Əhməd Mirzəbəyov ekologiyamıza qənim kəsilib? VİDEO
17-07-2023, 12:19 98 dəfə baxılıb
Bir müddətdir ki, çoxsaylı media qurumlarında, bəzi sosial şəbəkə istifadəçiləriin paylaşımlarında və digər media resurslarında Əhməd Mirzəbəyovun rəhbərlik etdiyi 16 saylı Yol İstismar İdarəsində büdcə vəsaitlərinin “levı yollar”la mənimsənilməsindən, idarəyə məxsus bəzi nəqliyyat vasitələrindən yerli sakinlərə məxsus fərdi işlərin görülməsində istifadə olunmasından, hətta az sayda olsa belə bu idarədə “ölü canlar”ın olmasından və s. kimi olaylardan bəhs olunan tənqidi məqalələr yayımlanır. Diqqəti bir məqama yönəldək ki, sanki 16 saylı Yol İstismar İdarəsi 15-16-cı əsrlərdə mövcud olmuş feodal üsul-idarəsi ilə idarə olunur. Belə bir yanaşmanın ortaya çıxmasına əsas səbəb, məhz bu idarədə Mirzəbəyov soyadını daşıyanların çoxluq təşkil etmələridir. Sual oluna bilər ki, niyə Mirzəbəyovlar? Deməli bu sualın cavabını həmin idarədə işləyənlər tam dəqiqliklə bilməsələr də, yəqin ki, Əhməd Mirzəbəyovun özü bunu çox gözəl bilir. Əvvəla onu qeyd edək ki, Mirzəbəyov soyadını daşıyan bu şəxs uzun illərdir ki, 16 saylı Yol İstismar İdarəsinə rəhbərlik edir. Yəni, bu şəxs ötən illər ərzində rəhbərlik etdiyi idarədə o qədər maxinasiyalara qol qoyur ki, onun bu yöndə atdığı addımlar, son anda Əhməd Mirzəbəyovun məmur-oliqarx olmasına səbəb olur. Faktdır ki, hal-hazırda 16 saylı Yol İstismar İdarəsinin rəisi Qaxda ən imkanlı şəxslərdən biri hesab olunur. Söz yox ki, bu şəxsin məmur-oliqarx olmasına bir çox amillər də səbəb olmuşdur.
Indi isə keçək əsas mətləbə. Qeyd edək ki, neçə illərdir ki, Şəki şəhərindən Qaxa gedən yolda 16 saylı Yol İstismar İdarəsinin balansında olduğu bildirilən zavod fəaliyyət göstərir. Zavodun necə fəaliyyət göstərməsində diqqət yetirdikdə isə bəlli olur ki, bu istehsal müəssisəsi daha çox ekologiyanı pozmaqla məşğul olur. Baxmayaraq ki, son günlər ekoloji vəziyyət daha çox müzakirə olunan mövzulardandır. Yəni, faktdır ki, Gədəbəyin Söyüdlü kəndində baş verən məlum hadisələrdən sonra, ölkə rəhbərinin iştirakı ilə keçirilən tədbirdə ekoloji vəziyyət ciddi müzakirə olundu və mövcud duruma uyğun qərar da verildi. Qeyd edək ki, həmin tədbirdə cənab Prezident vəzifə sahibi olanlara, ələlxüsus Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəhbərliyinə ciddi tapşırıqlarını da verdi. O halda sual oluna bilər ki, görəsən ölkə rəhbərinin bu yöndə verdiyi tapşırıqlardan 16 saylı Yol İstismar İdarəsinin rəisi Əhməd Mirzəbəyov nəticə çıxartdımı, yoxsa o, yenə də “ağa nəzərəm, belə gəzərəm” yanaşmasını ortaya qoymaqda davam edəcək?
Qeyd edək ki, Şəki şəhərindən Qaxa gedən yolda fəaliyyət göstərən zavod, bu gün də ətraf mühiti və ekologiyanı pozmaqdadır. Çünki, zavoddan havaya buraxılan qara tüstü və onun əmələ gətirdiyi fəsadlar, hər kəsi belə düşünməyə sövq edir. Baxmayaraq ki, bu haqda Əhməd Mirzəbəyova sual verib cavab əldə etmək istədikdə o, bütün “qara-qura” işləri örtbasdır etməyə çalışır. Niyə, hələ ki, biz onu bilmirik. Digər tərəfdən, həmin zavodun istehsal etdiyi gəlirlərin Əhməd Mirzəbəyova aid olduğu da söylənilir. Belə bir səbəbdəndir ki, bu gün o, özünü “xan” kimi də aparır.
Rayon sakinləri arasında dolaşan söz-söhbətlər, bu gün Əhməd Mirzəbəyov haqda baş qaldıran şübhələri daha da artırır. Belə ki, bu şəxs orda-burda danışır ki, “Mən hər ay Saleh Məmmədova “haqq-hesab” çatdırıram”. Qeyd edək ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə sədrlik edən Saleh Məmmədov, hər bir işi lazımi səviyyədə götür-qoy edən şəxs olduğundan, o, hər işlə bağlı zamanı çatanda qərarını açıqlayır. İnanırıq ki, bu məqalənin yayımlanmasından sonra hörmətli Saleh müəllim Əhməd Mirzəbəyovla bağlı lazımi qərarını verib, ona “dur” da deyəcək.
Yazıda səslənən iddialarla bağlı qarşı tərəfin də mövqeyini dinləyə bilərik.
Daha ətraflı növbəti yazımızda. Odur ki, bizi izləyin.
Nyus.Az
Xəbəri paylaş