Fəzailin baxça müdirəsi olan qalmaqallı qızı indi də mandat sevdasına düşüb

 
12-08-2024, 12:35            174 dəfə baxılıb
Günay Ağamalıya və atasına xalqın səslərinin onların malı-mülkü olmadığını başa salmaq lazımdır
Milli Məclisə sentyabrın 1-ə təyin edilən növbədənkənar parlament seçkiləri Azərbaycan seçki tarixində görünməmiş ilklərlə yadda qalacaq. Çünki xalqın iradəsini heçə sayanlar parlamentdəki kreslolarını son 20-25 ildə yığdıqları var-dövləti ailə bizneslərinə çevirib öz adlarına özəlləşdirdikləri mülkləri ilə eyni gözdə görürlər. Bu səbəbdəndir ki, qocaldığına görə “ar edən” bir partiya sədri namizəd olmayacağını elan edəndən sonra partiyadan arvadını namizəd göstərir, digər partiya sədri isə özü olmasa da, qızını həmin partiyadan namizəd kimi ortaya çıxarır. Bizim fağır, məzlum xalqımızın təmsilçiləri də bu ikrah doğuran mənzərəni sakitcə seyr edirlər.
AzToday.az bu dəfə sizə Heydər Əliyev hakimiyyətə qayıdan kimi mövqe dəyişdirən və Xalq Cəbhənin şinelindən çıxmış Ana Vətən Partiyasının qurucusu Fəzail Ağamalıyevin qızının namizəd olmasından bəhs edəcək. Onun kimliyindən bəhs etməzdən öncə atası Fəzailin keçmişinə bir-iki cümlə ilə toxunmaq gərəkdir. Parlamentdə məskunlaşdığı 25 il, bəlkə də 30 il ərzində sadəcə digər deputat yoldaşı, hazırda həbsdə olan Hüseyn Abdullayev tərəfindən söyülməsi və döyülməsi ilə yadda qalan Fəzail Ağamalıyev danışanda ağzından hörrə tökülən ən işə yaramaz deputatlardan biri olaraq ad çıxarıb. Bu adam o dövrdən istifadə edib qurduğu partiyada da qeyri-sağlam mühit yaratdığı üçün indiki deputatlığa namizəd Zahid Orucu da oradan didərgin salmış biridir…
Bəs onun özünə varis elan elədiyi qızı Günay Ağamalı kimdir?
Adı mediada “Hunday” markalı maşınından oğurluq edildiyi məsələsi ilə ilk dəfə 2012-ci ildə hallanan Günay Ağamalı atasının mandatdan istifadə edərək qurduğu gün-güzarandan yararlanaraq özünə uşaq baxçası açıb. O vaxt qızının soyulduğunu ictimailəşdirən polis orqanlarına və mediaya sərt çıxan və ailəsi ilə bağlı hadisələrin mətbuatda işqlandırılmasına qarşı olan Fəzail Ağamalı indi nədənsə qızının xalqın deputat olmasına razılıq verib… Bu başqa söhbətin mövzusudur.
Onu da qeyd edək ki, 2021-ci ildə Günay Ağamalı daha bir qalmaqalla gündəmə gəlib. Türkiyə vətəndaşı Abdurrahman Kumaş 7 yaşlı daun sindromlu övladının bağçada xəsarət alması, eyni zamanda vəd edilən dərslərin keçirilmədiyi üçün “Buta” baxçasının müdirəsi Günay Ağamalıdan pulunu istəmiş, razılaşmaya baxmayaraq, pulu qaytarmaq əvəzinə G.Ağamalı polisə müraciət etmişdi. Həmin qalmaqal zamanı Türkiyə vətəndaşı atası Fəzailin mövqeyini də qınamış və baxça müdirəsini isə özbaşınalığa görə ittiham etmişdi: “Günay Ağamalı deputat qızı ola bilər. Amma bu ölkənin qanunları var. Biz qanun çərçivəsində hüquqlarımızı qoruyuruq. Heç kimi şantaj etmirik və belə bir niyyətimiz də yoxdur. Ona görə biz də polisə müraciət etmişik, araşdırıb obyektiv qərar veriləcəyinə inanırıq. Bir məqamı da təəssüflə qeyd etmək istəyirəm ki, Fəzail Ağamalı deputat olmasına baxmayaraq, baş verənlərin təfərrüatlarını bilmədən haqsız fikirlər səsləndirib”. Günay Ağamalının qalmaqallı əməlləri daha çoxdur. Onları saymaq üçün vaxt lazımdır.
Elektron mənbə və media resurslarından əldə etdiymiz digər məlumatlara görə, Günay Ağamalı “Buta” uşaq baxçasına müdirliyi hələ qarət olunduğu dövrdəndir. Amma indi “Buta” adlı QHT yaradıb, fəaliyyətini güncəlləşdirib. Ən maraqlısı isə odur ki, dəxli olmadığı halda “ümumrusiya peşəkar psixoterapiya liqası”nın (???) üzvdür. Bir soruşan da yoxdur ki, Azərbaycanda fəaliyyət göstərə-göstərə ümumrusiya QHT-sində sənin nə işin var?
Keçək Günay Ağamalının siyasi kimliyinə. Siyasi fəaliyyəti atasının partiyasında yüksək vəzifələri qamarlamaqdan başqa bir şeydən ibarət deyil. Çünki partiya sədrinin kommunikasiya və humanitar məsələlər (?) üzrə müşaviri, Qadınlar şurasının sədri, daha nə bilim nələr… Hamısı Ana Vətən Partiyası ilə bağlıdır. Əslində Fəzailin qızını da qınamaq haqsızlıq olar. Siyasi cəhətdən səbatsız olan bir şəxsin yaratdığı partiyada adam varmı ki onlara da nəyisə həvalə edəsən. Zahid Oruc idi, o da parlamentdə ucadan danışa-danışa diqqəti cəlb edib vaxtında canını qurtardı.
Beləliklə, Günay Ağamalı müdirə olaraq çalışdığı və siyasi fəaliyyət göstərdiyi Bakıdan yox, 65 saylı Salyan-Biləsuvar-Neftçala seçki dairəsindən namizəd olub. Yəni bunlar elə bil dairələri də özəlləşdiriblər, atasının seçildiyi dairədən namizəd olmaq istəyir. Halbuki Salyan və digər rayon sakinləri heç onu tanımırlar. Məsələn, Salyan rayonundan olan ziyalılar onu tanımadıqlarını, rayonu təmsil edəcək layiqli namizədə səs verəcəklərini bəyan ediblər.
Bütün yuxarıda qeyd edilnələrdən belə bir nətcəyə gəlmək olur ki, “Günay Ağamalı layihəsi” mandatı öz uşaqlarına şərait yaratmaq üçün istifadə edənlərin zəli kimi millətin dərisindən əl çəkməməsinin təzahürüdür. Milli Məclisdə “kreslo kupçası” aldıqlarını zənn edənlərdən bu milləti xilas etməyin yolu onların varislərinin deputat seçilməsinin qarşısını almaqdır. Bununla onları başa salmaq laızmdır ki, xalqın səsi onların xüsusi mülkiyyəti deyil.

AzToday.az



Xəbəri paylaş


 
 


Xəbər lenti