İki əsrlik problemi Ordumuz tam bitirdi - Tarixçi

 
29-09-2023, 11:41            84 dəfə baxılıb
 Ermənilərin Azərbaycan ərazisinə köçürülməsi “Gülüstan müqaviləsi” ilə başlayıb. Qarabağın Azərbaycanın ərazisi olduğunu illərdir elmi konfranslarda, araşdırmalarda desək də, sənədlərlə, tarixi mənbələrimiz, hətta ermənilərin özlərinin belə etiraf etdiyi əlyazmaları ortaya qoysaq da, nəticə yox idi. Lakin Azərbaycan Ordusunun 2020-ci ilin sentyabrında başlatdığı, 2023-cü ilin sentyabrında isə tamamladığı mübarizə böyük problemin kökündən həll olunması ilə nəticələndi.
Bu sözləri Kult.az-a açıqlamasında siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Zaur Əliyev Xankəndidəki qondarma qurumun rəsmi olaraq ləğv edilməsi haqda danışarkən deyib.
Tarixçi bildirib ki, ermənilər 1813 və 1828-ci ildən sonra (Türkmənçay müqaviləsi ilə) ərazilərimizə köçürülən zaman azərbaycanlılar etiraz etsə də, böyük dövlətlər işə qarışırdı:
“Onları dəfələrlə torpaqlarımızdan çıxartsaq da, Rusiyanın, İranın, ABŞ-ın köməyi ilə bölgəyə qayıdırdılar. 1905-1906-cı illərdə ermənilərə kifayət qədər güc nümayiş etdirdik, öz torpaqlarımızı qoruduq. Ancaq onlar yenə də geri qayıtdılar. 1918-ci ildə öz müstəqilliyimizi elan etdik, ermənilər Azərbaycan xalqına qarşı soyqırım etdilər. 1919-cu ildə Cümhuriyyət ordusu Qarabağı təmizləyib Zəngəzuru azad etsə də, yenə böyük dövlətlər işə qarışaraq onları geri qaytardılar. Eləcə də rus işğalından sonra sovetlərin, bolşeviklərin və rus qırmızı terrorçuların erməniləri Azərbaycanın ən gözəl yerlərinə yerləşdirib onlara uydurma bir vilayət yaratmasına etiraz etdik. Ancaq nəticə əldə olunmadı. Azərbaycan bu gün 1813-cü ildən bəri mümkünsüz problemi 3 ilə həll edə bildi. 2020-ci ildə torpaqlarımızın böyük hissəsi geri qaytarıldı. 2020-ci ildən 2023-cü ilin sentyabrınadək diplomatik sahədə, danışıqlarda böyük qələbə qazandıq.
Əsl orijinal tarix dünyaya qələbə ilə göstərilib. Hesab edirəm ki, biz buna görə Azərbaycan Ordusuna borcluyuq. Çünki onlar Xürrəmilərin, Atabəylərin, Qaraqoyunluların, Ağqoyunluların, Səfəvilərin, Əfşarların, Qacarların və ümumiyyətlə torpağımızda mövcud olmuş böyük dövlətlərin əsl varisləri olduqlarını dünyaya göstərdilər.
Bundan sonra yazılacaq tarix və baş verəcəklər insanların hadisələrə vaxtında və düzgün yanaşmasından doğan siyasət nəticəsində formalaşacaq”.



Xəbəri paylaş


 
 


Xəbər lenti