GDU — DA “MINI-REKTOR” ŞAHIN XURŞUDOV ƏSARƏTI
8-07-2022, 13:56
Sabiq baş prokurorun bacısı oğlu fakültə dekanlarından pul tələbi “ərşə yüksəlib”
Son illər Gəncə Dövlət Universiteti ilə bağlı istər yuxarı instansiyalara ünvanlanan az qala bütün şikayətlərdə, Universitetlə əlaqəli mətbuatda dərc olunan demək olar bütün tənqidi məqalələrdə rektor Yusif Yusibovla bərabər, hətta ondan da daha çox Universitetin tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru Şahin Xurşudovun adı çəkilir.
Adam xoşbəxt ulduz altında doğulub demək olar. Sabiq ədliyyə naziri və baş prokuror vəzifəsində işləmiş İlyas İsmayılovun bacısı oğlu olmağından yararlanaraq hər zaman qarşısında “yaşıl işıq” görən Şahin Xurşudov gənc yaşlarından karyera pilləsində sürətlə irəliləyib. Texnologiya Universitetinin məzunu olan Şahin Xurşudov ixtisası uyğun gəlməsə də, bu ilin mart ayında hazırki vəzifəsinə irəli çəkilib. Amma buna qədər tutduğu GDU-nun İqtisadiyyat-İdarəetmə Fakültəsinin dekanı vəzifəsini də əlindən buraxmayıb. 2007-ci ildən bu yana GDU-da dekan müavini, kafedra müdiri, dekan işlədiyi dövrdə adı bir çox qalmaqallı məsələlərdə, eləcə də tələbə ilə insidentdə hallanan Xurşudov hazırki vəzifəsinin icrasına başlar-başlamaz digər fakültə dekanlarından tələbələrdən pul yığmağı tələb edib. Məsələn, prorektorun kəsdiyi “racona” görə, bir tələbənin bir semestrlik aylığa buraxılmasının haqqı 500 manatdır. Buraya kollekvium və imtahanların qiymətləri daxil deyil.
Zatən Xurşudov həmişə rektorun “qara kassası” kimi tanınıb, rüşvət toplamaqda pərgar olub. İndi isə 71 yaşlı Yusifov külli-ixtiyarı verib Xurşudovun əlinə. Xurşudov isə özünü “mini-rektor” adlandıraraq sinəsinə döyür. Heç bir dekan, kafedra müdiri, müəllim, əməkdaş, tələbə rektorun qəbuluna düşə bilmir. Rektor konkret göstəriş verib ki, hər bir şəxs tədris məsələləri üzrə prorektor Şahin Xurşudova müraciət etsin.
Gəncə Dövlət Universitetindən əlavə Aqrar Universitetə və Texnologiya Universitetinə də əl qoyan Xurşudovun adı digər iki ali təhsil müəssisəsində də dosent və şöbə müdiri vəzifələrində gedir.
Xurşudov Gəncənin elmi ictimaiyyəti və tələbələr arasında həm də “kafelər kralı” kimi ad çıxarıb. Universitetlərin bütün korpuslarında və tələbə yataqxanalarında olan bütünı kafelər ona məxsusdur.
Yusifov və Xurşudovun get-gedə artan nəhayətsiz kapitalının (bahalı avtomobil kolleksiyaları, aksessuarlar, çoxsaylı daşınmaz əmlak və gəlirli obyektlər) fonunda son illərdə GDU-ya tədrisə aid heç bir inventar, avadanlıq, əyani vəsaitin alınmaması faciə kimi görünür.
Məlumatlarda qeyd olunur ki, Gəncə Dövlət Universitetinin elan etdiyi tenderlərdə yeni yaranmış və təcrübəsiz şirkətlərin qalib çıxarılmasında da Xurşudovun apardığı “centlmen sövdələşmələri” həlledici rol oynayır, satınalmalar haqqında qanunu üstələyir.
Həmçinin bildirilir ki, Universitetdə professor-müəllim heyətinin maaşının qaldırılmadığı, universitetə laboratoriyalara avadanlıq, kitabxanalara yeni dərs vəsaitləri alınmadığı halda, şübhəli tenderlərin qalibi olan firmalardan mətbəx və tualet ləvazimatları, kimyəvi təmizləyici vasitələr almaq adı ilə büdcə vəsaitləri talanır.
Verilən məlumatlara görə, hal-hazırda fakültələrdə müəllim vəzifəsində kurs keçib sertifikat almış tyutorlar işləyir. Kənar şəxslərdən 10000 manat,universitetdə işləyən laborantlardan isə 5000 manat rüşvət alıb tyutor götürürlər. Universitet üzrə 43 yeni tyutor götürüblər. Boşalan laborant ştatlarına isə işə qəbul olunanlardan 7000-8000 manat rüşvət alınır. Müəllimləri tyutor götürmürlər, yalnız laborantlar götürülür, laborant isə tyutor keçmək üçün öz tutduğu ştatdan çıxmalıdır. Bu işləri rektor Yusif Yusibovun tapşırığı ilə prorektor Şahin Xurşudov aparır. //deryaz.az//
Mövzuya qayıdacağıq.
Əyalətmedia.Az olaraq məqalədə qaldırılan iddialarla bağlı qarşı tərəfin mövqeyini işıqlandlrmağa hazırıq!
Xəbəri paylaş



























