Tanınmış hakiminin alim bacısı hakim qarşısında – dələduzluqda ittiham olunur – ŞOK MƏHKƏMƏ DOSYESİ

 
23-10-2024, 14:20            27 dəfə baxılıb
Yasamal rayon Məhkəməsində 11 nəfərə qarşı dələduzluqla – işə düzəltmək və başqa vədlərlə aldadıb onların pulunu ələ keçirməkdə ittiham olunan Raya Nəcəfovanın cinayət işi üzrə məhkəmə prosesi davam edir.
Musavat.com xəbər verir ki, 10 aya yaxındır ki, davam edən prosesdə zərərçəkənlər Raya Nəcəfovanın barəsindəki qəti imkan tədbirinin dəyişdirilməsini, məhkəmə zalında həbsini tələb edirlər. 
Raya Nəcəfova Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Azad Həmkarlar İttifaqının keçmiş sədr müavini, kimyaçı alimdir. O, dələduzluq, vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə kimi əməllərdə suçlanır. Ancaq özü həbsdə deyil, hökm çıxarılanadək onun haqqında həbsə alternativ qətimkan tədbiri seçilib. 64 yaşlı Raya Nəcəfova 11 nəfərə qarşı dələduzluqda – işə düzəltmək və başqa vədlərlə aldadıb onların pulunu ələ keçirməkdə suçlanır. Onun həbsini tələb edənlər də zərərçəkmiş qismində tanınan şəxslərdir. Zərərçəkmişlər öz vəsatətlərində Raya Nəcəfovanın azadlıqda qalsa da, onlara dəymiş ziyanı ödəməkdən ötrü heç bir addım atmadığını vurğulayıblar:

“Əksinə, azadlıqda qalmaqla şahid və zərərçəkənlərə təsir göstərir, məhkəmə prosesinin gedişinə mane olur”.
Zərərçəkmişlər cəzasızlıq mühitinin Raya Nəcəfovada arxayınlıq yaratdığına diqqət çəkiblər. Dövlət ittihamçısı təqsirləndirilən şəxsin həbsinə, hələlik, ehtiyac görmədiyini deyib. Hakim Rauf Daşdəmirov da vəsatəti təmin etməyib. Zərərçəkmişlər məhkəməyə mülki iddialarını da verərək dəymiş ziyanın ödənilməsini – alınmış pullarının qaytarılmasını tələb ediblər. Mülki iddialar icraata götürülsə də, onların təmin olunub-olunmaması məsələsinə hökm çıxarılanda qərar veriləcək. Bu cinayət işi üzrə məhkəmə araşdırmaları davam edir. Raya Nəcəfova özünü təqsirli bilmir, ona qarşı ittihamların yalan olduğunu deyir. O, bəzi zərərçəkənlərdən sələmlə pul götürsə də, sonra artıqlaması ilə qaytardığını iddia edir. Raya Nəcəfova ifadəsində bildirib ki, məsələn, ondan şikayətçi olan Sevinc Qayıbovanın aldadılmasında özünün yox, Xanlar Nəsirovun günahı var. Onun sözlərinə görə, əvvəllər Azərbaycan Beynəlxalq Universitetinin prorektoru olmuş Xanlar Nəsirov tanışları vasitəsilə Sevinc Qayıbovanı nazirliklərdən birinə işə düzəldəcəyini deyib. Ondan alınmış pul da Xanlar Nəsirova çatıb.
Bəzi zərərçəkənlərlə telefon danışıqları, mesajlara gəlincə, təqsirləndirilən alim iddia edir ki, onların aldadılmasında özünün yox, tanışlarının günahı olub. Amma onun günahlandırdığı şəxslər, o cümlədən Xanlar Nəsirov, Ramiz Nəbiyev, Ədalət Abbasov ifadələrində bildiriblər ki, Raya Nəcəfova yalan danışır. Əksinə, Raya Nəcəfova bəzi adamlarla telefonla danışıb, sakitləşdirmək üçün onlardan kömək istəyib. Onlar da Raya Nəcəfovanın xahişi ilə o adamlarla onun dediyi şəkildə danışıb, müxtəlif vədlər veriblər. Zərərçəkənlər iddia edirlər ki, Raya Nəcəfovanın indiyədək həbs olunmamasında onun qohumlarının rolu var. O, baş prokurorun keçmiş müavini, Konstitusiya Məhkəməsinin hakimi İsa Nəcəfovun bacısı, deputat Ülvi Quliyevin isə qudasıdır.
“Başqa məhkəmələrdə prokuror, adətən, zərərçəkənlərin mövqeyini müdafiə edir. Bu məhkəmədə isə sanki prokuror Raya Nəcəfovanın vəkilidir. 10 aydır məhkəmə gedir. 10 ayda ziyandan 10 manat ödənməyib. Məhkəmə boş yerə uzanır. Nə qədər olar? Bu adamda əminlik var ki, qardaşına, qudasına görə ona heç nə eləməyəcəklər, ona görə də belə davranır", - zərərçəkən belə deyirlər.
Raya Nəcəfova dələduzluq ittihamı ilə cinayət məsuliyyətinə cəlb olunandan bir müddət sonra – ötən il oktyabrın 31-də Azərbaycan Milli Elmlər Akademiyasının Azad Həmkarlar İttifaqının sədr müavini vəzifəsindən çıxarılıb. O, Elm və Təhsil Nazirliyinin tabeliyindəki Neft-Kimya Prosesləri İnstitutunda baş elmi işçisi vəzifəsində də çalışırmış. Təqsirləndirilən alim 2001–2015-ci illərdə Azərbaycan Müəllimlər İnstitutu Sumqayıt filialının direktoru olub.
 

Musavat.com



Xəbəri paylaş


 
 


Xəbər lenti