General oğlunun 5 ildir DOST-a icarəyə verdiyi bina ətrafında QALMAQAL

 
16-10-2024, 12:44            110 dəfə baxılıb
Fövqəladə Hallar Nazirliyi (FHN) Fərhadzadə Fərid Rüfət oğlunun sifarişi əsasında Bakı şəhəri, Yasamal rayonu, İsmayıl bəy Qutqaşınlı küçəsi 100 ünvanında inşa olunan qeyri-yaşayış binasının istismarına icazə verib.
Yeniavaz.com xəbər verir ki, ümumi sahəsi 3 min 981 kvadratmetr olan bina 5 mərtəbə (2 səviyyəli zirzəmili) ibarətdir.
FHN qeyri-yaşayış binasına 3 oktyabr 2024-cü il tarixli 03305 nömrəli istismara hazırlıq rəyi verib.
Məlumat üçün bildirək ki, bu ilin avqust ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyinin “1 saylı Bakı DOST Mərkəzi” üçün Fərid Rüfət oğlu Fərhadzadədən qeyri-yaşayış sahəsi icarəyə götürülüb.
DOST Agentliyi Fərid Fərhadzadədən Bakı şəhəri, Yasamal rayonu, İsmayıl Qutqaşınlı küçəsi 86 ünvanında yerləşən ümumi sahəsi 3 min 693 kvadratmetr olan qeyri-yaşayış sahəsini icarəyə götürüb və qarşılığında 4 milyon 874 min 760 manat ödəyəcək.
Məlumat üçün bildirək ki, hazırda “1 saylı Bakı DOST Mərkəzi” qeyd olunan ünvanda fəaliyyət göstərir. DOST Agentliyi ilk dəfə 5 il əvvəl Fərid Fərhadzadə ilə icarə müqaviləsi bağlayıb.
“1 saylı Bakı DOST Mərkəzi” istismarına 7 gün əvvəl icazə verilən qeyri-yaşayış sahəsində 5 il ərzində necə fəaliyyət göstərdiyinə aydınlıq gətirmək üçün suallarımızı DOST Agentliyinin mətbuat xidmətinə ünvanladıq.
Agentliyin mətbuat xidmətindən Yeniavaz.com-a daxil olan məlumatda bildirilir ki, Bakı şəhəri, Yasamal rayonu, İsmayıl bəy Qutqaşınlı küçəsində yerləşən qeyri-yaşayış binasının “1 saylı Bakı DOST Mərkəzi”nin inzibati binası kimi icarəyə götürülməsi barədə müqavilənin imzalanması həmin binanın müvafiq olaraq özəl mülkiyyətdə olması və Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyatda olması əsasında baş verib:
“Müqavilə şərtlərinə əsasən, bina əsaslı şəkildə təmir edilərək DOST Agentliyinin istifadəsinə verilib. Sahibkar binanın təmirdən sonra yoxlanılması və istismara yararlı olduğunun bir daha təsdiq edilməsi üçün müvafiq quruma müraciət edib və müsbət rəy alıb”.
Qeyd edək ki, 5 il əvvəl mətbuatda yayılan məlumatlarda Fərid Fərhadzadə “Azərenerji” ASC-nin prezidenti Baba (Balababa) Rzayevə yaxın şəxs kimi təqdim olunub.
Məlumat üçün bildirək ki, Balababa Rzayevin kürəkəni Fərid Fərhadzadə tanınmış iş adamlarından biridir. “FF Şirkətlər Qrupu”nun Fərid Fərhadzadəyə məxsus olduğu bildirilir. Bildirilir ki, “FF” ifadəsi də Fərid Fərhadzadənin ad və soyadının baş hərflərindən götürülüb. Bu qrupa daxil olan “FF Construston” MMC-nin hüquqi ünvanı da Fərid Fərhadzadənin Bakıda qeydiyyatda olduğu mənzildir.
Fərid Fərhadzadə eyni zamanda Balababa Rzayevin qardaşı Rahib Rzayevin rəhbərlik etdiyi “Göknur Bakı Ltd” MMC-də baş icraçı direktor olub. Fərid Fərhadzadə ötən ildən Azərbaycan Triatlon Federasiyasının prezidenti vəzifəsini də icra edir.
Fərid Fərhadzadənin atası isə Fövqəladə Hallar Nazirliyi yanında Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin rəisi general-mayor Rüfət Lətif oğlu Fərhadovdur.
Onu da bildirək ki, bir neçə gün əvvəl Baş nazir Əli Əsədov “Azərenerji” ASC-nin prezidenti Balababa Rzayevə şiddətli töhmət verilməsiylə bağlı sərəncam imzalayıb.









Xəbəri paylaş


 
 


Xəbər lenti