“Məhsul” stadionu necə satılıb?

 
12-12-2023, 13:59            288 dəfə baxılıb
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fərid Namazovun sədrliyi ilə Azərbaycan Həmkarlar İttifaqlarının İdman Təşkilatları Assosiasiyasının keçmiş sədri Nadir Əliyev və “Yasamal” idman-sağlamlıq klubunun sabiq direktoru Alik Həsənovun məhkəmə prosesi davam etdirilib.

Bu iş üzrə zərərçəkənlərdən biri vəkili olan Aslan İsmayılov Qaynarinfo-ya bildirib ki, bu gün keçirilən porses Alik Həsənovun dindirilməsi ilə başlayıb.

“O törətdiyi əməlin detalların açıqlayıb. Alik Həsənovun sözlərinə görə, 2015-ci ildə Yasamal rayonunda yerləşən “Məhsul” stadionunun direktoru təyin edilib. Direktor olandan sonra həmin vaxt Azərbaycan Həmkarlar İttifaqlarının İdman Təşkilatları Assosiasiyasının sədri vəzifəsində işləyən Nadir Əliyev vaxtaşırı ona deyirmiş ki, stadiona müştəri tap sataq. Yoxsa kimlərsə bizdən əvvəl stadionu özəlləşdirib satacaq”, deyə Aslan İsmayılov bildirib.

Vəkilin sözlərinə görə, Alik Həsənov deyib ki, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) balansında olan əmlakların bu və ya digər şəkildə satılmasından xəbərdar olub:

“Alik Həsənovun sözlərinə görə, Bakı, Salyan, Quba və digər yerlərdə stadionların və başqa əmlakların satıldığını bildiyi üçün “Məhsul” stadionuna müştəri axtarıb və tapıb. 900 000 manata stadionu iş adamlarına satıb. Pulu isə Nadir Əliyevə verib. Nadir Əliyev də öz növbəsində ərazinin özəlləşidirlməsi üçün sənədləri əmlak komitəsinə göndərib. Lakin bir müddət keçsə də, özəlləşmə baş tutmayıb. İş adamları Alik Həsənovdan pulu geri istəyəndə o, həmin şəxsləri Nadir Əliyevin yanına gətirib. Nadir Əliyev isə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Möhbalıyevi nəzərdə tutaraq “rəhbərlik bu işlə məşğuldur, yaxın vaxtlarda məsələ həll olunacaq” deyib”.

Aslan İsmayılov bildirib ki, Alik Həsənovun ifadəsində bir maraqlı faktı da diqqətə çatdırıb:

“Alik Həsənov dedi ki, Yasamalda şahmat məkətbinin binasını satdılar. Əvəzində başqa bir binanı icarəyə götürdülər”.

Alik Həsənovun dindirilməsindən sonra məhkəmə prosesi təxirə salınıb. Növbəti prosesdə Nadir Əliyevin dindiriləcəyi gözlənilir.

Nadir Əliyev və Alik Həsənova müvafiq olaraq Cinayət Məcəlləsinin 178.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla dələduzluq) və 32.4, 312.1 (rüşvət verməyə təhrik etmə) və 32.4, 312.2-ci (rüşvət verməyə təkrarən təhrik etmə) maddələri ilə cinayət işi başlanılıb.



Xəbəri paylaş


 
 


Xəbər lenti