Sırada Vidadi İsayevdir... - İLGİNC İDDİALAR...
8-08-2024, 11:55 115 dəfə baxılıb
Azərbaycan hakimiyyəti seçkiqabağı korrupsioner məmurların və icra başçılarının yeni "ov"una başlayıb. Yerli idarəetmədə hakimiyyətin siyasətini yerdən-yerə vuran, əhali ilə işləməyən və büdcə vəsaitlərinin talanmasını həyata keçirən məmurların daha bir həbs və işdənçıxarılma dalğası start götürüb. Bunun ilk addımlarından biri avqustun 7-də Ağdaş rayon icra başçısı Tofiq İbrahimovun vəzifəsindən azad edilməsi oldu və dərhal da eyni gündə onun əmlaklarının, sərvətinin siyahısı media vasitəsi ilə açıqlandı. İqtidar seçki ərəfəsində yerli idarəçilikdə ən bərbad fəaliyyət göstərən məmurlarla vidalaşmaq qərarına gəldiyi üçün Ağdaş rayonundan prosesə start verdi və davamının gələcəyi gözlənilir. Hətta onlardan bəzilərinin həbs edilməsi belə istisna olunmur. Bu proseslərlə bağlı Anaxeber.info-ya verilən məlumata görə, növbə Bərdənin icra başçısı Vidadi İsayevə çata bilər. Onun yerli camaatı boğaza yığan hərəkətləri və korrupsiya piramidası haqda ölkənin siyasi rəhbərliyinə dosye şəklində məlumatlar təqdim olunub. Bu məlumatlar əsasında məruzə edilib ki, regionlarda dəyişiklik prosesi Bərdə şəhərinə də çatmalıdır. Çünki uzun illərdir Bərdəyə rəhbərlik edən Vidadi İsayevdən həm əhali tərəfindən ciddi narazılıq var, həm onun eyni postda qalmaqla topladığı sərvət həddi aşır və hadisələrin sonda partlayışla nəticələnməsi riski müşahidə olunur. Hakimiyyət bu ehtimalları nəzərə alaraq, zamanında İsayevi Bərdədən uzaqlaşdırmaq qərarındadır. Başqa bir məlumatda isə iddia olunur ki, hətta Bərdənin icra başçısı korrupsiya ittihamı ilə həbs edilə bilər. Əlavə edilir ki, buna qədər icra başçısına xəbərdarlıq olunub və idarəçilikdə korrektələr etməsi tövsiyə edilib ki, canını qurtara bilsin. Həmçinin, İH rəhbəri Vidadi İsayev bundan əvvəlki seçki ərəfəsində olduqca ciddi siyasi töhmət almışdı və ona sonuncu mesaj verilmişdi. Lakin nəticə çıxarmadığı qənaətinə gəlinib. Belə ki, bu dəfəki seçkilər ərəfəsində başlanan icra başçılarının təmizlənməsi prosesi Vidadi İsayevin də qolunu apara bilər. Mötəbər qaynaqlar da qeyd edirlər ki, Vidadi İsayevin artıq "qələmi qırılıb" və bu çoxdan baş verib, sadəcə, ona möhlət verilibmiş... Gələn informasiyalar arasında daha bir incə detal ondan ibarətdir ki, Bərdənin icra başçısının həbsi niyə qaçılmaz görünür - çünki hakimiyyət əyalətlərdə, regionlarda bərbad idarəetmə ilə bağlı yaranmış vəziyyətdən çıxış üçün seçki dönəmində bəzi korrupsioner məmurların qandallanmasına qərar verib. Bu xüsusda isə Bərdənin şefi Vidadi İsayev "kriteriyalara" uyğun gəlir: korrupsiya desən xirtdəyə qədər, hər yerdə mal-mülk, sərvət, hektarlarla torpaq sahələri, biznes obyektləri, sahibkarların başına açılan oyunlar, Bərdədə biznes mühitini məhv etmək, fermerlərdən tutmuş sadə insanlara, qazilərdən şəhid ailələrinə qədər bütün zümrələrdən olan insanları incitmək, qəbuluna gələnləri qovmaq, aztəminatlı ailələrə qarşı kobud münasibət, Bərdə ziyalılarına saymazlıq və nəticədə yalnız özünü düşünürək burada böyük korrupsiya mexanizmi yaratmaq... Sözsüz ki, bu faktorlar təhlil olunub, o cümlədən kuratorlar və texnoloqlar tərəfindən qiymətləndirilib və siyasi rəhbərliyə məruzə edilib ki, sıra Bərdə icra başçısına çatıb. Habelə, rayonda sosial şərait dəyərləndirilib, əhalinin narazılığı barədə reydlər keçirilib, monitorinq aparılıb, sorğuların nəticəsində ictimai, rəy öyrənilib və məlum olub ki, Bərdə camaatı Vidadi İsayevin qanunsuz, rüşvətə bulaşmış idarəçilik sistemindən cana doyub. Bu isə hakimiyyətə lazım olmayan bir başağrısıdır və qədim Azərbaycan şəhərində hər hansı xoşagəlməz situasiya yaranmasın deyə indidən preventiv addımlar atılır - İsayev Bərdədən uzaqlaşdırılır. Bildirilir ki, bu barədə artıq müəyyən zəmin hazırdır və icra başçısı ilə bağlı sərəncam imzalana bilər. Mənbələr əlavə edirlər ki, İsayevin istintaqa cəlb olunması isə müzakirə masasındadır. Ümumiyyətlə, bundan öncə də həbs edilmiş icra başçıları həmkarlarından xüsusi fərqlənənlər idi. Yəni əksər başçılar büdcə vəsaitlərini mənimsəyir, lakin bəziləri daha artıq tamahkarlıq edərək dövlətin pulunu oğurlayır. Misal üçün Biləsuvar, Neftçala, Ağstafa, Goranboy, İmişli rayonlarının həbs edilmiş icra başçıları "qırmızı xətti" keçən korrupsioner məmurlar idilər. Eynilə Bərdənin hökmdarı kimi özünü aparan İsayevin də addımları onların davranışlarına bənzəyir və onunla bağlı tədbir görülməsi istisna edilmir.
Anaxeber.info
Anaxeber.info
Xəbəri paylaş