“İsveç və Finlandiyanın terrorçuların yuvasına çevrilməsi NATO üçün də təhlükədir” - Akar

 
17-06-2022, 14:07           
Biz NATO-nun genişlənməsini həssaslıqlarımıza hörmət edildiyi təqdirdə mənalı və vacib hesab edirik.
APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə milli müdafiə naziri Hulusi Akar deyib.
O qeyd edib ki, NATO təhlükəsizlik təşkilatıdır və onun ən böyük mübarizə sahələrindən biri terrorizmdir.
“NATO-nun təməl prinsipləri regional və qlobal sabitlik, təhlükəsizlik üçün hər cür terror təşkilatları ilə mübarizə aparmağı tələb edir. Bu baxımdan əməkdaşlıq və həmrəylik lazımdır. Bu, NATO-nun ənənələrində, əsas sənədlərində və iş prinsiplərində mövcud olan məsələdir. Türkiyə eyni anda birdən çox terror təşkilatına qarşı mübarizə aparan yeganə NATO üzvü ölkədir. Digər tərəfdən, Avropa ilə terrorizm arasında sonuncu səddir. Suriya və İraqın şimalında terrorla mübarizə apararkən həm vətəndaşlarımızı, həm ölkəmizi qoruyur, həm də terrorçuların Avropaya yayılmasının qarşısını alırıq”, - deyə o bildirib.
Akarın sözlərinə görə, müttəfiqlər bu mövzuda həssas olmalıdır.
“İsveç və Finlandiyanın terror təşkilatlarına siyasi və maliyyə dəstəyi, silah yardımı və terrorçuların yuvasına çevrilməsi NATO üçün də təhlükədir. Suriyanın şimalında və İraqda terrorçuların ölkəmizə qarşı hücumlar etdikdən sonra qaçıb bu ölkələrə sığınaraq orada yaşamaqları qəbul edilə bilərmi? Bu, müttəfiqlik ruhuna uyğundurmu, belə bir müttəfiqlik ola bilərmi?”, - deyə nazir vurğulayıb.

 



Xəbəri paylaş


 
 


Xəbər lenti