Məsələ ilə bağlı bütün maraqlı tərəfləri dinləməyə hazırıq...








Xəbəri paylaş


 
 


Xəbər lenti