“Roza xanımla Əminə xanım kaş sağ olaydılar; o videoları tapıb tələbələrimə göstərəcəm ki..”

 
Bu gün, 11:28           
“Azərbaycan rəqsləri özündə qədim və zəngin tarixi daşıyır. Rəqsin dili yoxdur. Bu hamı tərəfindən başa düşülən beynəlxalq dildir. Amma bu gün elə köhnə rəqslərimiz var ki, unudulmağa doğru gedir. Deyərdim ki, bəziləri ümumiyyətlə unudulub. Gənclər həmin rəqslərə nədənsə müraciət etmirlər”
Bunu Moderator.az-a açıqlamasında Xalq artisti Cəmilə Bayramova deyib.
O daha sonra əlavə edib:
“Unudulmuş rəqslər mütləq bizə lazımdır. Məsələn, “Bala Ceyran”, “Qaragöz” rəqsləri unudulub. “Qaragöz” rəqsini Roza xanım özü oynamışdı, sonra 85 illiyində dedi ki, “istəyirəm bu rəqsi sən oynayasan”. Özü istədi, rəqsi bərpa etdi və mən oynadım. Nə qədər ki, biz varıq cavanlar bizdən istifadə etməlidirlər. Amma biz nə görürük?! Cavanlar yaxınlaşmır, bizdən heç nə soruşmurlar. Vallah, bu yaşımda yenə də deyirəm ki, Əminə xanım, Roza xanım kaş sağ olsaydılar, özüm onların yanına gedərdim ki, mənə köhnə rəslər öyrətsinlər. Elə kimi dindirirsən “Tərəkəmə”, “Naz eləmə” rəqsini bilir. İllər öncə “Bənövşə” rəqsi də var idi. O da itib-batıb. Məndə “Qaragöz” rəqsinin videosu var. Kim istəsə yaxınlaşsın, mən ona öyrədim. O videonu üzə çıxarıb, tələbələrə göstərərəm ki, bizim necə rəqslərimiz olub. Mən hazırda böyük bir layihə üzərində çalışıram. Yaddan çıxan Azərbaycan rəqslərindən 38-ni tapmışam. Bu sırf xanımlara aid olan rəqslərdir. Biz çalışmalıyıq ki, bu rəqsləri tapaq və onları yaşadaq” deyə Xalq artisti bildirib.
Əməkdar artist Xəqani Cəlilov saytımıza açıqlamasında bildirib ki, köhnə rəqslərimiz bu gün kifayət qədər araşdırılmır:
“İllər keçəndən sonra məşhur rəqslərimiz repertuarda qaldı, köhnə rəqslər isə unuduldu. Bu rəqslərimizi təbliğ etmək hər birimizin vəzifəsidir. Bu rəqslərin yenidən yaşadılması üçün onların toplanması, bərpası, gənc nəslə öyrədilməsi və konsert proqramlarına daxil olunması vacibdir. Bir peşəkar rəqqas kimi hesab edirəm ki, bəzi milli rəqslərimizə tədbirlərdə kifayət qədər yer verilmir. Məsələn, ”Çobanlar” rəqsi əvvəlki kimi geniş ifa olunmur. “Qazaxı” rəqsi də həmçinin. Bu rəqsləri yeni quruluşlarda ifa etmək mümkündür. Əsas şərt bunun mahiyyətini, musiqi xüsusiyyətini və milli üslubunu qorumaqdır” deyə sənətkar bildirib.








Xəbəri paylaş


 
 


Xəbər lenti