Hacıbala Abutalıbovun dövründən söküntü-tikinti işlərinə nəzarət edən Zülfəli İsmayılov niyə işdən çıxarılmır?

 
24-10-2024, 15:03            132 dəfə baxılıb
Paytaxta yağan güclü yağışlar nəticəsində ortaya çıxan mənzərə bir çox müzakirəli məsələləri gündəmə gətirib. Yağıntılar nəticəsində fəsadlarla üzləşən Bakının bu vəziyyətə düşməsinin səbəbkarları saymaqla bitmir. Siyahıda çoxlarının adı hallansa da, ən çox diqqət Bakı Şəhər İcra Hakimiyyətinin üzərindədir. 
 
Pravda.az xəbər verir ki, Meriyanın fəaliyyəti ilə bağlı müzakirələrdə ta paytaxtın sabiq meri Hacıbala Abutalıbovun dövründən bəri 17 ildir, “söküntü işlərinə baxan” Nəzarət-təftiş şöbəsinin  müdiri Zülfəli İsmayılov yenidən gündəmə gəlib. 
 
Fəaliyyətə başladığı illərdən bu günə qədər Bakı sakinlərinin “ev yıxan, ev dağıdan, adamların evini başına uçurdan” kimi tanıdıqları “buldozer” ləqəbli Zülfəli İsmayılovun da yağıntılar zamanı baş qaldıran problemlərdə məsuliyyət daşıdığı bildirilir. 
 
İsmayılovun adını axtarışa verdikdə onun fəaliyyəti barəsində ölkə mediasında müsbət fikirə rast gəlmək mümkün deyil. Mətbuatda yayılan xəbərlərdə onun “söküntü işlərindəki məharəti” nəticəsində milyonlar qazandığı deyilir. Xatırlatmaq yerinə düşər ki, Bakıda 2010-cu illərin əvvəllərində “Basin” adlanan Füzuli küçəsində də, 2010-cu illərin sonlarında “Sovetski” adlanan ərazidə də qalmaqallı söküntü işləri Zülfəli müəllimin rəhbərliyi və nəzarəti ilə aparılıb. 
 
Çox uzağa getməyək. İsmayılov 2022-ci ildə Xətai rayonunda Yusif Səfərov və Afiyəddin Cəlilov küçələrinin kəsişməsində yerləşən çoxmərtəbəli binanın söküntüsü zamanı nərə çəkərək sakinlərin evini başlarına uçurmuş, “evyıxan məmur” görüntüsü ilə də gündəmə gəlmişdi. O, əksər söküntü işlərini məhkəmə qərarı olmadan apardığı üçün hüquqşünaslar da dəfələrlə açıqlamalarında bildiriblər ki, buna yol verən şəxslər Cinayət Məcəlləsinin 186-cı “Əmlakı qəsdən məhvetmə və zədələmə” maddəsinə görə, 7 ildən 10 ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırıla bilərlər. 
 
Beləliklə, icra başçıları dəyişsə də, öz postunu qorumağı bacaran Zülfəli İsmayılovun aparılan yoxlamalar nəticəsində dəfələrlə həbs olunacağı ilə bağlı xəbərlər yayılsa da, o, yaxasını qurtarmağı bacarıb. 
 
Bir müddət əvvəl Bakı Şəhər İcra Hakmiyyətinin başçısı Eldar Əzizovu mer kimi qəbul etməməsi, mer olmaq sevdasına düşməsi barədə yayılan xəbərlərlə də gündəmə gələn İsmayılov zaman-zaman özü barəsində sifarişli yazılar dərc etdirərək əməllərini pərdələməyə çalışıb. “Qazilərə, məcburi köçkünlərə, kimsəsizlərə əl tutması” haqda “bəy tərifi” yazılar, təəssüf ki, Zülfəli müəllimin “buldozer”i qədər iti ola bilməyib. 
 
Zülfəli müəllimin fəaliyyət tarixçəsindən də görünür ki, onun tikməklə arası olmadığı üçün paytaxtımızda aparılan tikinti işlərini nəinki təftiş, heç nəzarətə ala bilməyib. Nəticədə isə göydən yağış düşən kimi şəhərdə “Titanik” effekti yaranır... 
 



Xəbəri paylaş


 
 


Xəbər lenti