"Diaqnoz" tibb mərkəzindəki ölümlə bağlı müəmma - Prokurorluq işi nəzarətə götürdü

 
26-04-2023, 14:14            155 dəfə baxılıb
"Diaqnoz" tibb mərkəzində əməliyyatdan sonra dünyasını dəyişən şəxsin ailəsi narazıdır. Bakı şəhər sakini Bəhruz Əliyev atası Şahmurad Əliyevin həkim səhlənkarlığı nəticəsində öldüyünü söyləyir. Amma mərhumun ölüm səbəbi ilə bağlı rəyi almaq mümkün deyil.
Əyalətmedia.az xəbər verir ki, narazı vətəndaş Bəhruz Əliyev bütün rəsmi qurumlara müraciət edib. Onun sözlərinə görə, iş ədalətli şəkildə araşdırılmır.
1955-ci il təvəllüdlü Şahmurad Əliyev 2021-ci ilin fevralında öd yolundakı daşın götürülməsi məqsədilə "Diaqnoz" klinikasında əməliyyat olunub. Əməliyyat qapalı şəkildə həkim Rafael Həsənov tərəfindən aparılıb. Lakin əməliyyat zamanı həkim ehtiyatsızlıqdan xəstənin 12 barmaq bağırsağını deşib. Şahmurad Əliyev 1 ay sonra vəfat edib.
Mərhumun oğlu deyir ki, Rafael həkim onlara bu işi bacarmadığını əvvəldən desəydi, bəlkə də atası ölməyəcəkdi: “Mən həkim səhlənkarlığı ilə bağlı Xətai Rayon Prokurorluğuna müraciət etdim. Ərizəyə baxan Xətai rayon prokurorunun köməkçisi Etibar Əliyev araşdırmadan sonra cinayət işinin başlanılmasını rədd etdi. Şikayətim əsasında Baş Prokurorluq qərarı ləğv edərək yenidən araşdırmaya göndərdi. İki dəfə məhkəmə-tibb ekspertizası keçirildi. Ekspertiza rəyində atamın ölümünə səbəb olan həkim səhvləri ilə bağlı kifayət qədər faktlar göstərildi. Lakin konkret olaraq ölümün səbəbinin müəyyən edilmədiyi qeyd edildi. Göstərildi ki, meyit müayinə olunmadan konkret səbəb demək olmur”.
Xətai Rayon Prokurorluğunda növbəti araşdırma müstəntiq Mahmud Mehdiyevə tapşırılıb.
Bəhruz Əliyev bildirir ki, yeni müstəntiq də ölüm səbəbi və aparılmış müalicə arasında səbəbli əlaqə olmadığı qənaətinə gəlib.
Cinayət işi başlanmasından rədd qərarı verilib: “Təcrübədə yüzlərlə ekspert rəyləri var ki, tibbi sənədlər əsasında verilir. Atamın tibbi sənədlərində də müalicəyə gələrkən səhhəti, vəziyyəti, yanlış keçirilmiş əməliyyatdan sonra evdə keçirdiyi ağrılı vəziyyəti, sonrakı əməliyyatlardakı drenaj və sonda ölümü göstərilib. Ekspertiza ölüm zamanı texniki qüsurların, həkim səhvlərinin olduğunu təsdiq edib. İş materiallarında olan videodan açıq-aydın görünür ki, Rafael həkim atamın bağırsaq nahiyəsinə müdaxilə etmək üçün azı 50 dəfə cəhd edir. Kliniki protokollara əsasən, qapalı əməliyyatlar zamanı xəstənin 12 barmaq bağırsağında bağırsaq burulması aşırı dərəcədə olarsa, həkim 3 cəhddən sonra müdaxiləni dayandırmalı və açıq əməliyyata keçməlidir. Ekspertiza rəyində göstərilib ki, bağırsaqda defektin tapılmasına baxmayaraq, həmin nahiyəyə axan ödün və mədə şirəsinin axıntısının qarşısının alınması üçün əlavə cərrahi tədbirlər görülməyib. Hətta ölüm şəhadətnaməsində belə ölümün səbəbi kimi əməliyyat zamanı bağırsaqda yaranan iltihablanma göstərilib. Aydındır ki, iltihablanmaya da bağırsağın əməliyyat zamanı deşilməsi səbəb olub”.
B.Əliyevin sözlərinə görə, həkim özü də etiraf edir ki, bağırsağın deşilməsi məhz onun öz əməli nəticəsində baş verib: “Öd daşını götürmək riskli əməliyyat deyil. Minlərlə xəstə var ki, müalicə alaraq həyatdadırlar. Əgər atamın həyati riski yox idisə, deməli atamın ölümünə səbəb onun səriştəsiz həkim tərəfindən əməliyyatıdır.
Ekspertiza ölüm faktının həkimin səhvi səbəbindən olduğunu nə təkzib edə bilir, nə də təsdiq etmək istəyir. Müstəntiq işə düzgün hüquqi qiymət vermək üçün Səhiyyə Nazirliyindən mütəxəsis rəyi almır. Bu qədər fakt və dəlillər olduğu halda cinayət işi başlanmırsa, deməli həkimi məsuliyyətdən yayındırmağa çalışırlar. İş üzrə obyektiv araşdırma aparmaqla Rafael Həsənov barəsində cinayət işi başlanmasını və məsuliyyətə cəlb edilməsini istəyirik”.
"Diaqnoz" tibb mərkəzi isə deyir ki, xəstəyə vaxtında müdaxilə edilib və lazımi müalicələr olunub. Mərkəz bildirir ki, Rəfael Həsənovun günahı yoxdur.
Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi Şahmurad Əliyevin qüsurlu əməliyyat zamanı onikibarmaq bağırsağının deşilməsini təsdiq edib. Amma bildirilib ki, yaxınları tərəfindən qəti etiraz edildiyinə görə mərhumun meyiti müayinə edilməyib, bu səbəbdən də onun ölümünün əsl səbəbi barədə fikir söyləmək mümkün deyil.
“Yalnız xəstəlik tarixində onun müalicə həkimləri tərəfindən ölümünə səbəb yazılıb. Bu isə klinik diaqnoz və onun ölüm səbəbi barədə klinisistlərin fikridir. Məhkəmə-tibb ekspertləri və ya patoloqlar meyiti müayinə etmədən müalicə həkimlərinin təyin etdikləri ölüm səbəbini mütləq həqiqət kimi qəbul edə bilməzlər.
Bu hadisə ilə əlaqədar hazıra qədər prokurorluq orqanlarının qərarı ilə 3 dəfə məhkəmə-tibbi ekspertiza aparılıb, ixtisaslı mütəxəssislərin də iştirakı ilə ayrı-ayrı ekspertlər tərəfindən elmi əsaslı və obyektiv rəylər tərtib edilib. Qeyd olunan texniki qüsur səhiyyə sistemində mövcud və qüvvədə olan təlimat qaydalarının pozulması kimi qiymətləndirilib və buna məsul şəxsin əməliyyatı icra edən həkim-mütəxəssisin olması göstərilməklə həkim günahlandırılıb.
Hazırda da növbəti ekspertiza təyin edilib və tamamilə başqa bir ekspert qrupu tərəfindən icra edilir. Təkrar ekspertizanın rəyi düzgün və obyektiv olacaq”- deyə Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyindən bildirilib.
Əldə etdiyimiz məlumata görə, məsələ ictimailəşəndən sonra Bakı şəhər prokuroru Elşən Abbasov işi nəzarətə götürüb.
İ



Xəbəri paylaş


 
 


Xəbər lenti