Elşad Həsənov tənbehdən dərs çıxarana oxşamır... - GÖRÜNƏNİ BUDUR...
10-07-2024, 13:41 181 dəfə baxılıb
Bakı Şəhər İcra Hakimiyyətində paytaxt Rayon İcra Hakimiyyətlərinin və şəhərin təsərrüfat xidmətləri rəhbərlərinin iştirakı ilə geniş müşavirə keçirilib. Müşavirədə xüsusilə paytaxtda aparılan geniş miqyaslı təmir-abadlıq işləri, sanitar təmizlik məsələləri müzakirə edilib, işlərin sürətləndirilməsi və müəyyən edilən vaxtda keyfiyyətlə başa çatdırılması ilə bağlı müvafiq tapşırıqlar verilib.
Rayonlarda görülən təmir işlərinin müzakirəsi zamanı ərazidə yerləşən qeyri-yaşayış obyektlərinin fasadlarının və mövcud hasarların vəziyyətinin qeyri-qənaətbəxş olması ilə əlaqədar xüsusilə Yasamal RİH başçısı Elşad Həsənova ciddi xəbərdarlıq edilib və qısa müddət ərzində bu sahədə dönüş yaradılması ilə bağlı müvafiq tapşırıqlar verilib.
Tribunainfo.az xəbər verir ki, müşavirədə xüsusilə Yasamal Rayon İcra Hakimiyyətinə ciddi xəbərdarlıq edilməsi səbəbsiz deyil. Çünki mətbuatda da, sosial şəbəkələrdə də ən çox Yasamal rayonundakı qanunsuz tikililər, səkilərin, yol kənarlarının zəbt edilməsi, yaşıllıqların məhvi ilə bağlı şikayətlərə rast gəlinir. Şikayətlər göstərir ki, sözügedən rayonda piyadaların hərəkəti üçün səki qalmayıb. Səkilər icra hakimiyyəti tərəfindən ya qeyri-yaşayış sahəsi kimi obyekt sahiblərinə satılıb, ya da bəzi mağaza sahiblərinə piştaxta yerləşdirə bilmək üçün icarəyə verilib.
Rayonla bağlı şikayətlər təkcə bununla kifayətlənmir. Yasamalda demək olar yaşıllıq qalmayıb. Bütün boş ərazilər tikinti şirkətlərinə satıldığı üçün indi də yaşıllıq ərazilər aidiyyəti qurumlar tərəfindən satılır. Bakıda ən çox qəzalı, istismar müddətini başa vurmuş binalar da heç şübhəsiz Yasamal rayonundadır. Sakinlər mətbuata verdikləri açıqlamalarda problemli və qəzalı evlərlə bağlı aidiyyəti üzrə müraciətlər etdiklərini bildirsələr də, heç bir nəticə əldə edə bilmədiklərini deyiblər. Yasamal rayonu həm də uçmaq təhlükəsi ilə üz-üzə olan balkonlu binalarla da zəngin rayondur. Lakin rayondakı vəziyyətə məsul olan şəxslər mövcud olan problemlərlə maraqlanmadığı üçün bu cür xoşagəlməz hallar qalmaqdadır.
Xəbəri paylaş