Rəşad Nəbiyevin uğursuz taksi islahatı: yuxarıları aldatmaq cəhdi, yoxsa səriştəsiz fəaliyyət…

 
29-07-2024, 11:48            148 dəfə baxılıb
Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətovun bugünlərdə verdiyi açıqlama ciddi hiddət doğurub və sosial şəbəkələrdə geniş müzakirələrə, daha doğrusu tənqidlərə yol açıb.
O sevinərək bildirib ki, "islahatlar” nəticəsində şəhərdə taksilərin sayının 65 mindən 35 minə enib. Bunu yaxşı xəbər kimi xarakterizə edib.
Amma əslində nə baş verir?
Bu yöndə olan bir neçə müşahidəni diqqətinizə çatdırmaq istərdim.
"İslahatlar” başlayandan sonra, demək olar ki, nimdaş vəziyyətdə olan və çoxdan unudulmuş qeyri-leqal əsaslarla fəaliyyət göstərən taksilər yenidən paytaxt küçələrində peyda olublar.
Çox təəssüflər olsun ki, çağırış zamanı taksi tapmaq xeyli çətinləşdiyindən və qiymətlər kəskin bahalaşdığı üçün insanlar texniki vəziyyəti belə bərbad vəziyyətdə olan taksilərdən istifadə etməyə məcbur olur. Çünki ənənəvi şirkətlərdən taksi sifariş vermək əsl müşkülə çevrilib. Bəzən sifarişin qəbul edilməsini saatlarla gözləməli olursan.
Qiymətlər kəskin artsa da, taksilərin keyfiyyəti dəyişməyib. Bunlar əvvəlki kimi köhnə avtomobillərdir. Amma bir neçə ay bundan əvvəl nazirlik bizə vəd verdi ki, iyuldan Bakıda buraxılış tarixi 8 ildən az olan: qırmızı və ağ rəngli avtomobillər hərəkət edəcək. Hanı həmin taksilər?
Keyfiyyətin aşağı düşməsi və qiymətlərin artması insanları yenidən şəxsi avtomobillərdən istifadəyə daha çox vadar edir. Bununda nəticəsində tıxaclar artır. Çünki bir taksi gün ərzində 40 adam daşıya bildiyi halda, şəxsi avtomobildən istifadə edənlərin daşıma sayı yalnız 2-3 nəfərdən artıq olmur.
Maraqlıdır, nazirlik tıxaclarla beləmi mübarizə aparır?
Ortada ola mənzərə onu deməyə əsas verir ki, "islahatlar”ın əsas məqsədinə nail oluna bilmir. Velosipeddən və ictimai nəqliyyatda istifadə istiqamətində də mənzərə ürəkaçan deyil. Çünki bunu stimullaşdıran şərait yoxdur.
Artıq biz səhər və axşam saatlarında adətən tıxacın olmadığı hava limanı yolunda da əməlli sıxlıq müşahidə etməyə başlamışıq.
Dünən nazir müavininin verdiyi son açıqlamanı şübhə altına alan vəziyyətlə şəxsən özüm rastlaşdım. Taksi sifariş etdim və sistemdə "Kia Rio” markalı maşın göründü. Beş dəqiqədən sonra naməlum nömrədən zəng edib, ödənişin kartdan- karta olacağı təqdirdə sifarişi qəbul edə biləcəklərini dedilər. Nağd və sistem vasitəsilə ödənişi qəbul etməyəcəklərini bildirdilər. Nəticədə sifarişə "Kia” əvəzinə köhnə, boz rəngli bir "Renault” gəldi.
Deməli, belə qənaətə gəlirik ki, aparılan "islahat” daha bir "yenilik” gətirib. Sistemdə ili yeni olan bir avtomobil qeyd olunur, əslində isə sifarişi başqa biri – ili köhnə olan avtomobillə icra edir. Eyni zamanda, sistemdə olan şəxs öz daşınmasına olan ödənişi kartdan-karta qəbul edərək, onun bir hissəsini köhnə avtomobilin sürücüsünə verir. Faktiki olaraq sifariş alveri gedir. Dostlarımla maraqlandım, demək olar ki, hamısı belə standart vəziyyətlə rastlaşdıqlarını təsdiqlədilər. Bu özbaşınalıq qanun pozuntisu ilə yanaşı, həm də sərnişinlərin həyatı üçün risk deməkdir.
Qayıdaq nazir müavininin ictimaiyyəti çaşdırmağa çalışdığı açıqlamasına.
Hörmətli nazir müavini bilməlidir ki, sistemdə 35 min, hətta 5 avtomobil belə göstərilə bilər. Ancaq gəlin hesablayaq görək, əgər sifarişi biri götürüb, digəri daşıyırsa, onda taksi fəaliyyəti ilə həqiqətdə neçə maşın məşğuldur?
Hələ biz küçələrin künc-bucaqlarında, metro çıxışlarında sayı artan qeydiyyatsız taksiləri bura aid etmirik. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi bütün bunları bilə-bilə belə acınacaqlı vəziyyəti "islahat” kimi qələmə verirsə, deməli, həm vətəndaşları, həm də rəhbərliyi aldadır. Əgər bilmirsə, deməli, səriştəsiz fəaliyyətlə məşğuldurlar. Çünki onların "islahatı” nəticəsində xidmətlərin keyfiyyəti yaxşılaşmaq əvəzinə, daha da pisləşib və nəticədə minlərlə insan qara bazara sürüklənib. Qiyməti özünüz verin: Nazirlik "islahat” adı ilə yuxarıları aldadır, yoxsa, səriştəsiz fəaliyyətlə məşğuldur?..
Azinforum.az



Xəbəri paylaş


 
 


Xəbər lenti