Sumqayıt Tibb Mərkəzində BİABIRÇILIQ - 10 gün əvvəl xəbər verməlidir, canı çıxsın, yıxılmasın

 
18-12-2024, 11:30            98 dəfə baxılıb
Sumqayıtın səhiyyəsi son bir ildə məhv olub. Bəli, tam olaraq bir ildə. Cəlilabad Rayon Xəstəxanasından Sumqayıt Tibb Mərkəzinə qəfil transfer edilən Elnur Azadxanov vəzifəsinin icrasına başladığı ilk gündən bu günə qədər şəhərin tibbi xidmətini reanimasiyalıq edib. Azadxanov təyin ediləndən insanlar nə normal tibbi xidmət görür, nə də müalicə. Sumqayıt şəhərinin demək olar ki, bütün dövlət tibb müəssisələri acınacaqlı gündədir. Hətta sakinlər icbari tibbi sığortadan da istifadə edə bilmir. Bu prosesin bir neçəsinin özüm şahidi olmuşam. İndi onları bir-bir sadalayacağam. Əgər ehtiyac olarsa, faktları, sənədləri də təqdim edəcəyəm.

Deməli belə. Təxminən 6 ay öncə bir tanış gənc oğlan həyətində iş görərkən ehtiyatsızlıqdan hündürlükdən yıxıldı, ayağı bud hissədən sındı. Təcili yardım tapa bilmədiyimiz üçün xəstəni şəxsi avtomobilimizlə Sumqayıt Tibb Mərkəzinin tabeliyində, lap 5 metrliyində olan Təcili Tibbi Yardım Xəstəxanasına çatdırdıq. Xəstə müayinə, rentgen olunandan sonra ona təcili əməliyyat yazıldı. Xəstəxanaya daxil olanda dedilər ki, narahat olmayın, bütün əməliyyat, müayinə və müalicələr icbari tibbi sığorta hesabına həyata keçiriləcək. Sevindik, düşündük ki, ölkənin səhiyyə sistemi inkişaf edir, insanlara yüksək xidmət göstərilir. Amma...

Sevincimiz cəmi yarım saat çəkdi. Yarım saatdan sonra xəstəni əməliyyata götürəcək cərrah bizi çağırıb “niyə gəlmirsiniz” dedi. Anlamadıq. Düşündük ki, xəstə yaxınları niyə əməliyyata girməlidir? Yaxınlaşanda, cərrah bizi otağına aparıb “Mendeleyev cədvəli”nə oxşayan bir vərəqi qarşımıza qoyub dedi: “1600 manat, razısınız?”

Cərrahdan soruşdum ki, axı bütün xərcləri İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ödəyir, niyə biz əlavə pul ödəməliyik?

Cənabi cərrah əsəbiləşib özündən çıxdı. Əvvəlcə bir az İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin arxasınca danışandan sonra son sözü bu oldu: “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi yalnız əməliyyat xərclərini ödəyir, 3 min manat. Bu 3 min manata həkimin maaşı, əməliyyatda iştirak edən tibb işçilərinin və xəstənin əməliyyat sarğılarının xərcləri daxildir. Qalan xərcləri siz ödəməlisiniz”.

Özümü saxlaya bilməyib cərrahdan soruşdum ki, başqa nə xərclər qaldı? Xəstəyə pomidor-xiyar almalıyıq? Əgər bütün xərcləri icbari sığorta ödəyirsə. Cərrah nə desə yaxşıdır? Qayıdasan ki, bəs xəstənin ayağına paslanmayan materialdan mil, diyircək, gips və sair avadanlıqlar yerləşdirilməlidir ki, həmin xərcləri xəstə yaxınları ödəməlidir.

Məsələ ilə bağlı Sumqayıt Tibb Mərkəzinə müraciət edəndə bildirdilər ki, bütün xərcləri icbari tibbi sığorta qarşılayır.

Xahiş etdim ki, həmin cərrahla əlaqə saxlasınlar. Mərkəzdən cərrahla əlaqə saxladılar. Təxminən yarım saatdan sonra cərrah bizi yenidən çağırıb dedi ki, həmin avadanlıqları İcbari Tibbi Sığorta üzrə Dövlət Agnetliyi ödəyir, amma bundan ötrü tender elan olunmalıdır, həmin avadanlıqlar alınmalıdır, sonra biz əməliyyat etməliyik.

Yenidən Sumqayıt Tibb Mərkəzinə müraciət edəndə, qurumdan dedilər ki, cərrah düz deyir.

Biabırçılığa baxın. Deməli, xəstə bilməlidir ki, 10 gündən sonra yıxılacaq, 10 gün əvvəldən xəstəxanaya məlumat verməli, xəstəxana da Sumqayıt Tibb Mərkəzinə müraciət etməlidir. Sumqayıt Tibb Mərkəzi tender elan eləməlidir ki, 10 gün sonra filankəs yıxılacaq, ayağı sınacaq, ona lazım olan avadanlıqlarla bağlı şirkət müəyyənləşsin. Həmin şirkət müəyyən ediləcək, tenderin qalibi elan olunacaq, avadanlıqları alacaq, xəstəxanaya gətirəcək, təhvil verəcək, ondan sonra cərrah həmin xəstəyə zəng vuracaq ki, avadanlıqlar gəldi, yıxıl. Əgər xəstə Sumqayıt səhiyyəsinə məlumat verməmiş yıxılıbsa, günah özündədir, canı çıxsın, yıxılmasın.

Bu, cənab Azadxanovun taktikasıdır. Azadxanov Sumqayıt Tibb Mərkəzinə rəhbər təyin olunandan sonra özünəməxsus taktika ilə idarə edir qurumu. Şərhə isə ehtiyac yoxdur.

TƏBİB-in yeni transfer etdiyi Elnur Azadxanovun tabeliyindəki Sumqayıt Tibb Mərkəzi ilə bağlı silsilə bıabırçılıqları növbəti sayımızda oxuya bilərsiniz.

TNS.az






Xəbəri paylaş


 
 


Xəbər lenti