Leyla Əliyeva Keniya Prezidenti ilə görüşdü - Fotolar

 
23-12-2024, 12:14            85 dəfə baxılıb
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Nayrobi şəhərində Keniya Prezidenti Uilyam Samoei Ruto ilə görüşüb.
Mediatv.az  xəbər verir ki, Leyla Əliyeva Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını Keniya Prezidentinə çatdırıb.
Görüşdə iki ölkə arasında əlaqələr, o cümlədən Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu ilə müxtəlif sahələrdə əməkdaşlıq imkanları müzakirə olunub.
İkitərəfli əlaqələrin genişləndirilməsinin vacibliyini vurğulayan Leyla Əliyeva Fondun “Afrika ölkələrində təhsil və mədəniyyətin inkişafı” layihəsi çərçivəsində həyata keçiriləcək layihələrin əhəmiyyətini qeyd edib.
Təhsil, səhiyyə, ətraf mühitin qorunması, iqlim dəyişikliyi ilə mübarizə və mədəniyyət sahələrində layihələrin, habelə təhsil üzrə mübadilə proqramlarının həyata keçiriləcəyini, incəsənət nümunələrinin beynəlxalq layihələrdə birgə təqdimatı üzrə əməkdaşlıq ediləcəyini bildirib.
Prezident Ruto ölkəmizin noyabr ayında BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) uğurla ev sahibliyi etdiyini qeyd edib. Azərbaycan və Keniya arasında mövcud dostluq və əməkdaşlıq münasibətlərinin dinamik inkişafından məmnunluğunu ifadə edib.
İqlim fəaliyyəti, enerji, ticarət və sərmayələr, turizm, təhsil və digər sahələr daxil olmaqla, müxtəlif istiqamətlərdə əməkdaşlığı inkişaf etdirmək və tərəfdaşlığı genişləndirmək üçün böyük potensialın olduğunu bildirib. Dövlət səviyyəsində, o cümlədən Heydər Əliyev Fondunun dəstəyi ilə həyata keçirilən təhsil, mədəniyyət, səhiyyə və bu kimi humanitar sahələrdəki layihələrin əlaqələrin inkişafında mühüm rol oynadığını vurğulayıb.
Görüşdə Azərbaycan Prezidenti İlham Əliyevin Keniya Prezidenti Uilyam Samoei Rutoya ölkəmizə səfərə dəvət məktubu təqdim edilib. Prezident Ruto dəvətə görə təşəkkür edib, məmnuniyyətlə qəbul etdiyini bildirib
 








Xəbəri paylaş


 
 


Xəbər lenti