Turizm Agentliyi daha bir məmurun, Sabiq Abdullayevin şirkəti ilə işbirliyi qurub festifal keçirdi

 
9-09-2024, 12:47            236 dəfə baxılıb
Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi Şamaxı şəhərinin Meysəri kəndində Üzüm və Şərab Festivalının keçirilməsi işlərinin satın alınması üzrə bir mənbədən satınalma metodu ilə keçirdiyi açıq tender müsabiqəsinə yekun vurub və “AQS Group”  Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 578.220,06 manat məbləğində satınalma müqaviləsi bağladığını satınalmaların internet portalında 06.09.2024-cü ildə dərc edib.
Bu məlumatdan göründüyü kimi Dövlət Turizm Agentliyi ilə “AQS Group”  MMC arasında satınalma müqaviləsi 06.09.2024-cü ildə bağlanılıb. Amma “Azərtac” xəbər verir ki, “sentyabrın 7-də Dövlət Turizm Agentliyi və Şamaxı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Şamaxı şəhərinin Meysəri kəndində növbəti Üzüm və Şərab Festivalı təşkil olunub.”
Maraqlıdır satınalma müqaviləsi bağlanıldıqdan bir gün sonra “AQS Group”  bu festifalı necə təşkil edə bilib? Burada stendlərin qurulması və müəyyən işlərin həyata keçirilməsi ən azı bir həftə vaxt tələb edir. Görsənən odur ki, Dövlət Turizm Agentliyi əvvəlcədən işləri “AQS Group”  MMC-yə həvalə edib, sonra isə satınalma müqaviləsi bağlayıb.
Mediada 8 sentyabrda yayılan məlumatlarda bildirilir ki, festivalın açılışında Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov, Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev və digər rəsmi şəxslər, çoxsaylı qonaqlar iştirak edib.
Meysəri kəndində “Şirvan şərabları” MMC-nin üzümçülük və şərabçılıq kompleksinin ərazisində iki gün ərzində təşkil olunan festivalda Azərbaycandan və digər ölkələrdən bir sıra sevilən sənətkarlar, qruplar çıxış edir.
Səhnədə Aygün Kazımova (8 sentyabr), Azad Şabanov (7 sentyabr), Kubadan dəvət olunan müğənni və rəqqasə Edqlis Hayle (7 sentyabr), Elvin Mirzəzadə (8 sentyabr), “Good Girls” qrupu (7 sentyabr), Gürcüstanın məşhur qruplarından Niko’s Band (7 sentyabr), MadTeen & Rəssam (8 sentyabr), Roman&Nirvana Band (8 sentyabr), Şəhriyar İmanov və Teymur Süleymanbəyli dueti (7 sentyabr),festivalın hər iki günündə Dj Amalov çıxış edir.
Apardığımız araşdırmalar zamanı açıq mənbələrdən “AQS Group”  MMC-nin fəaliyyət sferası barədə məlumat tapa bilmədik. Rəsmi, Dövlət Vergi Xidmətinin kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında isə “AQS Group” ( VÖEN 2002652131) Məhdud Məsuliyyətli Cəmiyyətinin 30.05.2013-cü  ildə Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində dövlət qeydiyyatına alındığı bildirilir. Nizamnamə kapitalı cəmi 10 manat olan MMC-nin hüquqi ünvanının   BAKI ŞƏHƏRİ SƏBAİL RAYONU, QÜLLƏ, ev 16, qanuni təmsilçisinin isə Babayev Vüqar Əbdüləli oğlunun olduğu göstərilir. Reyestr məlumatlarına edilmiş dəyişikliklərdə MMC-nin ilk qanuni təmsilçisi və yaxud təsisçisi 2016-cı ilə qədər Abdullayev Sabiq Sabir oğlu olub. MMC-yə Həkimov Fərid Şamil oğlu, Tağıyev Azər Azad oğlu, Səlimzadə Səlim Səttar oğlu müxtəlif vaxtlarda rəhbərlik ediblər.
Açıq mənbələr üzərindən apardığımız araşdırmada məlum oldu ki, “AQS Group”  MMC-nin təsisçisi və ilk qanuni təmsilçisi olmuş Abdullayev Sabiq Sabir oğlu həm də dövlət məmurudur. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən 08 fevral 2017-ci ildə verilən məlumatda Komitə sədrinin əmrinə əsasən Abdullayev Sabiq Sabir oğlunun komitə yanında Dövlət Akkreditasiya Xidmətinin rəisi vəzifəsinə təyin edildiyi bildirilir. Bunadək Sabiq Abdullayev adıçəkilən xidmətdə rəis müavini olub.
Qeyd edək ki, “AQS Group”  MMC bundan əvvəl Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində  “Əsaslı Tikinti və Təchizat” Məhdud Məsuliyyətli Cəmiyyətinin 2024-cü il 7-12 may tarixlərində Şuşa şəhərində “Şuşa-İslam dünyasının mədəniyyət paytaxtı 2024” ilinin açılış mərasimin və İslam Dünyasının Mədəniyyət Forumunun təşkil edilməsi üzrə keçirdiyi tenderin də qalibi olmuşdu və sözügedən cəmiyyətdən 892.670 manat dəyəri olan sifariş almışdı.
Qeyd edək ki, Dövlət Turizm Agentliyi Azərbaycan Respublikası Prezidentinin 20 aprel 2018-ci il tarixli “Mədəniyyət və Turizm sahəsində dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Sərəncamına əsasən Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin əsasında yaradılıb. Ölkə başçısının məlum Sərəncamından cəmi üç gün sonra Fuad Nağıyev Dövlət Turizm Agentliyinin sədri təyin edilib.
Xatırlatmaq istərdik ki, Dövlət Turizm Agentliyi iyun ayında “Caspian Energy Uzbekistan”ın sədri Əliyev Tehran Rizvan oğlunun həmtəsisçisi və dirketoru olduğu “Vitam” MMC ilə Şəki şəhəri “Yuxarı Baş” Dövlət Tarix Memarlıq Qoruğu ərazisində yerləşən Tarix-Diyarşünaslıq Muzeyinin bədii-tərtibat işlərinin satın alınması üzrə 543.187,04 manat məbləğində satınalma müqaviləsi bağlamışdı. Görsənən odur ki, Dövlət Turizm Agentliyi satınalmalarda ancaq dövlət məmurlarına məxsus şirkətlərlə işbirliyi qurur.
 
Aktualinfo.org




Xəbəri paylaş


 
 


Xəbər lenti