Səhnənin gülüş ustadı 110 yaşında - Nəsibə Zeynalovanın ölməz sənət yolu

 
Bu gün, 14:52           
Bu gün Azərbaycan səhnəsinin və ekran sənətinin unudulmaz simalarından biri, Xalq artisti, gülüşün və incə satiranın əvəzolunmaz ustası Nəsibə Zeynalovanın anadan olmasının 110 ili tamam olur.
Xatırladaq ki, Nəsibə Zeynalova 1916-cı il aprelin 20-də Bakıda dünyaya gəlib. O, Azərbaycan milli realist aktyor məktəbinin banisi olan Cahangir Zeynalovun ailəsində doğulmuşdu. Uşaqlıqdan səhnə mühitində böyüyən Nəsibə xanımın taleyi sanki əvvəlcədən yazılmışdı. 1932-ci ildə Rza Təhmasibin dram dərnəyinə qoşulması onun peşəkar sənət yolunun ilk ciddi addımı oldu. Cəmi iki il sonra, yəni 1934-cü ildə səyyar Kolxoz və Sovxoz Teatrında fəaliyyətə başlayır. Bu teatrlar o dövr üçün təkcə səhnə yox, həm də maarifçilik missiyası daşıyırdı və gənc aktrisanın formalaşmasında mühüm rol oynayır.
1938-ci ildə isə onun taleyində dönüş nöqtəsi baş verdi, yenicə yaradılan Azərbaycan Dövlət Musiqili Komediya Teatrının truppasına birinci dərəcəli aktrisa kimi qəbul edildi. Elə həmin il Bakı Teatr Məktəbinə daxil olan aktrisa peşəkar aktyorluq təhsili alır. O, Aleksandr Tuqanov, Məhərrəm Haşımov və Ağasadıq Gəraybəyli kimi sənətkarların dərslərində yetişir. Təhsil aldığı illərdə artıq dünya klassikasına müraciət edərək Katarina ("Şıltaq qızın yumşalması"), Elvira ("Don Juan"), Yelizaveta ("Mariya Stüart") kimi mürəkkəb rollarda çıxış edir. Bu isə onun yalnız komediya deyil, dramatik potensiala da sahib olduğunu göstərirdi.
 

Nəsibə Zeynalovanın sənət zirvəsi isə məhz milli komediya janrında yaratdığı obrazlarla bağlıdır. Xüsusilə "Qayınana" filmindəki "Cənnət xala" obrazı Azərbaycan tamaşaçısının yaddaşına əbədi həkk olunub.

Onun iştirak etdiyi "Bəyin oğurlanması", "Bizim Cəbiş müəllim", "Böyük dayaq", "Ögey ana", "O qızı tapın" kimi filmlər bu gün də Azərbaycan televiziyalarında ən çox izlənilən ekran əsərləri sırasındadır.
Nəsibə Zeynalovanın istedadı ilə bağlı tez-tez vurğulanan maraqlı məqamlardan biri onun improvizasiya qabiliyyəti idi. Deyilənə görə, o, bəzi səhnələrdə ssenaridən kənara çıxaraq özünəməxsus ifadələr əlavə edir və bu improvizasiyalar sonradan filmin ən yadda qalan hissələrinə çevrilirdi.
Digər diqqətçəkən fakt isə onun səhnə arxasındakı ciddi və intizamlı xarakteri ilə bağlıdır. Tamaşaçı onu şən, zarafatcıl obrazlarda görsə də, həmkarlarının xatirələrinə görə o, son dərəcə tələbkar və məsuliyyətli sənətkar idi.

Bundan başqa, sovet dövründə qadın aktrisaların komediya janrında bu qədər güclü mövqe qazanması nadir hal idi və Nəsibə Zeynalova bu stereotipləri qıran ilk sənətkarlardan biri olub.
Görkəmli sənətkar 10 mart 2004-cü ildə məhz Milli Teatr Günündə Bakıda vəfat edib. O, Fəxri xiyabanda dəfn olunub.
Xalidə Gəray
Musavat.com





Xəbəri paylaş


 
 


Xəbər lenti