Rusiyada yaşayan şagirdin adı məktəbdə necə və hansı marağa görə saxlanılıb?

 
2-05-2024, 11:03            217 dəfə baxılıb
Mediatv.az portalı redaksiyasına Şəmkir rayon İlham Əliyev adına Füzuli qəsəbə tam orta məktəbində baş vermiş qanunsuzluqla bağlı məlumat daxil olub. Məlumatda bildirilir ki, məktəbin X sinif şagirdi Həsənov İbrahim Alim oğlu 2023/2024-cü tədris ili başlayandan dərslərə gəlməyib, Rusiyada yaşadığı halda son vaxtalara qədər adı məktəbdə gedib. Məktəbə yeni təyin olunmuş direktor faktı aşkarlayıb və onu şagirdlər sırasından xaric edib.
İnformasiyanı dəqiləşdirmək məqsədilə məktəbin direktoru Vüqar müəllimlə telefon əlaqəsi saxlayıb məsələyə aydınlıq gətirməsini xahiş etdik. Vüqar müəllim faktı təsdiqlədi, bildirdi ki, hazırki vəzifəsinə mart ayında təyin olunub, faktı aşkarlayan kimi həmin şagirdi rəsmi olaraq məktəbdən kənarlaşdırıb. Təbii ki, faktın ortaya çıxardığı sualları da Vüqar müəllimə ünvanladıq: “Şagird ümumiyyətlə, hansı tarixdən dərslərə gəlməyib, ona hər rüb sonu 14 fənnin hərəsindən 3 dəfə summativləri kim yazıb, kimi və hansı maraqlarına görə şagirdin adı indiyədək məktəbdə saxlanılıb, son təyinata qədər direktor vəzifəsini icra etmiş şəxsin, tədris hissə müdirinin, sinif rəhbərinin və başqa vəzifəli şəxslər barəsində barəsində hansı tənbeh tədbiri görülüb, fakt barəsində Regional Təhsil İdarəsinə məlumat verilibmi?”
Vüqar müəllim bildirdi ki, direktor vəzifəsini bu ilin mart ayında həmin vəzifəni müvəqqəti icra edən Güldəstə müəllimədən təhvil alıb, bildiyinə görə, şagird Həsənov İbrahim Alim oğlu cari dərs ilinin əvvəlindən məktəbə gəlməyib, mart ayının 29-dan rəsmi qaydada məktəbdən xaric edilib. Sonra məlumatı mediaya ötürən şəxsin kimliyini soruşdu. Məlumat mənbəyinin kimliyini bildirməmək hüququmuzu xatırlatdıq. Bildirdi ki, Regional Təhsil İdarəsinə fakt barədə məlumat verilib, yəqin ki, məsul şəxslər barədə lazımi tədbir görüləcək.
Daha sonra direktor əvəzi olmuş Güldəstə müəlliməyə zəng etdik və məsələ ilə bağlı mövqeyini bildirməsini xahiş etdik, eyni sualları ona da ünvanladıq. Güldəstə müəllimə əvəlki direktor Bahar müəllimənin dərs ilinin əvvəlindən, sentyabr ayının sonuna yaxın işdən azad edildiyini, o vaxtdan Vüqar müəllim rəhbər vəzifəyə gələnə kimi direktor əvəzi işlədiyini, İbrahim Həsənovdan başqa onun İlham adlı qardaşının da vaxtilə həmin məktəbdə oxuduğunu, İbrahimdən qabaq atasıyla Rusiyaya getdiyi üçün məktəbdən xaric olunduğunu, qardaşların anasının vəfat etdiyini bildirdi: “Həsənov qardaşları imkansız ailənin övladlarıdır, analarını itiriblər, özləri də xəstədirlər. İbrahimin atası ilə danışıqlarımızın səs yazıları var. Hər dəfə bildirib ki, İbrahimi gətirəndə xəstəlik kağızını da təqdim edəcək, ancaq hər dəfə də yubadırdı. Məktəbdən yayınma o vaxt olardı ki, valideyn əlaqə saxlamazdı. Bizim yeganə səhvimiz o olub ki, şagirdə münasibətdə humanistlik göstərmişik. Özünüz də araşdırsanız, onların buradakı evlərinə, şəraitlərinə baxsanız, dediklərimizin şahidi olarsınız. Vüqar müəllim direktor təyin olunandan sonra məsələni bilən kimi İbrahimi şagirdlər sırasından xaric etmək məsələsini qaldırdı. Həsənovların bibisi valideyn adından etibarnamə təqdim edərək, İbrahimin faktiki olaraq Rusiyada yaşadığını və məktəbdən çmıxarılmasına etiraz etmədiklərini təsdiqləyən ərizə təqdim etdi, bundan sonra Həsənov İbrahim rəsmən məktəbdən çıxarıldı”.
Bəs elə isə həmin şagirdi rübdən-rübə keçirən summativləri kim yazıb,1-ci yarımildən ikinci yarımilə necə keçib,şagird dərsə gəlmədiyi halda jurnalda niyə qeydiyyat apaarılmayıb sualları cavabsız qaldı.
Təbii ki, fakta şərait yaradan vəzifəli şəxslər barədə ölçü götürülməsi üçün Regional Təhsil İdarəsinə, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyini və hüquqi qiymət verilməsi üçün aidiyyatı qurumlara  müraciət edəcəyik.







Xəbəri paylaş


 
 


Xəbər lenti