Pandemiya bitti, quru sərhədlər həsrəti bitmədi – Azərbaycana giriş-çıxış niyə bağlı saxlanır?
20-04-2023, 11:18 107 dəfə baxılıb
Belə görünür ki, gözləntilərin əksinə olaraq, mayın 1-də Azərbaycanın quru sərhədləri açılmayacaq. Bu gün Baş nazir Əli Əsədovun imzaladığı qərara görə, xüsusi karantin rejiminin müddəti iyulun 1-dək uzadılıb. Qərar koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması zərurəti ilə əsaslandırılıb.
Baş nazirin gətirdiyi əsaslar preventiv tədbir kimi qəbul oluna bilər, çünki ölkədə bir ildən çoxdur epidemioloji durum sabit olaraq qalır. Yoluxma sayları yox dərəcədədir, ölüm faktları da nadir hallarda qeydə alınır.
Xatırladaq ki, martın 2-də Bakıda Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə Görüşünə videoformatda qoşulan Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adhanom Qebreyesus “pandemiya bitir, indi hər bir ölkə öz üzərinə düşəni etməli, gələcək pandemiyalara hazırlıqlı olmalı və pandemiyadan sonrakı bərpada iştirak etməlidir”, demişdi. ÜST rəhbərinin bəyanatı, nəhayət, 37 aydan sonra Azərbaycanın quru sərhədlərinin açılacağına ümidlər yaratmışdı. Amma hökumət ölkənin daha 2 ay xüsusi karantin rejimində qalmasını məqsədəuyğun saydı.
Azərbaycanda məhdudiyyətlərin əksəriyyətli mərhələli şəkildə aradan qaldırılıb, quru sərhədlərin bağlı olması istisna olmaqla, vətəndaşları narahat edən qadağa yoxdur. Uzun müddətdir Nazirlər Kabineti yanında Operativ Qərargahın fəaliyyəti dayandırılıb, hər halda mediada bu barədə hər hansı informasiyaya rast gəlinmir. Elə bu səbəbdən Baş nazirin imzaladığı qərarın “xüsusi karantin rejimi” adlandırılması da bir qədər mübahisəlidir.
Ekspert cameəsində quru sərhədlərin 3 ildən artıq müddətdə bağlı qalmasını regionda təhlükəsizlik riskləri ilə əlaqələndirənlər var. Rusiya-Ukrayna müharibəsi, Azərbaycanla Ermənistan arasında bitməyən münaqişə, Bakı-Tehran münasibətlərində hədsiz gərilmə ölkədaxili təhlükəsizlik problemləri yarada bilər. Hökumət də riskləri azaltmaq üçün quru sərhədlərdə giriş-çıxışı məhdudlaşdırıb. Əlbəttə, bu arqumentlərlə razılaşmayanlar da var, onlar hökumətin diqqətini məhdudiyyətlərin yaratdığı problemlərə yönəldirlər.
İqtisadçı deputat Vüqar Bayramov bildirir ki, əksər region ölkələrində, o cümlədən, qardaş Türkiyə və qonşu Gürcüstanda epidemioloji vəziyyət nəzarət ediləcək həddədir. Deputat təklif edir ki, Gürcüstan və Türkiyə ilə mərhələli şəkildə quru sərhədlərin tam açılması ilə bağlı qərar verilsin: “Təbii ki, daha sonra digər qonşu ölkələrdəki epidemioloji vəziyyətə uyğun olaraq həmin ölkələrlə quru sərhədlərin açılması məsələsi müzakirə oluna bilər. Lakin Türkiyə və Gürcüstanla Azərbaycanın strateji əməkdaşlığının olduğunu, yoluxma sayını nəzərə alsaq, hər iki ölkə ilə mərhələli şəkildə daha qısa zamanda quru sərhədlərin açılması məqsədəuyğun olardı”.
İqtisadçı vurğulayır ki, quru sərhədlərin açıq olması iqtisadi baxımdan məqsədə uyğundur: “Çünki bu, turizmə təsir göstərən əsas faktorlardan biridir. Xüsusən nəzərə alsaq ki, Azərbaycana gələn turistlərin təxminən 70 faizi Azərbaycanın quru sərhədi olan ölkələrdən gəlir. Bu, eyni zamanda, Azərbaycan vətəndaşları üçün daha asan qonşu ölkələrə səfər imkanları baxımdan da vacibdir. Ona görə quru sərhədlərin açılması iqtisadi baxımından da əhəmiyyətlidir. 2023-cü ildə regionda və qlobal olaraq epidemioloji vəziyyətin yumşalması Azərbaycanda da quru sərhədlərin açılmasını daha da aktuallaşdırıb”. Sərhədlərin bağlı saxlanılmasından əhaliyə dəyən zərəri azaltmaq üçün tədbirlərin görülməməsi də məyusluq doğurur. Məsələn, ölkəyə giriş-çıxış üçün yeganə nəqliyyat olan aviasiyaya biletlərin qiyməti kəskin şəkildə bahadır. Vətəndaşların ictimailəşən kütləvi narazılıqlarına baxmayaraq, hökumət qiymətlərin aşağı salınmasına cəhd etmədi. Bu paradoksun səbəbi izah edilmir.
Sərhədlərin bağlı qalıması sərhədyanı bölgələrdə yaşayan əhalinin güzəranını xeyli ağırlaşdırıb. Vətəndaşların Rusiya, İran, Türkiyə, Gürcüstanla həyata keçirdiyi fəal ticarət həm gəlir mənbəyi, həm də ucuz qiymətə dolanışıq imkanları demək idi. 3 ildən çoxdur bu imkanı itirən insanlar üçün alternativ mənbələr yaradılmayıb. Üstəlik, onların ölkəyə gətirdiyi ərzaq və gündəlik tələbat malları inhisarçı şirkətlər tərəfindən yüksək qiymətlərə satılır, əhalinin onları almaqdan başqa alternetivi yoxdur.
Sərhədlərin bağlı qalması müharibədən dolayı Rusiyada, Ukraynada gəlirdən məhrum olmuş azərbaycanlıların ölkəyə qayıdışını əngəlləyir. Əlbəttə, nisbətən imkanlı təbəqə təyyarə ilə də olsa öz vətəninə qayıdır. Amma pandemiyanın ilk günlərində onminlərlə azərbaycanlı sərhədlərdə toplanaraq aylarla yolun açılamasını gözlədi və bu fakt həmvətənlərimizin maddi durumundan xəbər verir. Təəccüblü olsa da, hökumət qurumları onların Azərbaycana dönüşündə o qədər də maraqlı olmadığını nümayiş etdirdilər.
Quru sərhədlərin bağlanması hər il yay mövsümündə yerli turistlərin Türkiyə, Gürcüstan, Rusiya və s. ölkələrə istirahətə getməsinin qarşısını alır. Bəzi ekspertlər bunu müsbət hal sayır, ölkədən valyuta çıxışının azalmasını, ölkədəki turistik məkanların rentabelli fəaliyyətini əsas göstərir. Amma paradoks odur ki, müştəri bolluğu Azərbaycanın paytaxtında və bölgələrində istirahət qiymətlərinə müsbət təsir etmir, belə obyektlərdə dincləmək yerli turistlərin əksəriyyəti üçün əlçatan deyil.
Lakin bu məhdudiyyət həm də ölkəyə turist axının kəskin azalmasına, dövlət gəlirlərinin aşağı düşməsinə gətirib çıxarır. Bunu statistik rəqəmlər də göstərir.
Sərhədlərin bağlı qalmasından daha çox əziyyət çəkənlər yaxın qonşu ölkələrlə ailə bağları, qohumluq əlaqələri olan insanlardır. Məlumdur ki, Gürcüstanda, Türkiyədə və Rusiyada yaşayan yüz minlərlə azərbaycanlı bu səbəbdən fəal hərəkətdədir, onlar mütəmadi olaraq Azərbaycana gəlir-gedir, xeyirdə-şərdə iştirak edir, iqtisadi münasibətlər saxlayırlar. Konstitusiyada yazılıb ki, Azərbaycan Respublikası bütün dünyada yaşayan azərbaycanlıların vətənidir. Təəssüf ki, sərhədlərin bağlı saxlanılması yüz minlərlə soydaşımızı vətəndən məhrum edir. Dövlət qurumları çox gec də olsa bu məhdudiyyəti aradan qaldırmalıdırlar. Azərbaycan artıq dünyada pandemiya rejimini qüvədə saxlayan yeganə ölkə olmaqdan imtina etməlidir…
Xəbəri paylaş