Fəxri Xiyabanda yaşanan izdiham xalqın Heydər Əliyevin xatirəsinə ehtiramının parlaq təcəssümüdür.
12-12-2022, 13:27

Ümummilli liderimiz Heyər Əliyevin vəfatının 19-cu ildönümü ilə əlaqədar ölkəmizin hər yerində silsilə tədbirlər keçirilir, bütün rayonlarda idarə, müəssisə və təşkilatlarında, təhsil və səhiyyə müəssisələrindəki tədbirlərdə Ulu Öndərimizin əziz xatirəsi dərin hörmət və ehtiramla anılır. Keçirilən tədbirlərdə müasir, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, xalqımızın ümummilli lideri Heydər Əliyevin keçdiyi çətin və şərəfli həyat yoluna nəzər salınır, bu dahi şəxsiyyətlə bağlı xatirələr bölüşdürülür. Hamı bir nəfər kimi qeyd edir ki, bu gün müstəqillik yolunda inamla irəliləyən Azərbaycanın qazandığı böyük uğurlar məhz ulu öndər Heydər Əliyev dühasının bəhrəsidir. Hər birimizin əbədiyaşar Ulu Öndərə bugünkü firavan həyat, xoş gələcəyimiz üçün borcu çoxdur. Azərbaycanın 1969-cu ildən başlayan, 30 ildən artıq davam edən bir dövrünə təsadüf edən ən yeni tarixi, həmin illər ərzində müstəqil dövlət kimi ölkəmizin və xalqımızın taleyi, ölkə həyatının bütün sahələrində nail olunan uğurlar böyük siyasətçi Heydər Əliyevin adı, yüz illərə hesablanmış ideyaları ilə bağlıdır. Həmin illər Azərbaycan tarixinin Heydər Əliyev dövrü kimi qiymətləndirilir.
Ümummilli lider Heydər Əliyev ölkəmizin sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla və onun tərəqqisi ilə əlaqələndirirdi. Azərbaycanda sahibkarlığın inkişafına dövlət tərəfindən göstərilən diqqət və qayğı sayəsində əlverişli biznes mühitinin yaradılması üçün çox yaxşı imkanlar açılıb. Bu gün sahibkarlığın inkişafı istiqamətində atılan addımlar, bu sahədə yaradılan şərait birbaşa olaraq ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Bu sahədə əldə olunan inkişaf, möhkəm təməl ulu öndər Heydər Əliyevin diqqəti nəticəsində yaradılıb.
Azərbaycanın müasir sahibkarlığının tarixinə nəzər saldıqda şahidi oluruq ki, bu inkişaf bilavasitə 1993-cü ilin ortalarından başlayıb. Həmin ildə ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdışından sonra təsdiq edilmiş ''Azərbaycanda sahibkarlığın inkişafı (1993-1995)'' Dövlət Proqramının icrası sahibkarlıq sektorunda həyata keçirilən islahatların, ölkədə fəaliyyət göstərən kiçik və orta sahibakarların fəaliyyətini genişləndirdi.
Ulu Öndərin fəaliyyətində, həmçinin sahibkarlıq fəaliyyətinə mane olan bir sıra əngəllərin və yoxlamaların aradan qaldırılması istiqamətində imzalanan fərman və sərəncamları da bu sahədə müstəsna rol oynayıb. "İstehsalat, xidmət, maliyyə-kredit fəaliyyətinə dövlət nəzarətinin qaydaya salınması və əsassız yoxlamaların qadağan edilməsi barədə", 1999-cu il 7 yanvar tarixli "Dövlət nəzarət sisteminin təkmilləşdirilməsi və sahibkarlığın inkişafı sahəsində süni maneələrin aradan qaldırılması haqqında" fərmanları deyilənlərin bariz nümunəsidir. "Sahibkarlığın inkişafına mane olan müdaxilələrin qarşısının alınması haqqında", "Azərbaycan Respublikasının Prezidenti yanında Sahibkarlıq Şurasının yaradılması haqqında", "Sahibkarlara Kömək Milli Fondunun yaradılması haqqında" və "Azərbaycan Respublikasında sahibkarlığın inkişafına dövlət himayəsi sahəsində əlavə tədbirlər haqqında", "Azərbaycan Respublikasında kiçik və orta sahibkarlığın inkişafının Dövlət Proqramı (2002-2005-ci illər)" kimi fərmanlar ölkədə sahibkarlığın inkişafına xidmət edirdi.
Qeyd etmək yerinə düşər ki, Azərbaycanda sahibkarlıq mühitinin formalaşması üçün vacib olan "Sahibkarlıq fəaliyyəti haqqında", "Müəssisələr haqqında", "Səhmdar Cəmiyyətləri haqqında", "Əmək birjası haqqında", "Lizinq kampaniyaları haqqında" qanunlar və bazar iqtisadiyyatının hüquqi mexanizminin qurulmasını təmin edən digər qanunlar da qəbul olunub.
Ümummilli lider Heydər Əliyev sahibkarların problemləri ilə müntəzəm maraqlanırdı, onlarla mütəmadi görüşlər keçirir və iş adamlarını narahat edən məsələlərin aradan qaldırılması sahəsində ciddi tədbirlərin görülməsini tapşırırdı. Belə görüşlərə nümunə kimi 2002-ci ilin 25 aprel tarixində yerli və may ayında xarici iş adamları ilə keçirilən görüşdə ulu öndər Heydər Əliyev demişdir: "Aparılan siyasət, islahatlar və bazar iqtisadiyyatı prinsipi ölkədə yeni təbəqənin, sahibkarlar təbəqəsinin yaranmasına gətirib çıxarıbdır. Bu, belə də olmalıydı, çünki bazar iqtisadiyyatının əsasında şəxsi mülkiyyət, özəl mülkiyyət və sahibkarlıq durur. Bizim görəcəyimiz işlər ondan ibarət idi ki, islahatları həyata keçirmək üçün, bazar iqtisadiyyatının tələblərini ödəmək üçün lazım olan qanunlar qəbul etməliydik, qaydalar yaratmalı idik və ölkəmizdə bu qanunların həyata keçirilməsini, onlara riayət olunmasını təmin etməliydik. Biz deyə bilərik ki, bunu da etmişik. İndi Azərbaycanda böyük sahibkarlar təbəqəsi yaranıbdır. Sahibkarlar təbəqəsi Azərbaycan iqtisadiyyatının aparıcı bir hissəsidir."
Sahibkarlığın inkişafı istiqamətində Ulu Öndərin prinsip və ənənələri bu gün dövlət başçısı İlham Əliyev tərəfindən qətiyyətlə davam etdirilir. Prezident İlham Əliyevin ötən illərdə imzaladığı Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı (2004-2008-ci illər) Dövlət proqramı, "Sahibkarlığa dövlət maliyyə dəstəyinin göstərilməsi sahəsində əlavə tədbirlər haqqında", "Azərbaycan Respublikası Sahibkarlığa Kömək Milli Fondunun vəsaitinin istifadəsi qaydalarının təkmilləşdirilməsi haqqında", "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında", "Azərbaycan Respublikasında azad iqtisadi zonaların yaradılması haqqında", "Azərbaycan Respublikasında sahibkarlığın inkişafı ilə bağlı bəzi tədbirlər haqqında" və s. fərman və sərəncamlar, qanunlar, dövlət proqramları sahibkarlığın inkişafına mühüm töhfələr verir.
Prezident İlham Əliyevin "Azərbaycan Respublikasında Sahibkarlar Günü"nün təsis edilməsi haqqında 2016-cı il 21 aprel tarixli Sərəncamı və aprelin 25-nin Azərbaycanda "Sahibkarlar Günü" qeyd edilməsi ölkədə sahibkarlığın daha da inkişaf etdirilməsi istiqamətində atılan addımlardan biridir.
Azərbaycanın dinamik inkişafında kiçik və orta sahibkarlığın, özəl sektorun rolu böyükdür. Mütəmadi olaraq sahibkarlığın inkişafına mane olan yersiz müdaxilələrin aradan qaldırılması istiqamətində müəyyən tədbirlər həyata keçirilir. "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanununun 28 avqust 2013-cü il tarixli ölkə başçısının Fərmanı ilə qüvvəyə minməsini sahibkarlar onlara dövlət tərəfindən göstərilən diqqətin təntənəsi kimi qiymətləndirirlər.
Sahibkarlığın inkişafı, bu sahəyə dövlətin maliyyə dəstəyinin artırılması bu il də davam etdirilməkdədir. Təsadüfi deyil ki, Yevlaxda qeyri-neft ixracatçılarının respublika müşavirəsində Prezident İlham Əliyev bildirib ki, Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə sahibkarlara dövlət tərəfindən 2 milyard manatdan çox güzəştli şərtlərlə kreditlər verilib: «Sahibkarların qoyduqları vəsaitlər hesabına icra edilən layihələr bu gün deməyə əsas verir ki, biz qeyri-neft ixracımızı artırırıq. Çünki əgər bu kreditlər olmasaydı, bir çox layihələr icra edilməmiş qalardı və bu gün nəinki ixrac potensialımızın artırılmasından, ümumiyyətlə, daxili tələbatın ödənilməsindən söhbət gedə bilməzdi. Ona görə dövlət siyasəti, sahibkarlığa göstərilən həm siyasi dəstək, mənəvi dəstək, maliyyə dəstəyi və sahibkarlığın inkişafı üçün aparılan ciddi islahatlar və onlara edilən güzəştlər bu gün Azərbaycanda qeyri-neft sektorunun inkişafına təkan verən əsas amillərdən biridir.»
Ölkəmizdə kiçik və orta sahibkarlığın inkişafı üçün müxtəlif güzəştlər və imtiyazlar tətbiq olunur. Kiçik və orta sahibkarlığın inkişafı "2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasında da yer alan mühüm amillərdən biridir. İqtisadiyyatımızın daha da dinamikləşdirilməsi, ötən dövr ərzində Azərbaycanda sahibkarlığın inkişafının dəstəklənməsi üçün bir sıra tədbirlər həyata keçirilib. Ölkədə kiçik və orta sahibkarlığın, bütövlükdə, ölkə iqtisadiyyatının inkişaf etdirilməsi üçün güclü potensial və geniş imkanlar mövcuddur. Bunun üçün ümumi biznes mühitinin yaxşılaşdırılması, maliyyə resurslarına çıxış imkanlarının daha sərfəli və effektiv təşkil edilməsi, kiçik və orta sahibkarlıq subyektlərinin yerli və xarici bazarlara çıxışının təmin edilməsi, bacarıqlı və ixtisaslı kadr təminatının yaradılması atılmalı olan vacib addımlardandır.
2016-cı ilin dekabrında ölkə Prezidenti cənab İlham Əliyevin Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi"nin icrası Azərbaycanda davamlı iqtisadi inkişafın əsasını qoyacaq. Göründüyü kimi, ulu öndər Heydər Əliyevin adı ilə bağlı olan ölkənin hərtərəfli inkişafının təmin edilməsi dövlətin siyasətinin əsasında dayanır. Həyata keçirilən islahatların zamanın tələbinə uyğunlaşdırılması qarşıya qoyulan məqsədlərə yüksək səviyyədə nail olmaq üçün stimuldur.
Bu gün, dekabrın 12-də müasir müstəqil Azərbaycanın memarı və qurucusu, görkəmli dövlət xadimi, xalqımızın dahi oğlu və ümummilli lideri Heydər Əliyevin vəfatından 19 il ötür. Bu münasibətlə Azərbaycan ictimaiyyəti, YAP ilk ərazi təşkilatının üzvləri Fəxri Xiyabana gələrək, ulu öndər Heydər Əliyevin məzarını ziyarət edirlər. Azərbaycan ictimaiyyəti Heydər Əliyevin unudulmaz xatirəsinə bəslədikləri dərin hörmət və ehtiramın ifadəsi olaraq ulu öndərin məzarı üzərinə tər gül dəstələri qoyub, onun ruhu qarşısında baş əyirlər. Vətənini sevən hər bir azərbaycanlı ulu öndərin xatirəsini son dərəcə əziz və müqəddəs tutur. Çünki Azərbaycanın müasir tarixi, milli dövlətçiliyimiz bu dahi şəxsiyyətin adı ilə sıx bağlıdır. Xalqımız bütün şüurlu həyatını Azərbaycanın tərəqqisinə həsr etmiş böyük oğlunu onun vəfatından ötən on dörd il ərzində bir an belə unutmayıb. Fəxri Xiyabanda yaşanan izdiham xalqın öz böyük oğlunun xatirəsinə ehtiramının parlaq təcəssümüdür.
Samir Abdullayev
Azərbaycan Pərakəndəçilər Assosasiyasının direktoru
Xəbəri paylaş



























