Şamaxıda Rəcəbovlar ailəsini dövlət qurumlarından narazı salmaqda məqsəd nədir? GİLEY

 
20-06-2022, 11:41            61 dəfə baxılıb
Məlumdur ki, hər bir vətəndaşın hüququ ilə bağlı məsələlər Azərbaycan Respublikası Konstitusiyasının 52-ci maddəsində öz əksini tapıb. Bu maddədə göstərilir ki, Azərbaycan dövlətinə mənsub olan, onunla siyasi-hüquqi bağlılığı, habelə qarşılıqlı hüquq və vəzifələri olan şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. Bundan əlavə, hər bir şəxs dövlətə münasibətdə bir sıra hüquqlara sahibdir və dövlət qurumlarından ona aid hüquqların müdafiəsini, qorunmasını tələb etmək və s. məhz həmin şəxsə verilən ixtiyardır. Haqqında bəhs etdiyimiz Şamaxı rayon sakini 2014-cü ildən bugünə kimi Azərbaycan Respublikası Konstitusiyasının ona verdiyi hüquqlardan istifadə etməsinə baxmayaraq, hələ də o, pozulmuş hüquqlarının bərpası yöndə məqsədinə nail ola bilməyib. Belə bir səbəbdəndir ki, redaksiyamıza Şamaxı rayonu, Muğanlı kənd sakini Rəcəbov Yadigar Ağadadaş oğlu adlı şəxs tərəfindən şikayət ərizəsi daxil olub. Adı çəkilən bu şəxs yazmış olduğu ərizəsində qeyd edir: “2011-ci ildə Muğanlı kəndində yaşayan 47 ailənin fərdi yaşayış evi baş verən torpaq sürüşməsi nəticəsində yararsız vəziyyətə düşdü və bu hadisədən sonra, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin “Azərinşaatlayihə” İnstitunun və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin mütəxəssisləri, yerli icra hakimiyyəti orqanının nümayəndələrinin iştirakı ilə fərdi yaşayış evlərinə baxış keçirdilər, hətta yarasız vəziyyətə düşən evlərlə bağlı adı çəkilən qurum əməkdaşları tərəfindən akt da tərtib olundu. Tərtib olunan akt əsasında 47 ailəyə digər ərazidə yeni fərdi yaşayış evlərinin tikilməsi və bunun üçün Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin “Azərinşaatlayihə” İnstituna layihə-smeta sənədlərinin hazırlanması barədə göstəriş də verildi.

Qeyd edim ki, torpaq sürüşməsi hadisəsi baş verdikdən sonra, yerli icra hakimiyyəti orqanları nümayəndələrinin iştirakı ilə 47 ailədə yaşayan şəxslərin ümumi siyahısı dəqiqləşdirildi və ailə üzvlərinin sayı barədə toplanmış məlumatlar və s, məhz aidiyyatı üzrə dövlət qurumlarına da təqdim olundu. Layihə-smeta sənədləri hazırlandıqdan sonra fərdi yaşayış evlərinin inşaasına başlanıldı və 2014-cü ildən evlər zərərçəkən ailələrə verilməyə başlanıldı. Tərtib olunmuş siyahıda 7 nəfərdən ibarət ailə üzvlərimiz 46-cı sırada olsaq da, aidiyyatı dövlət qurumları bizə verilməli olan evi hələ də verməyiblər. Bununla bağlı dəfələrlə aidiyyatı dövlət qurumlarına şikayət ərizələri göndərsəm də, üz-üzə qaldığımız problem həll olunmur ki, olunmur. Sonuncu dəfə yazdığım ərizəmə 03 mart 2022-ci il tarixdə Şamaxı RİH Aparatının baş memarı cənab Ceyhun Əbilhəsənovun imzası ilə təsdiq olunmuş Ş-06-461 saylı məktubla cavab verilib. Məktubda qeyd olunur: “Yaşayış evlərinə dəymiş ziyanın aradan qaldırılması məqsədilə həmin tikililərin yenidən tikilməsi, bərpa işlərinin aparılması və evləri qəzalı kimi qiymətləndirilmiş vətəndaşların evlə təmin olunması Fövqəladə Hallar Nazirliyinin səlahiyyətindədir”. Əslində bu cür cavabın verilməsi, Yadigar Rəcəbova qarşı göstərilən sayğısızlıqdır, Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarını zərbə altında qoymaqdır. O halda sual oluna bilər ki, RİH Aparatında baş memar vəzifəsini daşıyan cənab Ceyhun Əbilhəsənov, görəsən Muğanlı kənd sakininə belə bir cavabı nəyə əsaslanaraq verib?

Ümidvarıq ki, Şamaxı rayon İcra Hakimiyyətində vəzifə sahibi olan məsul şəxslər, 2014-cü ildən Muğanlı kənd sakininin üz-üzə qaldığı belə bir problemin həlli yöndə lazımi addımlarını atıb, müvafiq qərarlarını verəcəklər. Bu yöndə araşdırmamız davam edəcək.

P.S. Hörmətli oxucular! Biz belə bir olayla bağlı lazımi araşdırmalarımızı davam etdirib, Muğanlı kənd sakini Yadigar Rəcəbovgilin 7 nəfərdən ibarət ailə üzvlərinin hansı səbəbdən xoşagəlməz süründürməçiliklə üz-üzə qalmalarının əsl mahiyyətini, məhz çox yaxın günlərdə geniş ictimaiyyətin diqqətinə çatdıracağıq. Odur ki, bizi izləməyi unutmayın.


Nyus.Az



Xəbəri paylaş


 
 


Xəbər lenti