Fuad Nəcəflinin qəbul otağına qəfil zəng – Deputat Ramiz Məmmədov özünü itirib və...

 
11-10-2024, 11:21            175 dəfə baxılıb
Əvvəllər Naxçvan Muxtar Respublikası Ali Məclisi sədrinin köməkçisi vəzifəsində çalışan, bu il Ali Məclisin deputatı seçilən Ramiz Məmmədov hələ də qeyri-rəsmi şəkildə Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəflinin köməkçisi funksiyasını icra edir.
TNS-in əməkdaşı Fuad Nəcəflinin, əslində isə Ali Məclis sədrinin qəbul otağına zəng edib. Telefona əvvəlki dövrlərdə olduğu kimi, yenə də Ramiz Məmmədov cavab verib.
Əməkdaşımız Ali Məclisin deputatı seçilən Ramiz Məmmədova Fuad Nəcəflinin qəbul otağının telefon zənginə niyə cavab verdiyini soruşub.
Ramiz Məmmədov deyib ki, Fuad Nəcəflinin yanında iclas olduğu üçün telefona o cavab verib.
Sonra nə cavab verəcəyini bilməyən Ramiz Məmmədov təsadüf nəticəsində telefonun dəstəyini qaldırdığını bildirib.
“Mən başqa zəng gözləyirdim, ona görə telefona cavab verdim”, - deyən Ramiz Məmmədov özünü itirərək fikrini dəyişib: “Mən pensiya sənədlərimi almağa gəlmişəm. Orada yığıncaq idi, ona görə telefona cavab verdim”.
Bu zaman belə bir sual yaranır. Fuad Nəcəflinin qəbul otağı Dövlət Sosial Müdafiə Fondudur? Ramiz Məmmədov pensiya sənədlərini almaq üçün ora niyə gəlib, telefona niyə cavab verib? Bu, sadəcə olaraq, bəhanədir. Ramiz Məmmədov qeyri-rəsmi şəkildə köməkçi vəzifəsini icra etdiyini gizlətmək üçün belə bir bəhanə uydurub.
Naxçıvandakı etibarlı mənbənin redaksiyamıza verdiyi məlumata görə, deputat Ramiz Məmmədov yenə də qeyri-rəsmi şəkildə Fuad Nəcəflinin köməkçisidir, hətta Ali Məclis sədrinin köməkçisinin xidməti avtomobilindən istifadə edir.
Bu, tamamilə biabırçı bir vəziyyətdir. Təsəvvürünüzə gətirin ki, Milli Məclisin hansısa deputatı ölkənin hansısa nazirinin, yaxud yüksək vəzifəli bir şəxsinin köməkçisi funksiyasını icra edir. Bu, absurddur və mümkün deyil. Fuad Nəcəfli bununla sübut etməyə çalışır ki, Ali Məclis onun “dəftərxanasıdır”.
Vaxtilə Ulu Öndər Heydər Əliyevin deputatı, sonra rəhbəri olduğu Ali Məclisə belə münasibət yolverilməzdir.
Ali Məclis sədrinin birinci müavini Bəxtiyar Məmmədova təklif edirik ki, rəhbərlik etdiyi orqanın imicini, nüfuzunu qorusun. Hesab edirik ki, bu məsələni Ali Məclisin İntizam komissiyası araşdırmalıdır. Xalqın səsi ilə seçilən deputat ən şərəfli vəzifələrdən biridir. Deputat adını belə ləkələmək olmaz.
Fuad Nəcəfli bu qanunsuzluğu aradan qaldırmalı, Ramiz Məmmədov isə bu hərəkətinə görə seçicilərindən və Ali Məclisin deputatlarından üzr istəməlidir./modern.az/



Xəbəri paylaş


 
 


Xəbər lenti