Ağstafa Regional Mədəniyyət İdarəsində nələr yaşanır?- İDDİA

 
20-06-2022, 11:43            62 dəfə baxılıb
Bu ayın birinci ongünlüyündə Şəmkir Regional Mədəniyyət İdarəsinin rəisi Azər Rəcəbov, idarənin İnsan resursları şöbəsinin rəisi Ələkbər Əliyev və məsləhətçisi Seymur Səfərov müxtəlif şəxslərin vəzifələrə təyin olunması, habelə idarənin balansında olan klubların ixtisar edilməməsi və s. məqsədilə, son altı ayda 102 min manat rüşvət almaqda şübhəli bilindikləri üçün həbs olundular və barələrində Baş Prokuror Yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsində CM-nin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə, ağır nəticələrə səbəb olduqda), 311.3.1, 311.3.2 və 311.3.3 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrar və külli miqdarda rüşvət alma) maddələri ilə cinayət işi açıldı. Bu haqda Baş Prokurorluğun mətbuat xidməti məlumat da yaydı. Bəli, adı çəkilən bu idarədə belə bir həbs işləri həyata keçirilsə də, deyəsən Ağstafa Regional Mədəniyyət İdarəsinin rəisi cənab Nurəddin Mehtiyev, bu yöndə atılan addımlara məhəl qoymadığından o, hələ də öz ampulasındadır. Yerlərdə dolaşan söz-söhbətlərə görə idarə rəisi vəzifəsini daşıyan bu şəxs, təqribən ayyarım bundan öncə Nazirlikdən verilən tapşırığı əlində əsas tutur və Regionun ştat cədvəlində çalışan hər işçidən 10 AZN məbləğində pul yığdırır. Söylənilənlərə görə, burada başlıca məqsəd “Tərbiyəvi film” göstərmək olsa da, əslində bu yöndə çəkilən xərcləri cənab Nurəddin Mehtiyev işçilərdən toplanan pulların hesabına ödətdirir. Təəssüflər olsun ki, filmin nümayiş etdirilməsi üçün müəyyən məbləğdə vəsait xərclənsə də, “Tərbiyəvi film”də tərbiyəvi amillər deyil, məhz əxlaqımıza zidd amillər nümayiş etdirilir.

Dolaşan söz-söhbətlərin birində də qeyd olunur ki, Ağstafa Regional Mədəniyyət İdarəsinin rəisi Tovuz rayonunda düzənlənən aşıq konsertinə də pul toplatdırır. Bütün bunları əsas tutaraq müəyyən statistik hesablama aparsaq o halda bəlli olar ki, Regional Mədəniyyət İdarəsinin tabeliyində olan Tovuz, Ağstafa və Qazax rayonlarındakı klublarda, mədəniyyət evlərində, kitabxanalarda, musiqi məktəblərində və s. çalışan işçilərin sayı, bəlkə də 1500-2000 nəfərdir. Demək, hər ştatda çalışan şəxsdən müxtəlif adlar adı altında 10 AZN məbləğində pul yığılarsa, toplanan ümumi “haqq-hesab”ın məbləği təqribən 15-20 min manat həndəvərində ola bilər. Demək, cənab Nurəddin Mehtiyevin əldə etdiyi gəlirlər, heç də Şəmkir Regional Mədəniyyət İdarəsinin sabiq rəisi Azər Rəcəbovun əldə etdiyi gəlirlərdən geri qalmır. Bütün bunlar onu söyləməyə əsas verir ki, aidiyyatı dövlət qurumları bu şəxsin də fəaliyyətini diqqətdə saxlamalı, yeri gəldikdə qol qoyulan əməllərlə bağlı lazımi tədbirlərini də görməlidirlər. Yazıda qeyd olunanlarla bağlı qarşı tərəfin də mövqeyini dinləməyə və yayımlamağa hazırıq.

Mövzuya qayıdacağıq.

Nyus.Az



Xəbəri paylaş


 
 


Xəbər lenti