“Donetsk və Qarabağdakı separatçılara fərqli münasibətin səbəblərindən biri də islamofobiyadır”

 
8-08-2023, 12:33            177 dəfə baxılıb
“Donetsk və Qarabağdakı separatçılara fərqli münasibətin səbəblərindən biri də islamofobiyadır”.
Bu sözləri açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.
Deputat xatırladıb ki, hər zaman olduğu kimi Ermənistanın TIR şousunda da Qərbin fərqli mövqe nümayiş etdirdiyi müşahidə olunub:
“Təəssüf ki, Qərb eyni qəbildən olan məsələlərə bir ölkədə başqa, digər ölkədə isə tamamilə fərqli münasibət nümayiş etdirir. Bu gün Qərb aşkar şəkildə Ermənistanın TIR şousunu dəstəkləyir. Ayrı-ayrı ölkələrin səfirləri həmin əraziyə gələrək aksiyaya öz dəstəyini ifadə edir. Həmçinin bir sıra ölkələrin liderləri Azərbaycana təzyiq göstərməyə çalışır, beynəlxalq təşkilatlar isə Ermənistanın mövqeyini dəstəkləyirlər. Lakin nədənsə bir müddət bundan əvvəl Ukrayna ilə bağlı məsələdə Qərb Rusiyanın yox, Ukraynanın mövqeyinə öz dəstəyini göstərib. Burada söhbət hər kəsə bəlli olduğu kimi Donetskə aparılan yardımlardan gedir”.
Milli Məclisin üzvü vurğulayıb ki, Donetskə göndəriləcək yardımlarla bağlı xeyli müzakirələr aparılıb və yekun olaraq Qərb dairələri bu məsələdə Ukraynaya öz dəstəyini verərək Rusiyanın bu ərazilərə humanitar yükü yalnız Ukrayna tərəfinin razılığı və qoyduğu şərtlərlə aparılmasını dəstəkləyib:
“Təəssüf ki, hazırda bizim ərazimizə qeyri-qanuni şəkildə aparılması istənilən, içərisində nə olduğunu bilmədiyimiz TIR-ların icazəsiz olaraq Qarabağa keçməsinə ciddi cəhdlə çalışıldığını müşahidə edirik. Eyni situasiyada Ukraynaya fərqli, Azərbaycana tamamilə fərqli mövqe sərgiləyən bəzi dairələr hazırda sözügedən məsələ ilə bağlı da ikili standartlardan çıxış edirlər”.
C.Məmmədov bildirib ki, Prezident İlham Əliyevin də qeyd etdiyi kimi Azərbaycan bu cür ikili standartlara 30 ilə yaxındır məruz qalıb:
“Hansı ki, BMT-nin 4 qətnaməsi düz 30 il kağız üzərində qalıb və bu qətnamələrin icrası ilə bağlı heç bir iş görülməyib. Azərbaycan öz gücü hesabına həmin qətnamələrin icrasını təmin edib. Ona görə Azərbaycan tərəfi sözügedən problemlərlə bağlı məsələləri müzakirə edərkən hər zaman ikili standartlara son qoymaqla bağlı çağırışlar edib. Necə olur ki, Donetskdə olan separatçılarla bağlı başqa, Qarabağdakı separatçılarla bağlı başqa münasibət sərgilənir?! Bunun bir səbəbi də islamofobiya ilə bağlıdır və təbii ki, Azərbaycanın bu cür münasibəti sorğulamağa haqqı var. Beynəlxalq hüquqla təsbit olunub ki, Qarabağ Azərbaycan ərazisidir və burada yaşayan ermənilər münaqişədən əvvəl də olduğu kimi indi də Azərbaycanın üsyankar vətəndaşlarıdır. Hər kəs bilməlidir ki, suveren ərazilərimizə Azərbaycanın icazəsi olmadan heç kim hansısa yük keçirə bilməz”.




Xəbəri paylaş


 
 


Xəbər lenti