“Tikmədim, özüm qalam, tikdim ki, izim qala” – Qoşa Qala niyə “işğal” olunub?

 
27-09-2024, 11:29            122 dəfə baxılıb
“Qoşa Qala qapısının önündəki səs-küy, tıxac, yol qırağını zəbt edən avtomobillər və səkinin olmaması vətəndaşlarda narazılığa səbəb olub. Onlar qeyd edirlər ki, piyadaların hərəkətinə maneə yaranır, estetik görüntü isə korlanır. Şikayət edənlər təkcə yerli vətəndaşlarımız yox, həm də turistlərdir. Ölkəmizə səfər edən xarici vətəndaşlar avtomobillərin çoxluğundan gileylənirlər.
Bəs məsələnin çıxış yolu nədir?
Nəqliyyat eksperti Rauf Ağamirzəyev mövzu ilə bağlı danışıb.
O, problemin çıxış yollarını belə izah edib:

“Qoşa Qala qapısının qarşısında xaotik bir vəziyyət var. Bu məsələ həm şəhər sakinlərini, həm də turistləri narahat edir. Problemin əsas səbəblərindən biri “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğuna daxil olan avtomobillərdir. İçərişəhərdə qeydiyyatı olan operativ nəqliyyat vasitələri istisna olmaqla qalan nəqliyyat vasitələrinə giriş qadağan edilməlidir. Çünki İçərişəhər bizim tarixi dəyəri olan ərazimizdir, turistlərin daha çox hərəkət etdiyi, uşaqların, yaşlı insanların hərəkətdə olduğu tarixi bir məkandır. Amma avtomobillər bu hərəkəti məhdudlaşdırır. Onsuz da, İçərişəhər balaca, dar yolları ilə həmişə məşhur olub. Yollar zəbt olunduğu halda problemlər qaçılmaz olur. Sözügedən məsələ həm vizual, həm səs, həm də mühit kirliliyi yaradır”.
R.Ağamirzəyev hesab edir ki, məhdudlaşdırma tədbirləri ilə bu məsələni həll etmək olar:
“Məhdudlaşdırma tədbirləri bir az aşağıdakı Əziz Əliyev küçəsindəki sıxlığa da müsbət mənada təsir edəcək. Ümumiyyətlə, şəhər mərkəzinə fərdi nəqliyyatın gəlişi məhdudlaşdırılmalıdır. Qısa məsafədə artıq velosiped zolağı şəbəkəsi çəkilir. Bu, metro stansiyasından çıxıb mikromobillik vasitələri – skuter və velosiped ilə hərəkət üçün şərait yaradır. Veloicarə sistemi artıq bir aydır ki, fəaliyyət göstərir. Digər tərəfdən, ictimai nəqliyyatın üstünlüyünü təmin edən avtobus zolaqları artıq şəbəkələşir. Bu da şəhər mərkəzinə əlaqələnmiş şəkildə qurulur. Qeyd edilən nüans da alternativ formada sürətli hərəkət üçün imkandır”.
Ekspert əlavə edib ki, piyadalaşmış küçələrin sayı artdıqca insanlar şəhər mərkəzinə daha çox alternativ nəqliyyat vasitələrilə gəlməlidir:
“Alternativ növlərlə hərəkət üçün şərait yaradılmalıdır. Bir neçə il öncə 30 kilometrlik zona tətbiq olundu. Onun sərhədləri Azərbaycan prospekti, Mirzəağa Əliyev küçəsi, Səməd Vurğun küçəsi və Neftçilər prospekti istiqamətində İçərişəhəri əhatə edir. Bunların bəzilərində piyadalaşmış küçələrin sayının artırılması nəzərdə tutulmuşdu. İlkin olaraq Xaqani bağının ətrafında baryersiz mühit təşkil olundu. Növbəti mərhələ kimi Mirzəağa Əliyev küçəsindən üzü Fəvvarələr meydanına doğru olan küçələrin bu növ piyadalaşdırılmasına ehtiyac var. Beləliklə, şəhər sakinləri üçün Qış parkının parkinqində avtomobillərini saxlayıb şəhərin mərkəzinə doğru piyada gəlmək imkanı yaranar”./oxu.az




Xəbəri paylaş


 
 


Xəbər lenti